- Köşə

Aygün ƏZİZ. Od Çərşənbəsi haqqında qeydlər

Əvvəla, Od Çərşənbəniz mübarək olsun! Ocağınızın odu hər zaman yanar olsun! Ocağınızdan ehtiyacı olanlar da isinsin, evinə od aparsın, ocağını qalasın, ocağında qarnını diyuracaq qədər təamı olsun!

Bu gün Od Çərşənbəsidir. Biz də oddan danışaq.

Od dünyanın bir çox dinlərində və mədəniyyətində əhəmiyyətli yer tutur. Odla bağlı bir çox ayinlərin dini və mədəni aspektdən kökü ta qədimlərə gedib çıxır. Müqəddəs mərasimlərdə ilahi bağ yaratmaq məqsədilə odla bağlı qədim dövrlərdən müasir günümüzə gəlib çıxmış ayinlər icra edilir.

Odla bağlı ayinlərə ən çox amerikalılarda rast gəlinir. Yəni yazın gəlişindən qabaqkı dörd çərşənbədə və Novruz bayramı günü tonqal qalamaq təkcə bizim mədəniyyətimizə xas xüsusiyyət deyil. Bu və buna bənzərləri bir çox xalqların din və mədəniyyətində təzahür edir.

Bəs oda olan münasibət haradan gəlir, o, nəyin simvoludur?

Qədim yunan fəlsəfə və elmində od dörd klassik ünsürdən biridir. Yunan əsatirinə görə odu tanrılardan oğurlayan Prometey bu hərəkəti ilə köməksiz insanlara yardım etmək istəmişdisə də, bu xeyirxahlığı onun cəzalanmasına səbəb olmuşdu.

Oddan bəzi xalqlarda həyat üçün vacib və xeyirli hesab olunsa da, bəzilərində, məsələn, Qərb mədəniyyətində ona dağıdıcı bir qüvvə kimi yanaşılır.

Bizim üçün od həyatı simvolizə edir: ayazda-şaxtada istisinə qızınırıq, ərzağımızı bişiririk. Od həm də təhlükəlidir. Yanlış davranış böyük xəsarətlərə yol açar. Deməli, odun da dilini bilmək lazımıdr. Əks halda odun dilləri yandırar-yaxar…

Od zərdüştilikdə ən mühüm ünsürlərdən biridir. Zərdüştilər onu həm də saflıq və ilhahi simvol kimi görürdülər.

Aristotel od haqqında yazırdı: “Od qızmar və quru olduğu kimi Hava da qızmar və yaşdır. Su soyuq və yaş olduğu kimi Torpaq da soyuq və qurudur.”

Bəzi antropoloqların fikrincə ilk dəfə od iki milyon il əvvəl yaranıb. Qədimlərdə insanlar ovçuluq edərkən odunu bərkitmək və odundan düzəldikləri ov silahının bərkiməsi üçün oddan istifadə etmişlər.

“Od” deyəndə ağlımıza o qədər maraqlı ifadələr, nəğmələr, deyimlər, əfsanələr, nağıllar düşür.

Atalarımızın oda münasibətindən məsəllər yaranıb:

Od düşdüyü yeri yandırar.

Od hər yana düşsə, özünə yer açar.

Oddan kül törər, küldən nə törər?

Oddan, sudan yenə qar amannıdı.

Odla pambığın nə aşnalığı?!

Odu söndürüb külü ilə oynamazlar.

Od olmayan yerdən tüstü çıxmaz.

Başqa xalqların – Afrika, Çin müdriklərinin də oda yanaşması, od haqqında fikirləri maraqlıdır:

Pis vərdiş odla oynamaq kimidir. Mütləq özünü yandıracaqsan.

Həqiqət alovun içindən keçər, amma yanmaz.

Odla döyüşmək istəyirsənsə, quru otdan paltar geyinmə.

Ürəkdəki alovun tüstüsü başa çıxar.

Odla döyüşə odla getməlisən.

Qızılı odla, adamı qızılla sınayarlar.

Odu kağıza bükə bilməzsən.

Fransızlar “bir əlində od, bir əlində su daşıyır” deyirlər. “Eşqə düşən oduna da dözər” fikri də fransızlara məxsusdur. Almanlar “od istəyirsənsə, onu külün içində axtar” söyləyiblər. “Od arını da yuvasından çıxardar” italyan ataların sözüdür. Osetinlər “od ağıllı üçün hərarətdir, axmaq üçün – yanğın” deyiblər.

Ən qeyri-adi və odun bütün xarakterini açan isə Əbu Turxandır: “Odu sevənlər müxtəlif olur: kimi istisinə, kimi tüstüsünə, kimi işığına görə; kimi öz “canını oda yaxmaq” üçün, kimi başqalarını yandırmaq üçün”.

Ocağımızda odumuz elə yansın ki, “qızınmadıq istisinə, kor olduq tüstüsünə” deməyək!

Amma bu məqamda məhəbbət oduna yananların zümzüməsi gəlir qulağıma:

“Yadına sal o günləri,

Oduna yanan mən olmuşam.

Həsrətini çox çəkmişəm,

Sənsiz darıxan mən olmuşam.”

Xoş nəfəsi, ilıq mehi, həyat dolu yaşıllığı, rayihəli gül-çiçəkləri, mavi, aydın səması ilə elimizə yaxınlaşan bu Bahar təravətli günlərdə sizə özümə dilədiyim bütün xoş arzularımı çatdırıram!

Odlar yurdumuzun Od Çərşənbəsi mübarək olsun! Ocağınızdan od əskik olmasın! İşıqlarınız gur yansın! Tonqallarınız ağırlıq-uğurluğunuzu dillərində əritsin!