- Dil

Aygün ƏZİZ. Kəlmə-kəlmə…

Dilimizdə bir çox sözlər, ifadələr var ki, çox adam işlədir. Nə bilim anadan, nənədən, böyüklərdən eşidir, dilinə yapışır və başlayır işlətməyə. Amma mənasını bilmir. Maraqlıdır ki, konteksti bilir, yəni harada, hansı situasiyada, necə işlətməlidir,  amma mənasını bilmir. Mən də elə bu kateqoriyaya daxiləm. Məsələn, belə əndərəbadi söz və ifadələrin bəzilərinə, türklər demiş, göz gəzdirək:

  1. “Mərət qalsın” – bu “mərət” sən demə etimologiyasına görə qədim hind dilinə məxsusdur, müxtəlif formalar əxz edərək sonradan ərəb, rus dillərinə də keçib. Mənası “ölü” deməkdir. Deməli, “mərət/mərətə qalsın” deyəndə biz əslində qarğış edirik: yəni “ölüyə çatsın, heç sən sağ istifadə etməyəsən” mənasına gəlir. Pis ifadədir.
  2. “Matah” – bu, ərəb dilində “məta” sözündən götürülüb mənası “az tapılan, qiymətli, dəyərli” deməkdir. Amma bizdə lağ mənasında işlənir.
  3. “Andır” – bu, ölən şəxsdən sonra qalan mal deməkdir. Əsasən pal-paltar nəzərdə tutulur. Deməli ki, bu da qarğışdır. Yəni nəyəsə eyham edərək “andır/andıra qalsın” deyilirsə, deməli “yiyəsi ölsün” anlamına gəlir.
  4. “Zındıq” – bu, ərəb sözü olub “kafir, Allahsız” deməkdir. Amma bizdə ədəbiyyatda əsasən söyüş kimi işlədilir.
  5. “Vələdüzzina” – ərəbcədən tərcümədə “zinadan doğulmuş övlad” mənasına gəlir, amma dilimizdə, əsasən də ədəbiyyatda formasını və mənasını dəyişərək “vələdızna” olaraq “hiyləgər” anlamında işlədilir.
  6. “Zinhara gəlmək” – “bezmək, canı boğazına yığılmaq” deməkdir.
  7. “Oğraş” – əslində “aradüzəldən, vasitəçi kişi” deməkdir, amma dilimizdə bu, şorgöz olub pozğunluq edən kişilərə verilən ümumi addır. Yəni ki, gerçək etimoloji mənası daha ağırdır və özündə daha çox həqarət ehtiva edir.
  8. “Zəlil” – ərəb dilindən keçmə sözdür və “yazıq, bədbəxt” mənasını verir. Bizdə qarğış kimi “zəlil olsun/olasan” kimi işlədilir, yəni “sənə bədbəxtlik arzulayıram” deməkdir.
  1. “Bahəm” – fars dilindən keçib, “birlikdə” deməkdir. Dilimizdə YALNIZ kiminsə sənə olan xoş arzularına lakonik cavab vermək üçün istifadə olunur. Məsələn: “Bu bayramda sənə xoşbəxtlik, ruzi-bərəkət arzulayıram” filan deyirsən, qarşıdakı da uzun-uzadı nitqdənsə “bahəm” deyir və bayramlaşma bitir.
  2. “Qələt” – ərəb sözü olub “səhv, yanlış, xəta” deməkdir. Amma ki, nə illahdırsa bizdə bunu ağır söyüş kimi qəbul edirlər, buna görə adama bıçaq çəkərlər
  3. “Həngamə” – fars sözü olub “qarışıqlıq, dava” deməkdir.
  4. “Zəqqum” – bu, cəhənnəmdə bitən və meyvəsi cəhənnəm əhlinə yedirdilən ağacdır. “Bundan sonra odabaşı ilə bir yerdə getdik zəqqum ağacının tamaşasına. Zəqqum ağacı cəhənnəmin yeddinci təbəqəsindədir. Onun kökü yetmiş min illik yol uzunluğundadır. Kötüyünün uzunluğu, həmçinin, yetmiş min il yolçaqdır. Onun yetmiş min şaxəsi var. Hər şaxəsində yetmiş min cür meyvələr var ki, hamısı acı, bədbuy və şeytanbaşına oxşayır.” “Xortdanın cəhənnəm məktubları”ndan. Bizdə danışıq dilində “çox acı” mənasında işlədilir.
  5. “Zırpı” – bu, “yekə, iri” deməkdir. Etimologiya lüğətinə istinadən “zorba” sözünün dialektlərdə formasını dəyişmiş şəklidir.
  6. “Bimar” – fars mənşəli söz olub “xəstə, naxoş”, bəzən isə “şikəst” mənasında işlənir. Bizdə danışıq dilində əsasən qarğış edərkən işlənir.
  7. “Müğənni” – ərəb, “xanəndə” isə fars dilindən bizə keçmişdir və mahiyyətcə eyni sözdür. Mahnı oxuyan adam deməkdir. Amma niyə görəsə bizdə yalnız muğam oxuyanlara “xanəndə” deyirlər.
  8. “Tüllab” – ərəb mənşəli söz olub mənası “tələbə” sözünün cəm formasıdır. Köhnə vaxtlarda ruhani məktəblərin tələbələrinə verilən ad idi. Ayrıca olaraq bizdə bu söz yüngül, qeyri-ciddi adamlar, dəmdəməki adamlar haqqında danışanda işlədilir. Məsələn: “Ona baş qoşma, tüllabın biridir.”
  9. “Şoğərib” – xoşagəlməz bir şey haqqında danışanda narazılıq ifadə edən yüngül söyüşdür. Məsələn: “Şoğərib soğan gözümü yaşartdı.”, “Şoğərib o qədər ağırdır, qollarım qırıldı.”
  10. “Zəhrimar” – bu, “zəhr” və “mar” olaraq 2 fars sözündən ibarət mürəkkəb isimdir. “Zəhr” zəhər, “mar” isə ilan mənasındadır. Birlikdə “ilan zəhəri” mənası verir. Həm “çox acı” mənasında, həm də kiməsə “kəs səsini” mənasında nida cümləsi olaraq işlədilir.
  11. “Dəmdəməki” – bu, sözündə, hərəkətlərində məsuliyyət hiss etməyən, yüngül, boş-boş danışan, yelbeyin adamlar haqqında istifadə olunur.
  12. “Qırışmal” – zarafatla söylənən söyüş bildirən sözdür.
  13. “Qağa” – ağa, böyük sözünün formasını dəyişmiş versiyasıdır. Bölgələrdən asılı olaraq böyük qardaşa, ataya, əmiyə, dayıya müraciət zamanı xitab olunur.