Çox şikayət etmək qarşıdakını usandırır. Məcbur olur özünü eşidirmiş kimi göstərib, amma qulaqlarını bağlasın. Kim dır-dır eşitməyi xoşlayır axı?! Camaat dır-dır üstündə arvadını təpiyin altına salır, günlərlə üzünə baxmır, hətta dır-dır dayanmayanda boşayır da.
Dır-dıra görə qardaş qardaşdan küsür. Kürəkən qaynananı yeddi qardaş ilana oxşadır. Qaynana gəlinin gününü göy əskiyə bükür.
Dır-dır üstündə rəfiqələr küsüşür, biri o birindən bezərək başqasına onun qeybətini edir.
Bu misallar hamısı məişət zəminində olanlardır. Bəs daha qlobal şikayətlər? Onlara da nəzər salaq:
Axı nə olsun ki, siqaretlərin qiyməti qalxır? Siqaret cana ziyandır. Ona görə qaldırırlar ki, camaat ala bilməyib yavaş-yavaş tərgitsin. Qardaş qardaşa, ata balaya belə məsləhət vermir heç.
Axı nə olsun ki, quru sərhədləri açılmır? Nəyinizə lazımdır? Gedib yollarda min cür xəstəliklərə düçar olub gəlmək istəyirsiniz? Çox istəyən uçan xalça ilə, eehhh, yox ey, təyyarə ilə gedə bilər. Komfort öz yerində, səliqə-səhman öz yerində, AZAL-ın mil proqramı da lap yerinə düşür. AZAL ilə uçmaq bir ayrı ləzzətdir.
Axı nə olsun ki, qazın qiyməti yüksəkdir. Bilirsinizmi, bu gün dünya miqyasında qazın qiymətinə baxsaq, görərik ki, bizdə qiymət heç nədir. Xörək bişdi, söndürün getsin də.
Axı nə olsun ki, pensiya məbləği aşağıdır? Bu pensionerin oğlu-qızı yoxdurmu ki, ata-anasına baxsın?
Axı nə olsun uşaq pulu verilmir? Dünya praktikasında uşaq pulu uşağı olmayan ailələrə verilir. Bilirdiniz bunu?
Axı nə olsun ki, arada hansısa işin düzəlməsi üçün kiməsə rüşvət verirsiniz? Məgər Amerikada hər şey “yağ kimidir?”. Elədirsə, onda niyə Amerikada, Fransada korrupsiyaya qarşı mübarizə idarəsi var? Yağ kimidirsə, niyə var? Rüşvət alan da maaşa baxır, çatdırmır axı. Verin, o da dolansın da.
Axı nə olsun ki, benzinin qiyməti son iki ildə fantastik dərəcədə qalxıb? O qədər maşın var ki, onlardan çıxan doymuş qazlar (Doymuş? Doymamış bəlkə?). Orasını dəqiq “tutdura” bilmədim atmosferə ziyan vurur, ozon qatında dəlik əmələ gətirir, yollarda tıxac yaranır. Hələ üstünə benzin töküb özünü yandıranları demirəm. Bəlkə onların sayı azalar.
Nə isə, boş-boş işlərlə məşğul olmaq insana fayda gətirməz. … bayramınız da mübarək olsun, hamınıza can sağlığı, dözüm – dözüm yox, tolerantlıq (müasir terminlərlə danışaq), xoşbəxtllik arzulayıram. Rus dilində bir ifadə var: рай в шалаше. Ondan arzulayıram. Mehriban olun! Fitnə-fəsada uymaq ziyan gətirər.
Bayramı elə bil səhv dedim. Bu ay bayram varmı? Əşi, dəliyə hər gün bayramdır. Çox da dərinə getməyin.
P.S. Nəsə deyəcəkdim, fikirləşdim bəsdir…