- Köşə

Aygün ƏZİZ. Xoşbəxtlik – bəzən əlini uzadıb tuta bilməyəcəyin qədər yaxındır…

Xoşbəxtlik ilkin olaraq aldığımız nəfəsdə, gördüyümüz gözdə, eşitdiyimiz qulaqda, döyünən ürəyimizdə, işləyən əllərimizdə, yeriyən ayaqlarımızdadır…

Xoşbəxtlik sağlam və üzügülər gördüyümüz əzizlərimizdədir…

Xoşbəxtlik təmiz vicdanlı, ləyaqətli, şərəfli, dürüst, mərhəmətli olmaqdadır…

Xoşbəxtlik təbiətin florasında, faunasında, mavi səmasında, lacivərd dənizində, ilıq mehində, ağ bəxt kimi ağappaq qarında, buludlardan süzülən yağış damcılarında, şəfəq saçan qızmar Günəşdə, hilalda, bədirlənmiş Ayda, sayrışan ulduzlarında, əlvan göyqurşağında, zərif çiçəklərin incə ləçəklərindədir…

Xoşbəxtlik yağış suyunu ciyərlərinə çəkmiş torpaqdan, kəsilmiş otlaqdan gələn bihuşedici qoxudadır…

Xoşbəxtlik ürək fatehinin ilıq nəfəsində, titrək toxunuşlarında, sevgi pıçıldayan dodaqlarında, həyəcandan əsən barmaqlarının uclarında, sevgidən yumulan gözlərində, böyüyən bəbəklərində, ballı-nabatlı sözlərindədir…

Xoşbəxtlik intizarlı vüsaldadır…

Xoşbəxtlik əlvan kəpənəklərin uçuşunda, ağacların kölgəsində, quşların pərvazında, pərvanələrin isti yay gecələrində lampanın başına dönməsindədir…

Xoşbəxtlik istidə yanan ciyərin təşnəsini söndürən sərin suda, soyuqda donan vücudunuzu qızdıran qaynar çayda, çayınıza qatdığınız şəkərdə, uzun yol qət edib yediyiniz adi pendir-çörəkdədir…

Xoşbəxtlik hər yerdədir… Bu mücərrəd məfhumun ifadə etdiyi məna bizim özümüzdədir, ürəyimizdədir, beynimizdədir…

Xoşbəxtlik dinlədiyin nəğmənin melodiyasında, oxuduğun kitabın səhifələrindədir…

Eeehhh, özünü bədbəxt hiss etməyə nə var ki?!
Çətini xoşbəxt hiss etməkdir.
Amma bundan asan nə var ki?!

Xoşbəxtlik bəzən də ona uyğun axtardığın qafiyədədir, amma xoşbəxtliyin qafiyəsi yoxdur. O, elə xoşbəxtlikdir. Xoşbəxtliyi tapa bilmək özü böyük xoşbəxtlikdir. O, əlinizi uzadıb tuta bilməyəcəyiniz qədər yaxındadır…

Hamımıza XOŞBƏXTLİK arzu edirəm!