Cəmiyyət bütün dövrlərin müzakirə mövzusu olub.
“Bizim əhalinin 90%-i savadlıdır. Radio, televiziya, kino və gündəlik qəzetlərdən hamı azad istifadə edə bilər. Amma kütləvi informasiya vasitələri bizləri keçmişin və müasir dövrün ən yaxşı ədəbi və musiqi əsərləri ilə tanış etmək əvəzinə, adamların beynini bir az mədəni səviyyəsi olanların öz asudə vaxtının hətta ən cüzi bir hissəsini də sərf etməyəcəyi, reklam əlavəsinə bənzəyən, ən aşağı səviyyəli, gerçəklikdən uzaq və sadist təxəyyüllə dolu olan cəfəngiyyatla doldurur” – sitat. Erix Fromm – “Sağlam cəmiyyət”
… və cəfəngiyyatla doldurulan beyin artıq öz funksiyasını düzgün şəkildə yerinə yetirməyi bacarmayacaq. Pis vərdişin sirayətedici xarakteri isə daha çox kütləni hədəf alır, daha çox insan bu mənfur “bayağılıq, düşüklük infeksiyası”na yoluxur. Bunu qoyaq qırağa, ən pisi odur ki, belə kütlə düşdüyü çətin vəziyyətin günahını qaynaqlandığı yerdə axtarmır, o “dərinliy”i görən gözləri bağlanır. Və beləliklə də bütöv bir toplumun məhvi prosesi başlayır.
Tənəzzülə gedən cəmiyyətlərdə dərin düşünməyi bacarmayan və ya bacarsa da istəməyən, işin asanına qaçan insanlar ən güclü günhakarı yox, ən zəif günahkarı tapdalamağa hazırdır. Atalar sözləri ilə deyəndə kobud çıxır, amma hər şeyi öz adı ilə çağırmaq məqbuldur. Yoxsa başağrısı olur. Məlum atalar sözü budur: “Eşşəyə gücü çatmayan palanı döyür”.
Deqradasiya hər dövrdə olub, zatən bunun kökünü birdəfəlik qazımaq qeyri-mümkündür. Amma sivilləşən yüksək cəmiyyətlərdə vəziyyət olduqca qənaətəbxşdir. Nəzərə alsaq ki, ideal cəmiyyət yaratmaq və sağlam ideyalı vətəndaşlar yetişdirmək səfərbər beyinlərin işidir, aşağı səviyyəli, ehkamların qurbanı olan, əzilmiş, səfalətə yuvarladılan, öz haqq və hüquqlarını göz görə-görə tapdaladan, daha yaxşıya can atmayan, əlində olan cüziyə qane olub daha da miskinləşən camaat üçün cəmiyyəti təmizləmək, arınmaq utopik bir ideyaya bənzər şeydir. Yazılacaq, deyiləcək, göstəriləcək… Amma çifayda. Nəticə hasil olmayacaq. Çünki uzun müddət pis şəraitə alışan insanlarla nəyisə dəyişmək, yaxud yeniliklər etmək mümkün deyil. Ona görə ki, onlar daha yorulublar, ağlamalı vəziyyətləri ilə barışıb gülməyə başlayıblar. Özlərindən fərqli birini də görəndə onlar bunu faciə kimi görür, əngəl törədir və hər vəchlə fərqli düşünənləri linç edərək (zatən gücləri buna çatır!) öz gülünc vəziyyətlərinə salırlar. Əllərinə keçməyəni isə daş-qalaq edirlər.
Sağlam olmayan cəmiyyətlərdə istənilən fikri formalaşdırıb həqiqət adına sırımaq asan işdir. Belə cəmiyyətlərdə yaşayan kütlə ona diktə olunan, sırınan fikirləri müzakirə etmək, açıqlamaq, dərinliyinə varmaq qabiliyyətindən məhrum olur. Onları idarə etmək də çox asandır. Hansısa ideologiyalara bağlamaq da. Ayağa qaldərmaq da, oturtmaq da. Onlar barmağın bircə işarəsinə bənd varlıqlardır. Belə toplumlarda əksəriyyətin yanlış düşüncəsi azlığın haqlı düşüncəsini üstələyir, onu haqsız çıxardır, hələ bir öz sıralarından təcrid də edir. Halbuki çoxluğun hansısa bir fikri və ya ideologiyanı dəstəkləməsi, onların haqlı, ədalətli və təqdiredici olması anlamına gəlmir.
Sağlam olmayan cəmiyyətlərdə ən böyük məsuliyyət müəllimlərin öhdəsinə düşür.
Bu, özündə o qədər böyük bir şərəfli yük daşıyır ki, bu işdə nəinki müəllimin özü, habelə müəllimin təmiz və saf qalmasında maraqlı olan cəmiyyət özü birbaşa məsuldur. Cəmiyyətdə gedən tənəzzül bütün sahələrdə xərçəng kimi metastaz verəcək.
Ralf Tayler deyib: “Müəllimlik təkcə peşə deyil. Bu, bəşəriyyətə xidmətdir və onu missiya kimi dəyərləndirmək lazımdır.” Müəllimin işi təkcə sinifə daxil olub kitabda olan mövzunu soyuq şəkildə oxuyub, bir-iki nəfəri ayağa qaldırıb danışdırmaq və qiymət yazmaqdan ibarət deyil. Bu, o qədər yüksək məsuliyyət tələb edir ki, deyrdim ki, bütün peşələrin fövqündə durur. İkinci şərəfli peşə həkimlikdir.
Müəllimin missiyası sağlam cəmiyyət üçün yüksək savadlı fərdlər yetişdirməkdir. Müəllim adını daşıyan şəxsin öz şəxsi keyfiyyətləri yüksək səviyyədə olmalı, bütün gözəl insani keyfiyyətlərə malik olmalıdır. Müəllim məktəbdə şagirdlərin ikinci anası/atası, ali təhsil ocaqlarında isə yaxın dostu olub yol göstərməlidir.
Müəllim adını daşıyan şəxs bütün intriqalardan uzaq olmalı, siyasi oyunlara alət olmamalı, dünyagörüşü geniş olmalı, zərərli fikir və ideologiyalardan uzaq olmalıdır. Amma yanlış hərəkət edən müəllim cəmiyyətin özüdür. Yanlış edən müəllim təkcə özü günahkar deyil. O, yararsız vəziyyətə salınmış cəmiyyətlərdə kütlənin gücsüzlüyünə yenilmiş bir varlıqdır. Kütlə normalda güclü olmalıdır. Amma yanlış meyllərə bulaşdırılmış güclü kütlə əslində ən zəif və qorxunc kütlədir.
Bir misal da çəkərək sözümü yekunlaşdırmaq istəyirəm. Kobud da olsa, kiminsə xoşuna gəlsə də, gəlməsə də deyəcəm: ət qaynayanda üzərinə kəf yığılır. O kəfi vaxtında yığmasan, ətə bulaşır, bulyonunu zay edir və nəticədə dadsız yemək ortaya çıxır. Amma o ərpi qalxan kimi, suyun üzərinə yığılan kimi götürəndə sonda dadlı təam çıxır. Cahil toplum da elədir. Zərərlidir, qorxuncdur, artmağa meyllidir və təəssüf ki, güclüdür. Şərin özü kimi. Dövlətlərin (əgər həqiqətən sivildirsə və gerçək demokratiya altında bərqərardırsa) başlıca məqsədi bu “kəf”i cəmiyyət “qazan”ından vaxtında götürmək olmalıdır. Əks təqdirdə vay bizim xələflərimizə, vay bizim kirlənmiş gələcəyimizə, vay bizim keçmiş Cəlilimizə, Axundovumuza, Hacıbəyovumuza, Haqverdiyevimizə və digərlərinə… Onlar oyadırdılar, xeyli şeylərə də nail oldular… Amma bir əsr sonra yenidən uçuruma düşəcəyimizdən bixəbər məzarlarında yatırlar indi. Bəs bizi yenidən bu uçuruma kim itələyib saldı?!
Tifaqın dağılsın bizi bizdən edən!