- Dil, Manşet

Aygün ƏZİZ. Dil və mentalitet

Dil, onun xüsusiyyəyləri, inkişafı, zənginliyi haqqında danışarkən mentalitet mövzusundan yan keçsək, yanaşmamız, təhlillərimiz sönük görünər. Çünki millətlərin lüğət fondu bu ikisinin qarşılıqlı xüsusiyyətlərindən bəhrələnir. Dil, ümumiyyətlə, mentalitetin göstəricisidir. Yaxud, başqa sözlə desək, mentalitet dildə öz əksini tapır. Mentalitet anlayışı ilk dəfə fransız məktəbinin tarixçiləri M.Blok və L.Fevrin yazılarında xatırlanıb. Onlar bu sözün arxasında dünyanı qavrama və düşüncə səviyyəsini nəzərdə tutmuşdular. Lüğətlərdə verilən mənaları ümimiləşdirsək, mentalitet sözü iki anlamda işlədilir: 1) düşüncə tərzi, əqli bacarıq və mənəvi dəyərlərin məcmusu; 2) millətin psixologiyası.

Göründüyü kimi, mentalitetə əksər insanlar kimi dar çərçivədən yanaşmaq düzgün deyil. Bu, o qədər geniş bir anlam daşıyır ki, iki-üç cümlə ilə ifadə etməklə onun mənasını təhrif etmiş olarıq. Mentalitet bir xalqın keçmişindən müasir dövrə qədər olan əxlaq və düşüncə, adət və ənənələrin formalaşdırdığı müəyyən davranış qaydaları və dünyaya, həyata baxışlarının ümumi toplusudur. Burada millətə xas olan zehin, dünyagörüşü, sosial münasibətlər, mədəniyyət, milli xarakter, qarşılıqlı ünsiyyət əks olunur.

Hər bir millətin öz mentaliteti, milli ruhu, milli təfəkkürü və milli heysiyyəti onun mədəniyyətinə, ədəbiyyatına, tarixinə, ələlxüsus da dilinə və ümumilikdə götürsək, bütövlükdə taleyinə təsir edir. Ətraf mühitdən, içində böyüdüyü sosial qrupdan əxz etdiyi, məxsus olduğu xalqın əsrlərdən bəri qanına hopmuş həyat tərzindən, qavrayışından, taleyindən irəli gələn mental model fərdlərin həm gündəlik yaşayışında, həm də istifadə etdiyi ana dilində özünü büruzə verir. Zaman keçdikcə, xalqın tarixi, mədəni və ədəbi təcrübəsindən asılı olaraq mentalitet onun istifadə etdiyi dilə öz təsirini göstərir.

Dil və mentalitet arasındakı əlaqə nəinki dilçilərin, hətta tarixçi, filosof, psixoloq, antropoloqların da yaxından maraq göstərdiyi mövzu olmaqla müxtəlif vaxtlarda araşdırılmışdır. Koqnitiv prosesləri ifadə etmək üçün biz dildən bir vasitə olaraq istifadə edirik. Axı bildiyiniz kimi, dil daxili dünyamızın – keçmişdən bəri qanımızda, təhtəlşüurumuzda bizə hegemonluq edən düşüncənin – inikasıdır. Dildə olan söz, ifadə, frazeologizm, atalar sözləri və sairin formalaşmasında xalqın çoxəsrlik tarixi, mədəniyyəti, həyat tərzi bilavasitə rol oynayır. Bəzən, başqa dilləri öyrənərkən onlarda işlənən söz birləşmələri və deyimlər bizə qeyri-adi, hətta məzəli və yaxud da həddən artıq sərt görünür. Öz-özümüzə düşünürük ki, axı bu, ağılabatan şey deyil. Amma bu, bizim “ağlımıza batmır”, o xalqın isə birbaşa xarakterini ifadə edir. Qəribə səslənə bilər, amma dil və mentalitet vəhdət təşkil etdiyinə görə bir xalqın dilini öyrənməklə onun şüuruna, mədəniyyətinə, xalq olaraq tarixi çəkisinə müəyyən qədər bələd olmaq mümkündür. Çünki xalqın tarixi onun dilinə, söz yaratma prosesinə təsir edir, bu hal mentalitetə hopur, dil də xalqın sonrakı tarixini formalaşdırır.

Xalqların düşüncə tərzinin xarakterik xüsusiyyətləri haqqında danışarkən onların danışdığı dilin özünəxas özəlliklərinin olduğunu qeyd etmək yerinə düşər. Məsələn, dahi alman filosofu və riyaziyyatçısı dillərin Qotfrid Leybnits dillərin məzmun imkanları barədə elmi-fəlsəfi yazılarında xatırladıb. O deyirdi ki, digər dillərin acığına alman dili real məfhumların ifadəsində olduqca zəngin və mükəmməldir. Əksinə, mücərrəd anlayışların ifadə edilməsində isə alman dili çox uduzur, ən azından fransız, italyan və latın dilinin davamçıları hesab olunan digər dillərdən aşağıda durur.

Nitqdə istifadə olunan sözlərin xüsusiyyətlərinə əsasən bu dildə danışan xalqın milli xarakteri, təfəkkürü, dünyagörüşü haqqında fikir yürütmək mümkündür. Yəni başqa sözlə desək, dil və milli ruh bir-biri ilə sıx əlaqədardır və əsrlər ərzində formalaşır. Boş yerə deyilməyib ki, dil xalqın sərvətidir. Bu sərvət özündə xalqın ta qədimdən tairxən yaşadığı, rastlaşdığı hadisələri, başına gələn müsibətləri, xalqın məişətini, həyat tərzini, adət-ənənələrini özündə saxlamaqla əmələ gəlib və ayrı-ayrı xalqların folklorunu, deyimlərini, zərb-məsəllərini, frazeologizmlərini təhlil edəndə, həqiqətən də, maraqlı bir mənzəsə ilə qarşılaşırıq. Əgər xalqın tarixində müharibələrdə uduzmaq kimi hallar, boyunduruq altında yaşamaq taleyi, məişətində qadına yuxarıdan aşağı baxmaq, özündən kiçiklərə qul kimi yanaşmaq olubsa, bunlar mütləq o xalqların dilində müxtəlif formalar vasitəsilə təzahür edəcək.

Avstriyalı filosof Lüdviq Vitgenşteyn haqlı olaraq belə bir fikir irəli sürür ki, biz dünyanı öz dil sərhədlərimizdən qırağa çıxmadan görürük və düşüncə tərzimiz də bu sərhədlərin içində təzahür edir. Filosofun məşhur bir sözü var: “Dilimizin hüdudları düşüncəmizin hüdudları deməkdir”. Yəni demək istəyir ki, əgər nəyisə sözlə ifadə edə bilmirsənsə, deməli bu, sənin tarixində, mədəniyyətində, şüurunda olmayıb. Məsələn, alman dilində iki sözün birləşməsindən (“schaden” – şər və “freude” – həzz) ibarət olan “schadenfreude” sözü var. Bu, başqasının bədbəxtliyindən həzz almaq mənası verir. Onda sual yaranır: alman dilindəki kimi tək söz ilə ifadə olunan bu hiss başqa xalqlarda, tutaq ki, ingilis, rus, yaxud lap azərbaycanlılara xas bir xüsusiyyət olmadığına görəmi adıçəkilən dillərdə tək ifadə kimi mövcud deyil? Bir az mübahisəli görünə bilər. Başqa misallara nəzər salaq: yapon dilində “wabi-sabi” sözü var. Mənası həyatın çirkinliyi içərisində, naqis, natamam və müvəqqəti olan şeylərdə gözəllik taparaq onu dəyərləndirmək deməkdir. Hansısa başqa bir dildə belə qeyri-adi, eyni zamanda da pozitiv məna yükünə malik bir söz ola biləcəyinə inanmaq çətindir. Çin dilində “yuanfen” sözü var. Bunun da tək sözlə başqa dillərdə ifadəsi alınmır. Mənası iki sevən könülün birləşməsində taleyin rol oynadığına inanmaq deməkdir.

Bəzən müəyyən hadisələr, insanların hissləri və ya həyata baxış nöqteyi-nəzərindən tamamilə fərqli, bir-birindən həm məsafə, həm də mental dəyərlər baxımından uzaq olan xalqların frazeologizm, atalar sözləri və məsəlləri çox oxşar, ya da birəbir eyni olur. Misallara baxaq:

“Gözdən uzaq, könüldən iraq” – Azərbaycan

“С глаз долой, из сердца вон” – rus

“Out of sight, out of mind” – ingilis

“Gözden ırak olan gönülden de ırak olur” – türk

Dörd müxtəlif dildən gətirilən misalların bu dərəcədə eyniliyi könül məsələlərində fərqli xalqların eyni düşüncə, qavrama tərzinə malik olmasını göstərir. Amma bu, həyatın hər sahəsində belə deyil. Sadəcə, görünür ki, qəlb, könül, eşq məsələlərində insanlar dili, dini, irqi, milliyyətindən asılı olmadan eyni hissləri keçirirlər.

Q.P.Fedotov “Milli və ümumbəşəri” əsərində yazırdı: “Dil fikir mübadiləsi üçün vasitə rolunu oynayan sadə bir alət deyil. Dil düşüncənin öz mahiyyətindən ayrılmayan çox incə bir formasıdır. Dil öz mədəniyyətini, daha doğrusu ideal dəyərlərini yaradan xalqın adı deməkdir”.

