- Dil, Manşet

Aybəniz RƏHİMOVA: “Dövlət dilinə bu cür münasibətə xəyanət kimi baxıram”

Naşir Şahbaz Xuduoğlunun kitab biznesində arzu etdiyi rentabelliliyə nail olmadığı üçün ölkəmizdə Azərbaycan ədəbi dilini türk dili (Türkiyə türkcəsi) ilə əvəz etmək təşəbbüsü (oxu: tənəzzülü – red.) cəmiyyətdə birmənalı hiddət doğurub.  Azərbaycan Milli  Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, dosent  Aybəniz Rəhimova məsələ ilə bağlı “kamilinfo”ya bunları deyib:

Şahbaz Xuduoğlunun dövlət dilinə olan münasibətinə xəyanət kimi baxıram. Azərbaycanlı olmasına şübhə edirəm. Ona görə hələ də öz rəyimi bildirə bilmirdim. Düşünürdüm ki, görəsən, bu kimdir? Azərbaycanlıdırmı? Çox pis…

Mən şəxsən ortaq dilin həmişə əleyhinə olmuşam. Ona qalmış olsa bizim dil türk ləhcələri içərisində ən qədimi və ən əsaslısıdı. Biz niyə imtina etməliyik, onlar imtina edib bizə birləşsinlər. Kökə bağlanarlar, qondarmaya yox. Mən belə anlayıram.

Hərflərimizin dəyişməsinin də həmişə əleyhinə olmuşam, əlifbamıza müdaxiləni klassik irsimizə, kökümüzə olan xəyanət kimi qiymətləndirirəm. Bunu edənlər nəinki dilimizi, heç millətimizi belə sevmirlər. Həmişə qul olmuşuq, amma dilimizi qoruyub saxlamışıq. İndi nə oldu bizə, bu qədər zəiflədik ki, bunu da əldən veririk, kökdən üzülürük?