- Köşə, Manşet

Aygün ƏZİZ. Bazar lövhələri

Məğribə baxan pəncərəni açanda gözümə maraqlı şeylər sataşdı. Gördüm ki, dostumuz İlon müəllim yenə qan eləyir. Bu oğlan bu boyda Yer kürəsini lap Messi topu çilədən kimi çiləyir. Adam anasının bətninə düşəndə deyəsən qədim dünyada mövcud olmuşlardan tutmuş taki indiki müasir tanrılara qədər hamısının kefinin kök vaxtı imiş. Əlqərəz, bu texnoloji dünyanın peyğəmbəri görün indi nə edib. Aləm dəyib bir-birinə. Deməli, o gün sosial media platformasını satın almaq təklifini təzələdikdən sonra tvit atıb ki, həzərat, bilin və agah olun ki, TWITTER orijinal X.com ideyasını reallaşdırmaq üçün sürətləndiricir. Xub! Bəs bu X.com nəmənə olan şeydir?

Deməli yaxın oturun. Bu “X.hər şey proqramı” (ingiliscə “X.the everything app” adlanır) İlon müəllimin təzə ideyasıdır. Əvvəllər də bir dəfə demişdi ki, içində bütün funksiyaları daşıyan “hamısı birində” super proqram ideyasını həyata keçirmək istəyir. Hətta nəyi necə edəcəyini də açıq bəyan edib. Deyib ki, ya TWITTER-in formatını dəyişib bunu edəcək, ya da sıfırdan belə bir sosial platforma yaradacaq.

Mesajlaşma, zəng, görüntülü zəng, şəkillər paylaşmaq, paylaşımlara rəylərin yazılması və s bu kimi ayrı-ayrı sosial platformaların etdiyinin hamısını indi bir bu proqram təkbaşına əmələ gətirəcək. Qiyamətdir. Deyilmi?

Məğribin pəncərəsindən gördüklərim başımı hərləndirdi. Dedim keçim əks tərəfə görüm bu tərəfdə nələr baş verir. Dəsgah burada imiş ki… Bilsəydim burada belə məzhəkə gedir, nə itim azardı İlonun ağlıma batmayan kafir kəşflərinə baxırdım. Nə isə, gördüklərimi danışım gedim.

Deməli elə Məşriq tərəfə baxan pəncərənin pərdəsini aralayan kimi gördüm kimsə epilepsiya keçirir, arada da azərbaycanca ədəbi dildə danışaraq nəsə deyir. Aparıcı da deyir ki, bəs buna cin girib. Cin ona rahatlıq vermir. Dərhal yadıma hörmətli professorumuz Vasim Məmmədəliyevin müsahibəsində dediyi sözlər düşdü: “İnsanlar cinlərlə evlənərək çoxalıb.” Dedim dadi-bidad, bu ziyanəvər cinlər niyə ancaq Azərbaycanda yazıq camaatın onsuz da 1000 dərdinə 1-i də qoyub 1001 edir.

Bir az sağda bir kişi əmisi oğlu ilə arvadının qoşulub qaçdığını ağlaya-ağlaya camaata danışırdı. Lap yazığım gəldi. Zəlil olsun o arvadı ki, ərini 10 milyonun baxdığı Azərbaycan teleməkanından bütün dünyaya xar elədi.

Ondan bir az o tərəfdə hörmətli deputatımız Siyavuş müəllim həmkarı ilə siyasi (!) debatda göydən paraşütlə düşən hansısa alpinistdən (?) danışırdı. Nə qədər diqqət etdimsə, bir şey anlamadım. Çox qəliz, eyni zamanda müdrik danışırdı. Mənim də siyasi savadım aşağı olduğuna görə heç bir şey qanmadım.

Bir az bu tərəfdə yaxşı konsert gedirdi. “Rəisim” mahnısı sümüklərimi şaqqıldatdı. Arxasınca da dünyada milyonların qulaq asdığı Üzeyirin (Hacıbəylinin YOX!) “Əlvida sevgilim” romansı sarı simimə necə toxundusa, bir də ayıdım ki, göz yaşlarım selə dönüb.

Birdən qulağıma gəldi ki, efirdən jurnalist Sara xanım doğub-töküb, sonra da saxlaya bilməyib küçələrdə dilənən azərbaycanlı xamımlara dəyərli məsləhət verir: “Neynirsiz ac-yalavac Azərbaycan kişilərini, əgər onlar evə bir çörək gətirə bilmirsə. Ondansa bir ərəbə ərə get, elə bilsinlər ərəb şeyxinin arvadısan… ” Nə deyim?! Təcrübə imkan verir məsləhət verməyə. Özündən yaşca böyük olanın məsləhətinə gərək qulaq asasan. Çünki həyatın keşməkeşlərini daha çox görüb.

Məşriq pəncərəsində gördüklərimə elə aludə olmuşdum ki, bir də gördüm gün günortadan keçib. Pəncərəni bağlayıb keçdim içəri. Birdən yadıma düşdü ki, ey dadi-bidad, Məğrib tərəfin pəncərəsi açıq qalıb. Bağlamağa gedəndə sayrışan işıqlardan gözlərim qamaşdı. Nə görsəm yaxşıdır? İlon müəllim öz hava gəmisi ilə Yeri tərk edib başqa planetə köçür. Mən bəxtiqara başım qarışdı gic-gic şeylərə, onun gəmisinə minə bilmədim. Minik dayandırılmışdı. Daha gec idi. Qınamayın. Neyləyim, Vahid Əziz demiş “Daha “yerdə dözmək olmur əzizim”…