Fevralın 22-də və 23-də Avstraliyanın tanınmış “ABC Classic” radio kanalı Azərbaycan klassik musiqisinə, xüsusilə muğam və xalq mahnılarına həsr olunmuş geniş proqram yayımlayıb.
Hər biri təqribən bir saat davam edən proqram çərçivəsində aparıcılar Vanessa Hughes və Stefani Kabanyana paytaxt Bakının qədim və müasir memarlıq ənənələri, zəngin tarixi, YUNESKO-nun siyahısına salınmış İçəri Şəhər, Şirvanşahlar Sarayı və Qız Qalası da daxil olmaqla mədəniyyət abidələri, dünyaca məşhur memar Zaha Hadidin layihələndirdiyi Heydər Əliyev Mərkəzi, ölkənin neft və qaz ehtiyatlarını əks etdirən “Alov Qüllələri” göydələnləri və xalça bükümünə bənzəyən Milli Xalça Muzeyi barədə məlumat veriblər.
Ənənəvi milli irsdən və Qərb təsirindən faydalanan klassik Azərbaycan musiqisinin mükəmməlliyi tərənnüm edilərək bəstəkarlar Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev, Cabbar Qaryağdıoğlu, Firəngiz Əlizadə, Xədicə Zeynalovanın bəstə və ifalarından geniş bəhs olunub, musiqi nömrələrinə yer verilib.