- Köşə

Aygün ƏZİZ. Metaforik qətl (məcazi qətl)

Hər yer qana bələnmişdi. Ayaq atmağa yer qalmamışdı. Amma o, heç nəyi vecinə almadan var-gəl edir, qan gölməçəsinin içində nə etdiyinin fərqinə varmağa çalışırdı. Otaq qan çanağına dönmədən öncə gözləri qanla dolmuşdu. Amansız idi. Öz xasiyyətinə bələd idi. Bağışlamağı bacarmırdı. Bağışlaya bilərdi, öldürməzdi, amma onda da yaşamaq ona iztirab verəcəkdi. Özünə əl qaldıracaqdı. Özünə qəsd etməyə cəsarət etmədi. Ona görə də onu öldürmək istədi. Təzəcə itilətdiyi qəssab bıçağını qılınc oynadırcasına hərəkət etdirərək üzünə dirənən, onu rahat buraxmayan, xirtdəyinə çökəndən canını qurtarmaq istəmişdi. Deyəsən alınırdı. İndiyə qədər o, çox doğma idi. Həyatının mənası, yaşayışının vacib parçası idi. Amma ona xoşbəxtlik yox, əzab, qəm, nisgil, giley gətirən bir parçası idi. Daha belə davam etmək olmurdu, olmaz, olmayacaq. Rahat yaşaya bilmir. Ondan əl çəkməyəndən o, özü əlini çəkərək yaşamağı öyrənməli idi ki, xoşbxət ola bilsin. Bu qərarı verməzdən əvvəl çox düşünmüşdü. İradəsi zəif adam hesab edilə bilməzdi. Qətiyyəti istənilən inadı qırıb tökərdi.

Həmin gün səhər ayılanda gözlərinin altı qaralmış, üzü şişmişdi. Ürəyi arabir çırpınırdı. Gerçəkləşdirmək istədiyini yerinə yetirə bilməməyin qorxusu onu psixoloji cəhətdən yorur, mənən əzir, aradabir qolunun qüvvətdən düşəcəyindən, əllərinin titrəməsindən qorxurdu.

Yox! Yox! Geri çəkilmək olmazdı. Bu işin nöqtəsi qoyulmalı, içindəki təlatüm yatmalı, beyni sakitlik tapmalı idi. Əks təqdirdə … yox, özü yaşamalıdır, davam etməlidir, çünki həyat şirindir. Amma onunla – qurtulmaq istədiyi ilə birlikdə qalmaq ağrılıdır, ona görə onunla xudahafizləşmək labüddür. İndiki situasiyada. Bu vəziyyətdə. Bu şərtlər altında başqa seçim qalmayıb. Dilemma qarşısında məğlubiyyət olmaz. Ümumiyyətlə dilemma deyilən şey yoxdur. İki şeydən və ya iki adamdan biri həmişə daha üstün olur, bərabərlik yoxdur burada.

… Yuxudan ayılanda qan gölməçəsi yox idi. Hər yer tərtəmiz idi. Amma köhnə xatirələrlə dolu – şəkillər, məktublar, qurudulmuş güllər, dəftərlər, kitablar olan balaca taxta sandıq balta ilə çapılmış, qırılmış və o ağrı verən, həyatını bozlaşdıran, qaraldan KEÇMİŞ bütünlüklə külə çevrilmişdi.

Qəribə yuxu idi. Gerçəklikdə yandırılmış kağızlardakı “keçmiş” yuxuda “qətlə yetirilmiş” canlı ətli-qanlı varlıq kimi görünmüşdü. Amma əsas odur ki, üstündən yük götürülmüş kimi hiss etdi özünü. Quş kimi pərvazlanıb uçmaq istədi. Daha qəlbindən daş kimi sallanan o keçmişi öz əlləri ilə öldürmüşdü. Peşman deyildi. Ağır olan anlar öz istiliyini itirmiş, soyumuşdu.

Qarşıda yeni həyat planına aparan yolun astanasına çıxdı. Dərindən nəfəs alıb – yandıranda köks ötürsə də – irəli addım atdı. Bilirdi ki, daha elə olmayacaq. O cür də olmayacaq. Çünki əvəzedilməz insan yoxdur, amma … amma yeni gələn o olmayacaq, o, ola bilməz. Yox, bu nədir belə?! Mərhəmət burada işə yaramaz. Ona görə də geriyə yol yoxdur. Geridə qalanların yanında qalsan xoşbəxtliyi dada bilməyəcəksən.

Keçmiş bir buxovdur. Onun zəncirlərini vaxtında qırmasan irəli gedən yollara qədəm basa bilməyəcəksən. Çünki keçmiş səni çəkəcək. Amanın günüdür, dönüb dala baxma. Çünki dönüb dala baxan daş olur. Daş isə çiçək açmır. Keçmiş boyundan asılan daşa bənzəyir. Çəkdikçə aşağı çəkəcək. Amma qalxmağı, pərvazlanmağı, ənginliklərdə quş tək süzməyi öyrənməlidir insan. Qayə bu olacaqsa, xoşbəxtliyin dadının şirin olduğunu hiss edəcək.

Sizi mənən, ruhən didən, yaralayan keçmişi öldürün. İztirab verən keçmişi qəhrəmanımız kimi “qətlə yetirin!” Əks təqdirdə o, gələcəyə gedən qapının üzünüzə açılmasına əngəl olacaq. Keçmiş insanı qara dəliyə doğru dartan cazibə qüvvəsidir. Qara dəlik sizi udmamış onu qapatmağı öyrənmək və işıqlı dünyada parlaq ömür sürməyə davam etmək lazımdır.

ƏKS ARQUMENT: İnsan həmişə keçmişə bağlı qalır. Nə qədər uzaq və nə qədər sürətlə qaçsa da, zəncir də onunla birgə qaçır (Fridrix Nitşe)

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova