- Dil

Aygün ƏZİZ, Avropa Dillər Günü

Müasir dövrümüzdə təhsilli insanların müxtəlif dillərə maraq göstərməsilə bir neçə dildə sərbəst danışanların sayı getdikcə artmaqdadır. Qloballaşan dünya üçün bu, həyatın bütün sahələrində mühüm amildir. Ətrafımızda, eləcə də dünyada öz ana dilindən başqa ən az bir xarici dildə danışa bilən insanların olması adi hala çevrilmişdir. Çünki elm və texnologiyanın sürətli inkişafı, qabaqcıl dünya ölkələrinə inteqrasiya, təhsilini davam etdirmək üçün xarici ölkələrə olan tələbə axını da müxtəlif dillərin maraq göstərilməsini zəruri edir.

2021-ci ildən bəri 26 sentyabr Avropa Dillər Günü kimi qeyd olunur. Bayramın təsis olunmasının bir neçə zəruri səbəbləri göstərilir:

  • Ölkələrarası əməkdaşlığın genişləndirilməsi
  • Dil rəngarəngliyini qorumaq
  • Dünyada xarici dillərin tədrisinin təşviq olunması və yayılması
  • Mədəniyyətlərarası və dillərarası qarşılıqlı anlaşmanın daha rahat əldə olunması
  • Avropa dillərinin və mədəniyyətinin zənginliyini nümayiş etdirmək və yaymaq
  • Məktəbdən sonra da insanların müxtəlif dilləri öyrənmələrinə marağı artırmaq

Əslində bütün bunlar hamısı özlüyündə çox gözəl ideyalardır. Mübadilə yolu ilə təhsil alan tələbələr, xarici ölkələrə iş dalınca gedənlər, əcnəbilərlə ailə həyatı quranlar, karyeralarını başqa ölkələrdə davam etdirən insanlar xarici dilləri daha rahatlıqla mənimsəyirlər.

Lakin dil öyrənmək hamıya asan yolla başa gəlmir. Sual yaranır ki, niyə bəziləri çox əziyyət çəkmədən müxtəlif dilləri, onların qrammatikasını, fonetikasını mənimsəyir, digərləri isə çətinlik çəkirlər. Bunun səbəbi müəllimlərin iddia etdiyi kimi dil qabiliyyətinin olub-olmamasından asılıdır, yoxsa bu, genetik istedadın var olmasından qaynaqlanır? Görəsən dil öyrənməyin sirri nədədir? Zəhmətdəmi, saatlarla oturub tapşırıqlar etməkdəmi, yoxsa münbit zəmin – əcnəbilərlə əhatələnməkmi? Birmənalı cavab vermək çətindir. Bu, hər kəsə görə fərqlənir. Və hər kəsin də öz üstünlük verdiyi üsullar var.

XVIII-XIX əsrlərdə dünyanın bir çox ölkələrində nüfuzlu və varlı ailələrdə fransız, alman dilli mürəbbi və mürəbbiyələr olurdu. Hətta ölü dil sayılan latın dilini öyrənmək də bir fərz hesab olunurdu. Bu tendensiya o dövrlərin zəngin sərvət sahibi olan maqnatlarınn, bəylərin də ailələrindən yan keçməmişdi.

XXI əsrdə YUNESKO-nun devizi “Bütün ömür boyu dil öyrənək!” olub. Bayramın məhz Avropa dillərinin yayılmasını təşviq etməsi nəzərdə tutulub. Bütünlükdə Avropanın ərazisində 225 avtoxton dil olduğu deyilir ki, bunların da yarıdan çoxu artıq ölü dillər siyahısına daxildir. Elə təkcə Rusiyanın ərazisində 2009-cu ildə YUNESKO 136 dilin yoxa çıxma təhlükəsi altında olduğunu bəyan etmişdi.

Dillərin ölməsinə səbəb daimi baş verən assimilyasiyadır. Amma işlək dillər qloballaşan dünyanın sürətli dəyişməsi sayəsində və müxtəlif sahələrdə – istər tibbi, istərsə də elm və texnologiya sahələrində aparılan və kəşf edilən yeniliklər və daimi inkişaf səbəbilə gündən günə zənginləşir, bir dildən müxtəlif dillərin lüğət tərkibinə saysız-hesabsız sözlər, birləşmələr, terminlər daxil olur. Dillərin bir-birinə inteqrasiyası belə baş verir.

Avropanın dil xəritəsi XX əsrin ikinci yarısından etibarən daha da zənginləşmişdir. İqtisadi və siyasi miqrasiya nəticəsində Avropa ölkələrində müxtəlif xalqlarn dillərində danışan gəlmələrin sayı durmadan artır. Moskva kimi meqapolisdə özbək, tacik, ingilis, Çin, Vyetnam, fransız dillərində danışanların sayı-hesabı bilinmir. Almaniyada türk dili, İsveç və Fransada ərəb dilində danışanlar getdikcə artır. Hal-hazırki statistikaya əsasən Avropada ən çox insanın danışdığı dil rus dilidir. 150 milyon avropalı bu dildə ünsiyyət qurur.

Hal-hazırda Avropa Birliyinin institutlarında 24 dil eynihüquqlu statusa malikdir: ingilis, bolqar, macar, yunan, Danimarka, irland, ispan, italyan, latış, Litva, Malta, alman, Niderland, polyak, portuqal, rumın, slovak, sloven, fin, fransız, xorvat, çex, isveç, eston.

AB-nin rəsmi orqanları tərəfindən qəbul edilən qərarlar yuxarıdakı 24 dilin hamısına tərcümə edilir. AB vətəndaşlarının qeyd olunan istənilən dildə müraciət etmək və o  dildə də cavab almaq hüquqları təmin olunub. Yüksək səviyyəli tədbirlərdə bütün bu dilləri bilən tərcüməçilər iştirak edir.

Nə qədər çox dil bilirsənsə, bir o qədər çox elm qapısı aça bilərsiniz. Çex filosofu, tarixçi, siyasətçi, Çexoslovakiyanın ilk prezidenti Tomaş Masarikin məsələ çevrilmiş bir fikri var: “Nə qədər çox dil bilirsənsə, bir o qədər çox adamsan”. Amma hər kəsin ümdə borcu ilk növbədə öz ana dilini mükəmməl bilməsidir. Əks təqdirdə, nə qədər çox dil bilsən də, yarımçıq adam olaraq qalacaqsan. Başqalarına hörmət özünə hörmətdən doğursa, öz dilini sevmədən də başqa dillərə sevgi göstərə bilməzsən.