(Somerset Moemin qeydlərindən)
Valter Skott nəşriyyatının çap etdiyi mavi cildli “Anna Karenina”nı çox gənc yaşlarımda – özüm hələ qələmə sarılmazdan çox-çox əvvəl oxumuşdum. Amma dumanlı şəkildə xatırlayırdım və çox sonralar onu yenidən, ancaq bu dəfə bədii əsər kimi yazıçı nöqteyi-nəzərindən mütaliə edəndə, roman mənə güclü və qəribə göründü, amma eyni zamanda da çətin və quru gəldi.
Sonra fransız dilində “Atalar və oğullar”ı oxudum. Bu əsəri lazımınca dəyərləndirmək üçün mənim Rusiya haqqında təsəvvürlərim sıfıra yaxın idi: qəribə adlar, xarakterlərin özünəməxsusluğu romantik bir aura yaradırdı, lakin mənə görə həmin dövrün fransız ədəbiyyatı kimi bir-birinə oxşar romanlar idi və mənim üçün azacıq belə əhəmiyyət kəsb etmirdi.
Sonralar mən rus ədəbiyyatı ilə dərindən maraqlananda, Turgenevin başqa əsərlərini də oxudum. Onlar məndə heç bir hiss oyatmadı. Oradakı idealizmdən mənim kriteriyalarıma görə həddən artıq sentimentallıq yağırdı və tərcümədə rusların dəyər verdiyi davranış və üslub gözəlliyini görə bilmədiyim üçün heç tüküm də tərpənmədi.
Amma Dostoyevskiyə çatanda (onun “Cinayət və cəza” romanını almanca oxumuşdum), əsrarəngiz hisslər məni çulğadı. Emosiyaların ağuşunda çırpınırdım. Bax, burada məni məndən alan nəsə vardı. Ona görə də bu nəhəng rus yazıçısının digər möhtəşəm romanlarını da dalbadal oxuub qurtardım.
Axırda Çexovu və Qorkini də mütaliə etdim.
Qorki xoşuma gəlmədi. Mövzusu maraqoyadan olsa da mənə yad idi, istedadı da orta səviyyədən yuxarı qalxmayıb. Əhalinin aşağı təbəqəsinin həyat şəraitindən yazdığına görə kifayət qədər oxunaqlı olsa da, Petrogradın yoxsullar məhəlləsinin təsvirində marağım çox tez öldü. Xatirələrini danışdığı, ya da filosofluq etdiyini görəndə, Qorkinin nə qədər banal olduğunu qət etdim. Onun istedadı gəldiyi mühitdən qaynaqlanırdı. Proletariatdan proletariat kimi yazırdı, bu isə burjua olub proletariatdan yazan yazıçılardan onu fərqləndirirdi.
Çexovun isə, Qorkidən fərqli olaraq, ruhu mənə çox uyğun gəldi. Bax burada Dostoyevskidəki kimi insanı heyrətləndirən, ruhlandıran, dəhşətə salan, çaşqınlıq yaradan dağıdıcı güclə qarşılaşmadım, əksinə, oxucunun rahatlıqla ünsiyyət qura biləcəyi tam gerçək obrazlarla rastlaşdım. Məhz belə bir yazıçıdan Rusiyanın məhrəm sirrlərini öyrənə biləcəyimi hiss etdim. O, çoxşaxəli idi, həyat barədə təsəvvürləri də konkret ifadə olunurdu.
Çexovu Gi de Mopassanla müqayisə ediblər, amma adama elə gəlir ki, sanki bu müqayisəni onların ikisinin də yaradıcılığından bixəbər biri aparıb. Gi de Mopassan ağıllı hekayə ustasıdır. Hər bir yazıçını mühakimə etmək olar, amma bu məsələnin real həyata aidiyyatı yoxdur. Ən yaxşı hekayələrini oxuduqca, səni maraq bürüyür, ancaq oxuduqca məlum olur ki, insanı düşündürməyəcək qədər sünidirlər. Onun qəhrəmanları səhnədəki fiqurlardır və onların faciəsi real insanlardan daha çox teatr kuklaları kimi davrandıqları üçün mövcuddur. Bu obrazların dünyagörüşü dar və bayağıdır. Gi de Mopassanda səyyar satıcı toxluğu var. Onun gözyaşlarından da, gülüşündən də pullu alverçilərin gecələdiyi əyalət hotelinin otaqlarının qoxusu gəlir. O ki, müsyö Omenin oğludur![1]
Amma Çexovda başqa cürdür. Sanki heç hekayə oxumursan. Onlarda aşkar zəka seçilmir və düşünə bilərsən ki, hər kəs bu cür yaza bilər, ancaq məsələ ondadır ki, heç kim elə yaza bilmir. Müəllifdə emosiya var və o, öz emosiyasını elə tərzdə sözə çevirir ki, siz bunu rahat qəbul edirsiniz. Mütaliə etdikcə onunla həmmüəllif kimi olursunuz. Çexovun hekayələrinu həyatın bir hissəsinin çeynənmiş ifadəsi kimi istifadə edə bilməzsiniz, çünki hissə onsuz da kəsilmiş bir parçadır və onun hekayələrini oxuyanda aldğınız təəssürat da məhz bu cürdür. Sanki barmaqlarınızın arasından baxdığınız, bu cür davam etdiyini bildiyiniz və sadəcə bir hissəsini gördüyünüz səhnədir.
Yuxarıda Mopassana qarşı çox böyük haqsızlıq etmişəm. “La Maison Tellier”[2] fikrimi sübut etmək üçün kifayətdir.
[1] Müsyö Ome Floberin “Madam Bovari” romanının personajıdır. Ortabab həkim, şöhrətpərəst bir insan obrazıdır. Çox böyük ehtimalla S.Moem lağla belə yazmışdır (Tərcüməçinin qeydi)
[2] “Telyenin müəssisəsi”. Bu, Turgenevə həsr edilmiş hekayədir (Tərcüməçinin qeydi)