1. Məsəl var, qardaşın necə adamdır, deyir yol yoldaşı olmamışam. Yetənə yetib, yetməyənə daş atan adamların ipinin üstünə odun yığmaq olmaz. Elələri çörəyi dizinin üstündə olan adamlardır. Barmağını bala batır ver, deyəcək acıdır. Çünki zər qədrini zərgər bilər. Əsəbləşəndə su içmək, ya da yüzə qədər saymaq lazımdır. Ağanəzərəm, belə gəzərəm deməklə deyil. Bağdadda kor xəlifə bəlkə olub, amma sən burda o deyilsən! Dilim varsa dilçəyim də var deyən adamlar bilmirlər ki, bəzən dil dinməz qalanda sahibini hörmətli edir. Nə isə deyəndə/edəndə yüz ölçüb bir biçmək lazımdır. Bir də söz ağızdan çıxdısa, sona qədər yiyəsi olmalısan. Lətifəsi yaxşı adamlardan uzaq, amma eşşəyə gücü çatmayıb palan döyən adamlar özləri milçək olmasalar da könül bulandırırlar.
2. Söz sözü gətirər deyib atalar. Sözlə sözü qiymətli də etmək olar, sözlə özünü qiymətsiz də etmək olar. Ucundan tutub ucuzluğa gedən adamdan nə dost olar, nə yoldaş, nə də sirdaş.
Qulağımızda sırğa edib asaq ki, eşşəyə minmək bir ayıbdırsa, düşmək iki ayıbdır. Kiminsə toyuğuna kiş deməzdən qabaq yüz ölçüb bir biçmək lazımdır. Çünki onun yuxuda darı görüb-görməməsindən asılı olmayaraq cücəsini payızda sayarlar.
Bu günün işini sabaha qoymağı atalarımız məsləhət görməsələr də məsləhətli donun hər zaman gen olmayacağını nəzərə alaraq bəzi işləri axşamın xeyrindənsə sabahın şərinə saxlamaq əfzəldir. Çünki tələsən təndirə düşər.
3. “Köhnə palan içi tökmək” deyil fikrim, amma “dəmiri isti-isti döyə” bilmədiyimizə görə “daldan atılan daş həmişə topuğumuza dəyir”. “Sonrakı peşmançılıq fayda verməsə” də “həvəsdir bəsdir” deyib ruhdan düşməməyə çalışırıq. Bu “beşgünlük fani dünyada” “səksən-doxsan bir gün yoxsan” deyə arada sitəm etsək də “vardan ziyan gəlməz” fikri də beynimizdən çıxmır. Heç fikirləşmirik ki, “artıq tamah baş yarar”. Özümüz də “kibrit çöpündən şorba qızdırırıq”. “Pul əl çirkidir” söyləyənlərə “əl əli yuyar, əl də üzü” deyib “qaz vur qazan dolsun, toyuqdan nə fayda” cavabı verdilər. İndi dövr başqadır. “Sən gördüyün ağaclar indi kürəkliyə kəsildi”. “Ağrımayan başına buz bağlama”, onsuz da “öküzün böyüyü töylədədir.” Nə bilmişdin, “qılıncının dalı da kəsir, qabağı da.”
4. Cəmiyyətdəki problemlərə “Məndən keçdi qardaşıma dəydi, elə bildim un çuvalına dəydi” prizmasından baxmaqda davam etsək, qırağa çəkilib sonda görəcəyiki, “İt də getdi, ip də”. “Lələ köçüb, yurdu qalıb” deyib dizlərimizə döyməyək. “Sonrakı peşmançılıq fayda verməz”, çünki “Daldan atılan daş topuğa dəyər”. Əslində “Güc birlikdədir”, axı hamı bilir ki, “Tək əldən səs çıxmaz”. Düzdür, “Aş bişirənə, iş bacarana”dır. Bilirəm, deyəcəksiniz ki, “Uzaqdan baxana döyüş asan gələr”, amma düşünəndəki “Hər qaranlığın bir aydınlığı var”, onda unutmayaq ki, haqq işdə də “Aslanın erkəyi-dişisi olmaz”. “Haqqı nahaqqa verməyək”. Yuxu şirin şeydir, başa düşürəm, amma “Yuxu yuxu gətirər”. Toqqanın altını bərkitməmiş yatmaq isə lap zərərdir. Çünki “Ac toyuq yuxuda darı görər”. Meydan boş olanda da “Armudun yaxşısını meşədə ayı yeyər”. Ayı iştahlı olanları deyirəm.
Dindirəndə əksəriyyətimiz “Sən ağa, mən ağa, inəkləri kim sağa” misalını doğru görsə də “Əl əli yuyar, əl də üzü” deyimini unudublar. “El gözü tərəzidir” deyiblər. Bəs görmürsünüzmü “Ağanın qazandığı var, kasıbın qazandığı tər olar?” Həəə, anladım… “Tərəzinin başı ağır tərəfə meyl eylər.”
Nə isə, adamın ətrafı təmiz olsa yaxşıdır. Özü pinti olsa da olar. Amma təmizlik süpürgə ilə olmaz, toz qaldırar. Hansı dövrdə yaşayırıq bəyəm?! Tozsoran var. Türklərin “elektrik süpürgəsi” dediyi zad. Əsas odur qıraq-bucağımız təmiz olsun. “Təmizlik imandandır”. Nə? İmandan? Nə isə. “Sözün qısası, hörüyün uzunu” deyiblər. Məqamında xətm eləməsək “Acı bağırsaq kimi uzanacaq”. “Ağrımayan başa buz bağlamayaq.” Nöşün? Çünki “Tikan əkən gül dərməz” kimi sadə bir aksioma vaqif olmayan tək-tük adam tapılar.
5. Bəzi cəmiyyətlərdə ağıllı olmaq “ağrımayan başa buz bağlama”qdır. “Sən saydığını say, gör fələk nə sayır.” Gərək “isti aşına su qatma”yasan. “Düşər-düşməzi olar”. Çünki “ağıllı fikirləşincə dəli vurub keçir” deyə çox adam “ağıllı olub dərd çəkincə, dəli olaram qadamı alarlar” deyib “çay gəlməmiş çırmanırlar”. Sonra da “özün etdin özünə, külü səpdin gözünə” misalından nəticə çıxarda bilməyənlərə nə desən də xeyri olmaz. “Bu qulağından alıb o birindən verəcək.” Çünki fikirləşəcək ki, “özgə özgənin namazını dəstəmazsız qılar.” Ara yerdə sən bihörmət olursan. Kiminsə dərdini çəkmək nəyə lazım? “Ərdəbil bir şəhərdir, hər kəs öz vəkili.”
6. “Qonşu aşı dadlı olar.” Mən də “qonşuda bişər, bizə də düşər” deyib qonşuya getdim, sən demə “kabab iyinə gəlmişəm, gördüm eşşək dağlayırlar”. Qonşu məramımı biləndə başını buladı ki, “bilmirsən harada bişib, deyirsən bir çömçə də bura ver.” Barmağımı dişləyib öz-özümə dedim ki, “qonşu qonşu olsa kor qız ərə gedərdi.” Özüm “həmişə qonşunu iki inəkli istəmişəm ki, özüm bir inəkli olum”, amma di gəl ki, “qonşu qonşu olsa idi, bağ çəpəri neylərdi.” Köhnə qonşularla münasibət “qonşu qonşuya baxar, özünü oda yaxar” kimi idi, indi çərxi-fələk elə dönüb ki, “qonşuya ümid olan şamsız qalar.” Borc almaqdan isə söhbət gedə bilməz, çün “qonşu çomağı da qonşuya borcdur.”
7. “Eşşək anqırar, tayını tapar” deməyinə deyiblər, amma axı “Hər anqıranı axura bağlasan buradan İsfahanacan tövlə olar”. Üstəlik də eşşəyin arpasını kitabın arasına töküb versən hamısını olmasa da ən azından “i” və “a” saitlərini öyrətmək olar. Sadəcə ətrafda olanları da nəzərə almaq lazımdır, çox səs-küy eləmək olmaz. Axı “Eşşək anqıranda itin başı ağrıyar”.
Zəhmətkeş heyvandır, belinə nə yükləsən aparandır, ağıldan da kasad deyil, çünki “Eşşək bir dəfə batdığı palçığa bir də batmaz” biz insanlardan fərqli olaraq. Amma mükafatlandırmaqla da bir şey əldə etmək alınmır, ondan ötrü ki, “Eşşəyə qızıl çatmaqla qiyməti artmaz”. Yüz de, bəzi şeyləri qandıra bilmirsən ona. Yemini də artıq etsən özünə ziyan olacaq, niyə? Çünki “Eşşəyin arpası artıq düşəndə yiyəsinə şıllaq atar.”Əzəldən belədir: “Eşşək nə bilir zəfəranplov/zər palan nədir.”
Qışda arpası bitsə, eyb etməz, başını sığallayıb “Ölmə eşşəyim, ölmə, yaz gələr, yonca bitər” deyibən belinə ağırlığından çökdüyü odun şələsini yükləyib yoxuş yuxarı sürürsən… Unutmaq olmaz: “Eşşəyin yükü yüngül olanda oynamağı gələr.” Yazığın gəlməsin, bizləməsən gedən deyil. Gərək şallaqlayasan, çünki “Eşşəyin canı yananda atdan yeyin qaçar.” Əsas odur sahibinin arxasınca deməsinlər ki, əşi “İki eşşəyin arpasını bölə bilmir”, elə “Eşşək gəlib, eşşək də getdi” bu dünyadan.
8. “Ev böyüksüz, məmləkət sahibsiz olmaz” deyiblər. Amma elə isə bu daşlar haradan yağır? Atalar onu da deyiblər ki, “Kiçik daş baş yarar”. Amma belə vəziyyətə öyrəncəli olduğumuz üçün kimsə dillənəndə “Daş atıb başımızı tuturuq” ki, “Şadlığına şitlik eləmə”. Başa düşmək çətin deyil ki, “Kor gözündən qorxar, keçəl başından”, amma “Güvəndiyim dağlara da qar yağır”. Dilləndirirsən, deyir “Nə umursan bacından, bacın ölür acından”. Ara-bərədə qorxa-qorxa danışanların da “Ağzına çullu dovşan sığışmır”. Amma elələrinə güvən olmaz. Dil pərgarları çoxdur. “Dildən gələn əldən gəlsə, hər fəqir padşah olar”. “Sürü qoyun sizdə, satdıq yağ bizdə” düşünənlər unutmasınlar ki, “Qılınc həmin qılınc olsa da, qul həmin qul deyil”. “Həmişə ay bulud altında qalmaz”. Daha nə uzadım. “Haqq sözdən gül iyi gəlir”. Görək də sonda “Ölməz Xədicə, görər nəvə-nəticə” dedirdə biləcəyikmi.