Bəzən düşünürük ki, xoşbəxt olmaqdan ötrü bədəllər ödəməliyik, enişli-yoxuşlu “yollardan” keçməliyik. Həyatımızda elə anlar olur ki, sankı fırtına qopur, hər şey alt-üst olur, çətinliklə qurduğun düzənli həyat dağılır və içindəki xoşbəxtlik hissi itir. Mənəvi və bəzən də fiziki əzablar yaşamalı olursan. Bu hal bəzən saatlar, günlər, aylar, hətta illərlə davam edir. Çoxlarımız nə vaxtsa bu haləti yaşamalı olmuşuq, nə vaxtsa yaşadığımız və sonradan itirdiyimiz xoşbəxtlik üçün göz yaşları axıtmışıq. Bununla da xoşbəxtliyin əksi, antoqonisti olan “bədbəxtlik zolağına” düşürük və bu yolun yolçusu oluruq, üzülürük, sıxılırıq, dünya bizə dar gəlir, dünyaya və insanlara qarşı sevgi hissimizi itiririk. Bu yolda “səfər yoldaşımız” çox vaxtı göz yaşları olur. İnanıram ki, bu hal əbədi ola bilməz. Tanrı insanın fitrətinə xoşbəxtlik, sevgi və sevinc içində yaşamaq proqramını qoyub və bizim fiziki və mənəvi sağlamlığımız bu proqrama bağlıdır. Onda kədərli anlarımızda, “bədbəxtlik zolağına” düşərkən ruhumuzu təbii halına, xoşbəxtlik hissinə necə qaytaraq?
Göz yaşları. Biz ağlayarkən əslində göz yaşlarımız ruhumuzda, hisslərimizdə təmizlik işləri aparır, sonrakı həyatımızda, “xoşbəxtlik proqramına” qayıdarkən gülüşümüzü gözəlləşdirsin deyə. Göz yaşlarının süzülmədiyi gözlər heç vaxt dərindən və gözəl gülə bilməz. Bunun üçün çox şey itirməlisən, ya da itirdiyini düşünməlisən, ancaq zaman sənə əslində heç nə itirmədiyini, əksinə qazandığını sübut edəcək. Yetər ki, bəsirətin ola, gözlərini açıb həyatını, hisslərini, qorxularını, düşüncələrini təhlil edə biləsən, Tanrının sənin üçün düşündüyü planın məqsədini duya biləsən.
Şükür və minnətdarlıq haləti. Həyatımızda yaşadığımız hər şey üçün Tanrıya minnətdar olmalıyıq. Çünki “bədbəxtlik zolağına” düşməyincə sən indiki sən olmazdın. Həyatınızdan çıxarmaqla, kürəyinizdən zərbə vurmaqla xoşbəxtliyinizi əlinizdən alan, hər kəsə təşəkkür etməlisiniz. Çünki onlar istəmədən sizə çox gözəl və anlamlı dərs verdilər, fərqində olmadan belə.
Tanrı bizi bu dünyaya təsadüfən gətirməyib. Dünyada hər kəsin öz missiyası var və o missiyanı şərəflə başa vurmalıdır. Həyat yolunda rastlaşdığımız hər kəs də təsadüfən qarşımıza çıxmır. Həyatınıza daxil olub, o tərk edən insanlar, yaşadığınız sevincli-kədərli hadisələr, bunların hamısı missiyamızın bir hissəsidir: Olmalı idi və oldu. Əsas odur ki, siz bunlara bağlı qalmayaq, bağımızı qırıb irəli addımlayaq. Ən əsası isə nifrət, qisas, kədər və bədbəxtlik kimi rəzil hissləri ruhumuza daxil olmasına yol verməyək.
Həyatımız səhnə, biz isə onun baş qəhramanıyıq. Ətrafımızdakı bütün insanlar, ailə üzvlərimiz belə epizodik rolları ifa edirlər. Ta ki, siz baş rolun özünüz olduğunu anlayana kimi, xoşbəxtliyi başqalarında deyil, özünüzdə axtarana kimi onlar sizin həyatınızın mərkəzində baş rol alacaqlar. Taleyiniz, sonluğunuz, xoşbəxtliyiniz onlardan asılı olacaq.
Xoşbəxtlik təkcə arzumuz deyil, həm də arzularımıza gedən yoldur. Həyatımızın ən ağır, kritik, “qara dillərində” çalındığı anlarında belə xoşbəxtlik hissimizi qoruyub saxlaya bilərik. Bundan ötrü sadə bir həqiqəti yadda saxlamalıyıq: xoşbəxtlik ağır öhtəliklərlə yüklənməməlidir. Həyatının ən çətin, hətta dözülməz anlarında belə qollarını açıb güzgü qarşısında ürəkdən rəqs etməyi bacaran, günəşin qürub etməsindən, dənizin ləpələrinin səsindən, quşların cəh-cəhindən, qaranlıq gecənin ulduzlu səmasından zövq alan, özünü xoşbəxt hiss edən insan İlahi xoşbəxtlik hissinə çatmış, onu dərk etmiş insandır. Bəli, əslində bu qədər sadədir bu qədər öhdəliklərimizlə yükləyib çətinləşdirdiyimiz dünyamız; bu qədər asandır firtətimizə qoyulmuş xoşbəxt hissi itirməməyin yolları. Hərşey beyindən, düşüncədən, hadisələr münasibətdən başlar.
Gəldiyim nəticə odur ki, hər insan xoşbəxtliyin bədəlini öz beyni və ürəyi ilə ünsiyyətə keçməmişdən öncə ödəyir, hər şey ayan olduqda anlayır ki, xoşbəxt olmaq üçün heç bir bədəl, qarşılıq ödəməyə ehtiyac yoxdur. Çünki xoşbəxtlik məhsul deyil, ödənişlə əldə olunsun. Xoşbəxtlik Tanrının bizə olan sevgisi kimidir – qarşılıqsız, sonsuz, hər zaman sizinlə olan. Odur ki, xoşbəxt olmaq üçün heç bir bədəl ödəməyin, göz yaşı tökməyin, heç kimə və heç nəyə bağlı olmayın, heç kimin sizə uyğun bildiyi həyata boyun əyməyin, sonda mükafatım xoşbəxtlikdir. Sizin xoşbəxtliyiniz bir başqası deyil, nə də ondan asılı deyil. Çəkdiyiniz heç bir acıya sadiq qalmayın.
Ey insan övladı, anla ki, xoşbəxtlik sən özünsən, sənin gülüşündür, sənin düşündüklərindir, sənin arzularındır, sənin apardığın mübarizəndir, sənin hisslərindir, sənin varlığındır. Xoşbəxtlik yalnızca keçici bir hiss deyil, bir bütündür, bir bədəndir, bir ruhdur, bir obrazdır. Tanrının sənin daxilinə qoyduğu proqramdır. Xoşbəxtlik sən özünsən!!.