Azərbaycan xalqının milli-mənəvi dəyərlər toplusunda böyüyə, qocaya hörmət, kiçiyə qayğı ta qədimdən müasir dövrümüzə qədər gücünü itirmədən gəlib çıxmışdır. Ötən əsrlərdə yaşamış dədə-babalarımızdan tutmuş çağdaş dövrün əksər nümayəndələri üçün hələ də tabu olan böyüyün üzünə ağ olmaq, böyük qarşısında həddini bilmək kimi elementlər öz qüvvəsini itirməmişdir. Klassik ədəbiyyatımızdan üzü bəri müasir dövrümüzə gəlib çatan mental dəyərlər toplusundan bəzi misallara baxaq.

Atalar sözləri və məsəlləri önə çəkək:

“Su kiçiyin, yol böyüyündür”

“Böyüyün üzünə ağ olanın gözlərinə qan damar”

“Böyük danışanda kiçik danışmaz”

“Qoca evin sütunudur”

Yaxud ana məhəbbəti, ana müqəddəsliyi, ana fədakarlığı hər millətin mentalitetində bizdəki qədər dərin qəbul edilmir. Xüsusilə kosmik sürət əsrində bir çox dünya xalqlarında bu, bəlkə də, vardısa, artıq tarixin keçmiş səhifələrində qalıb. Amma Azərbaycana xas milli-mənəvi dəyərlərdə bizim üçün öz aktuallığını saxlayır. Bir neçə xalqın ninnilərinə – laylalarına nəzər salaq:

İngilis xalqının laylalarından:

“Now it’s time to say good night — “Gecən xeyrə qalsın” demək vaxtıdır

Good night, sleep tight — Gecən xeyrə qalsın, yuxun möhkəm olsun

Now the sun turns out his light — İndi günəş öz işığını söndürür

Good night, sleep tight — Gecən xeyrə qalsın, yuxun möhkəm olsun

Dream sweet dreams for me — Mənə şirin yuxular

Sweet dreams for you — Sənə şirin yuxular

Close your eyes and I’ll close mine — Gözlərini yum, mən də yumacam

Good night, sleep tight — Gecən xeyrə qalsın, yuxun möhkəm olsun

Now the moon begins to shine — İndi ay işıq saçmağa başlayacaq

Good night, sleep tight — Gecən xeyrə qalsın, yuxun möhkəm olsun.

Rus xalqının laylalarından:

Баю-бай, баю-бай — Bay-bay, bay-bay

И у ночи будет край — Gecənin də sonu olacaq

А покуда детвора — Nə qədər ki, uşaqlar

Спит в кроватках до утра — Səhərəcən çarpayısında yatır

Спит корова, спит бычок — İnək də yatır, öküz də yatır

В огороде спит жучок — Bostanda böcək də yatır

И котенок рядом с кошкой — Balaca pişik də anası ilə yatır

Спит за печкою в лукошке — Ocağın arxasında səbətdə yatır

На лужайке спит трава — Çəməndə ot yatır

На деревьях спит листва — Ağaclarda yarpaqlar yatır.

Bura qədər çox gözəldir. Amma gəlin, Azərbaycan xalqının zamanın süzgəcindən keçib bu günümüzə qədər gələn, müasir ailələrdə laylay oxumaq tendensiyası unudulsa belə, folklorumuzda yaşayan öz laylarımızın mətninə diqqət edək:

Laylay dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində
Şirin yuxu tapasan.

 Bir gül əkdim boyunca,
İyləmədim doyunca,
Ömrüm, günüm, uzansın,
Bu balamın toyunca.

Evində, eşiyində,
Yat, quzum, beşiyində,
Dan ulduzu, bir də mən,
Durmuşuq keşiyində.

A layla, yenə layla,
Can deyim, sənə layla,
Sənə gələn dərd-bəla
Qoy gəlsin mənə layla.

Yuxarıdakı iki layla nümunəsi ilə müqayisədə bizimkinin çox zərif, daha emosional olduğunu görürük. Mətnlərdən ana qəlbinin hərarətini duymaq mümkündür. Onlarda fikir zənginliyi yüksək dərəcədədir. Valideyn hörməti — ana şəfqəti, ata zəhmi bu xalqın mentalitetində hələ də yaşayır, dilində hələ də söylənir.

Unutmaq olmaz ki, mentalitet – sözün lap geniş mənasında götürəndə – köhnə, nimdaş paltar deyil ki, təzəsini alıb, əvvəlkini atasan. Bu, bir xalqın əsrlərin sınağı ilə formalaşmış psixologiya, təfəkkür və dünyagörüşünün vəhdəti olan böyük bir sistem rolunu daşıyır. Bütün bunlar fərdlərin qanında, genində nəsildən nəsilə ötürülərək gəlir. P.A.Florenski əbəs yerə demirdi ki, danışdığı dildən xalqın əqli inkişafının vəziyyəti haqqında öyrənə bilirik.

İstifadə olunmuş mənbələr:

  1. «Менталитет и язык» (Məqalə)
  2. Д.В.Полежаев – «Менталитет и язык: особенности феномена логического взаимодействия» (Məqalə)
  3. Л.Ю.Буянова – «Язык и ментальность: специфика взаимокорреляции» (Məqalə)