Mirzə Ələkbər SABİR
Ax!.. necə kef çəkməli əyyam idi,
Onda ki, övladi-vətən xam idi!
Öz həqi-məşruni bilməzdi el,
Çöhreyi-hürriyətə gülməzdi el,
Gözlərini bir kərə silməzdi el,
Qəztəyə, jurnalə əyilməzdi el,
Daim eşitdikləri övham idi,
Ax!.. necə kef çəkməli əyyam idi!
Ölkədə bunca yox idi eybcu,
Neyləridiksə görünürdü niku,
Xəlqdə didarımızə arizu,
Bizdə var idi nə gözəl abiru,
Hörmətimiz vacibi-islam idi,
Ax!.. necə kef çəkməli əyyam idi!
Millətə çatdıqca qəm, əyyaş idik,
Hakimə yar, amirə qardaş idik,
Qibleyi-taətgəhi-ovbaş idik,
Harda aş olsaydı, ora baş idik,
Hər gecə, hər gün bizə bayram idi,
Ax!.. necə kef çəkməli əyyam idi!
Gərçi riya idi bütün karımız,
Kar ilə bərək idi kirdarımız,
Leyk həman var idi miqdarımız,
Höccət idi hər kəsə gövtarımız,
Xəlqin işi bizlərə ikram idi,
Ax!.. necə kef çəkməli əyyam idi!
Eybimizi çulğalamışdı əba,
Hər nə gəlirdi boşalırdı qaba,
Kim nə qanırdı, – nədi zöhdü riya?
Naxoşa xaki-dərimizdən şəfa,
Söməəmiz kəbeyi-ehram idi,
Ax!.. necə kef çəkməli əyyam idi!
Bizlər idik xəlqin inandıqları,
Piri-hidayət deyə qandıqları,
Nur görürlərdi qarandıqları,
Bizdə idi cümlə qazandıqları,
Kim bize pul vermese bednam idi,
Ax!.. necə kef çəkməli əyyam idi!
Indi adamlar deyəsən cindilər,
Cin nədi, şeytan kimi bidindilər,
Lap bizi ovsarladılar, mindilər,
Ay keçən əyyam, olasan indilər!..
Onda ki, övladi-vətən xam idi!
Ax!.. necə kef çəkməli əyyam idi!