- Köşə

Aygün ƏZİZ. Hərflərin məclisi

Bu yaxınlarda əlifbamızın hərfləri əlifba və dil ilə bağlı son zamanlar gündəmi zəbt edən məsələ ilə əlaqədar səsvermədə çoxluq qazanaraq Lüğət Zalında tarixi əhəmiyyətli bir konfrans təşkil etmək üçün yığışdılar. Maraqlı bu idi ki, konfransa vaxtsız və yersiz “işdən çıxarılmış” apostrof da ekspert qismində dəvət olunmuşdu, amma ona əhəmiyyət verən kim idi. “E” həmkarı “Ə” ilə olduğu kimi onun da əlindən yanıqlı idi, çünki çox sözlər vardı ki, vaxtilə apostrof “E” ilə sonrakı hərfin arasına girib dururdu. “E” isə yaman kinli idi. Bunu unutmazdı. Onun nə vecinə ki, apostrof bunu toqquşma olmasın, tələffüz gözəl alınsın deyə edirdi. “E”-yə belə şeylər təfavüt etmirdi.

Nə isə, keçək əsas məsələyə.

Hərflərin Konstitusiyasında “E” və “Ə”nin yanaşı oturması tələb olunurdu. Amma “E” dikbaşlıq edərək, axır vaxtlar “Ə”-yə göstərilən düşmən münasibətdən həvəslənərək onu itələyib sıradan çıxartmağa çalışsa da “H” “hövsələn olsun, yeri deyil” deyib məsləhət verdi.

Konfrans açıq elan edildi və niyə görəsə birinci olaraq söz xaricdən dəvət olunmuş “W” hərfinə verildi. O, Azərbaycan dilində özü ilə başlayan adların “U”, bəsən də “V” ilə yazılmasından şikayətlənərək bizim dilin məhdud imkanlarını gah başıaşağı, gah başıyuxarı tullanaraq dilə gətirdi.

“E” qabaqcadan “A” ilə sövdələşmişdi ki, çıxışı zamanı onu dəstəkləsin və “Ə”-ni psikdirmək üçün ona kömək etsin. Xatırlatmışdı ki, bəs əl əli yuyar, əl də üzü, mən hər yerə özüm getməyəcəm ki, narahat olma, sən kömək elə “Ə”-ni rədd edək, sözləri bölüşdürərik. Türk dilində olduğu kimi. Məsələn, “xəbər”-dəki “X”-nı və “Ə”-ni rədd edək, “H” qardaşımız gəlsin, “H”-dan sonra sənə yer verəcəm, olacaq “haber”. “A”-nın da gözləri işıldamışdı. Demişdi “Ə” qələt edir, arxandayam sənin.

Nə isə, “E” əlini qaldırıb söz istədi. Tribunaya yaxınlaşıb sözə başladı nə başladı:

– Sayğıdeyer hErflEr, biz artıq müasir dünyada yaşayırıq. HEr sahEdE reformlar keçirilir. NEhayEt bizE dE bu günü görmƏk nEsib oldu. Biz bAzI herfler bÖylE qErara gEldik ki, üzdEniraq “Ə” bize lazım deyil. O, köhnElib, üstElik dE dünya Elifbasında da tanınmır. İnternetdE lazımsız bir şeydir. Dünya domenlEri dE onu hErf yerinE qoymur.

“Ə”-ni qəzəb bürüsə də ağlamaq tutmuşdu. O, apostrofun taleyini yaşamaq istəmirdi. Yerindən qalxıb dilləndi:

– Siz necə bir səhvə yol açdığınızı dərk etmirsiniz. Oxşamaq istədiyiniz türk dilində də mən varam əslində. Hərf olaraq çıxardıblar, amma tələffüzdə hətta “E” olan sözlərin belə bəzilərində danışıqda məni səsləndirirlər. Çünki məndən fiziki olaraq imtina etdirsələr də, varlığımı əslində unutdura bilmədilər.

“Ə” elə təzəcə ağzını açmışdı ki, “E” dözməyib tribunadan qışqırdı:

– Əəə, bu cür bağırmaqla heç vaxt qabaqda olmayacaqsan. Bax “əəə” çağırmağımdan başqa “Ə” lazım deyil topluma! Biz “Ə” adlı bir “karakter” tanımırıq. Bunu İYİCE anla.

Bu arada “ı” “X” ilə “İ”-nin arasından sivişib çıxdı və ortalığa düşüb “balaca boyu” ilə söz demək istəsə də “E” və “H” onun üstünə çəmkirdilər:

– Sən hələ get, varsa böyüyün gəlsin. Sənin azərbaycancada zərrə qədər hörmətin yoxdur. Bir söz belə yoxdur ki, özünə layiq bilib səninlə başlasın.

Bu söz bayaqdan sakitcə ayağını düyüb oturan kəkilli “ğ”-nı qəzəbləndirdi. Atmacanln bir ucu da axı ona dəyirdi. Ancaq özünü o yerə qoymadı, istədi Füzilinin qəzəllərindən misal gətirsin, amma fikrini dəyişdi. Ərəb-fars sözlərinə olan kini daha da dərinləşdirmək istəmədi. Həmişə olmasa da hərdən susmağın xeyri var.

Bu zaman sədr Konfransda fasilə elan etdi.

Konfrans səhəri gün gündəlik üzrə nəzərdə tutulan məsələrin müzakirəsi üçün açıq elan edildi.

ardı var…