- Dil

Aygün ƏZİZ. “İ”-nin sərgüzəştləri

Əlifbamızda zaman-zaman laqeydliyə, bəzən də tənqidə məruz qalan hərflər və işarələr məsələsinə toxunmaq istərdim. İndidən qeyd edim ki, yazı yumoristik xarakter daşıyır. Yəni elə də ciddiyə almaq lazım deyil.

Budəfəki “qonağ”ımız “İ” hərfidir.

1.Orfoqrafiya lüğətində gah yapışdırırıq, gah da qoparırıq. Məsələn, bir ara lüğətdə “i”ni pərt edib çıxartdığımız “səbr” sözü vardı. Təkidlə “i”siz yazılmalı olduğu deyilsə də, bu arqumentlə razılaşmayanlar hələ də var. Onlar “səbir” (asqıraq mənasında) ilə “səbr”in (mənəvi dözüm mənasında) ayrı-ayrı sözlər olduğu fikrindən əl çəkmirlər. “Səbr”in səbir kasası daşdığına görə ondan alınmış “i”, nəhayət,  yurduna-yuvasına döndü.

2.Rus dilində “расставить все точки над “и”” ifadəsi var ki, bunun da mənası dəqiqləşdirmək, çözmək deməkdir. Əslində idiom rus dilinə fransız dilindən keçib, amma köhnə rus əlifbasında “i” hərfi olduğuna görə rahatlıqla qəbul ediblər. İndiki kiril alternativində nöqtə olmasa da, idiom arxaikləşməyib.

3.Təkcə Şərq mənbələrində deyil, eyni zamanda, əvvəlki rus arxivlərində də İrəvan şəhərinin lap əvvəllər düzənlik sahədə yerləşdiyinə görə Rəvan adlandırıldığı haqda məlumat var. Deyilənə görə, həmin ərazi camaatı bir çox sözlərin əvvəlinə “i” artırdığı üçün bu yerin adı da dönüb “İrəvan” olub. Məsələn, camaat Rzanı İrza, rəhmi irəhm, stəkanı istəkan və sair dəyişdiyi kimi, ağızdan ağıza, dildən dilə düşərək bu yer adı da İrəvana çevrilib. Lakin qonşuluqdan əskik olsun dediklərimiz bu yerin adı türk sözünə bənzəməsin deyə onu “Yerevan”a çeviriblər.

Haşiyə: aşiqini gözlətmək istəməyən qızın qoşduğu məşhur mahnıda da “i” hərfinin “sırtıqlığını” görürük.

“De, gülüm gəlsin, ay nənə,
De, yarım gəlsin, ay nənə,
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə”

Hələ şirinçay edib içən də “istəkana qənd salmışam” deyib “i”yə qonaqpərvər münasibət göstərərək xalq mahnısının yaranmasına səbəb olub.

4. Deyirlər “i” “böyüyü olmayan” “ı” hərfinə baxıb deyib ki, sənin başın qaçıb, deyəsən…

P.S. Tezliklə daim haqqı pozulan “Ə” və “X”dan və bir də didərgin düşmüş apostrofdan söz açacam.