20 fevral atamın doğum, 23 fevral isə ölüm günüdür
Əgər sağ olsaydın, sənə heç bilmirəm nə hədiyyə alardım. Çünki bir ata kimi həyatda mənə bəslədiyin müqəddəs ata sevgisinin, istiqamətləndirdiyin yol, 22 yaşım olsa da ,2 yaşlı körpə təki başıma çəkdiyin sığalın qiyməti yoxdur. Sən, əminəm deyərdin ki, qızım, heç nə lazım deyil, sən mənim həm oğlum, həm də qızımsan.
Evin tək uşağı olduğum üçün mənə “sən həm qızım, həm oğlumsan” deyirdin.
Cismani yoxluğundan 27 il keçməsinə baxmayaraq, sən mənim üçün hələ varsan, yanımdasan, yuxularımdasan.
Atam muğamı çox sevirdi. Çoxlu kasetləri olurdu maşında. Muğamlar. Mənim isə niyə bilmirəm, amma yeganə xoşuma gələn Şahmalı Kürdoğlunun Füzulinin “Təbib” qəzəlinə oxuduğu muğam idi. Muğamı sevmirdim deyə narahat qalırdı. Hər bazar radioda saat 14:00-da 1 saatlıq muğamat konserti olurdu. Mütləq şəkildə onu dinləyirdi. Arada kövrəlirdi. Mən isə ərköyüncəsinə ona “acıqlanırdım”. Deyirdim, bu nədir belə ağlamaq tutub səni? Heç nə demirdi. Amma sanki o da öz uşaqlığını, valideynlərini, Ağdamda keçən günlərini xatırlayıb kövrəlirdi.
Atamın böyük qardaşı Əziz Əzizov Böyük Vətən Müharibəsində o vəhşət dolu müharibənin bitməsinə lap az qalmış Berlinə qədər döyüşüb gəlmiş və qələbənin elan olunmasına az sayda günlər qalmış həlak olmuşdu. Atam ona çox bağlı imiş. Hətta doğulan övladına Əziz adı verəcəkmiş. Amma mən anadan olmuşam. Fikirləşə bilərsiniz ki, bəs niyə Əzizə adını qoymadı mənə. Bunu bilmirəm, amma adımı xalam təklif edib. Səməd Vurğunun “Aygün” poemasına görə. Anam qazaxlı idi və Səməd Vurğunun, belə deyək də, vurğunu idi. Səməd Vurğunu əzbər bilirdi. Atam da Səməd Vurğun yaradıcılığını çox sevirdi. Ona görə adımın Aygün olmasına etiraz etməyib. Həmişə boynuma o məsuliyyəti qoyurdular ki, Səməd Vurğunun Aygünü kimi möhkəm iradəli, vüqarlı, təmiz insan olmalıyam.
O vaxtın indikindən fərqli olan Az TV-sində nümayiş olunan müxtəlif səpkili reportajlarına baxıb xəyallar qururdum. Evdə nəyisə götürüb mikrofon əvəzi istifadə edib “süjetlər” hazırlayırdım. Atam istəyirdi, anam kimi həkim olum, mən isə ona deyirdim ki, mən həkim olmayacam, sənin kimi jurnalist olacam və tanınmış insanlardan müsahibələr alacam.
Atam ekrana çıxan öz verilişlərin ssenarilərini yazanda həmişə onu müşahidə edirdim. Və sonra qarşıma kağızları qoyub mən də nəsə “veriliş mətni yazırdım”, verirdim atama oxumağa. Görürdüm ki, gözlərinin içi gülür, fəxr edirdi mənimlə. Sonra deyirdim ki, gəlin, sizdən (ata və anadan) müsahibə alacam. Maraqlı suallar hazırlayırdım. Bəzən duz-məzə də qatırdım, gülməli çıxırdı. Atam anama deyirdi ki, bu qız haradan belə cümlələri, ifadələri bilir. Əslində özü cavabı bilirdi, amma yenə də təəccüb etməyə bilmirdi.
Atamın böyük kitabxanası vardı. İndi də var. Mənə qalıb. Məndə qaldı. Orada olan kitabları acgözcəsinə oxuyurdum. Yəni kiçik olsam da, söz ehtiyatım, folklor biliyim, dili yaxşı bilməyim oxuduğum kitablardan əxz elədiklərim idi.
Atam bütünlüklə hər şeydə seçimləri mənim öhdəmə buraxmışdı. O dərəcədə mənə güvənir və o dərəcədə mənim balaca olsam da, verdiyim qərarlarıma hörmətlə yanaşırdı. O vaxt institutu bitirəndə atam təhsilimi davam etdirmək üçün məni Amerikaya göndərmək istəyirdi. Amma vaxtsız gedişi hər şeyi yarımçıq qoydu…
Torpağın üzü soyuqdur deyirlər. Bir də deyirlər zaman hər acını unutdurur. Boş söhbətdir. Kimsə demişdi ki, ağrını zamanın unutdurduğunu deyən adam həqiqi ağrını yaşamayıb. Dostoyevskiyə görə, xatirələr hər bir halda insanı ağrıdır. Acı da olsa, şirin də olsa.
Atalar sözü var: uşaq anadan yetim qalır. Atadan – söhbət doğulduğu andan sona qədər övladının təəssübünü çəkən, qayğısını bir an belə əsirgəməyən, hər işində dalınca düşən, onu müqəddəsləşdirən, ona bağlı olan, bütün istəklərini yerinə yetirən, uşaq kimi anlayış göstərən ƏSL ATA nəzərdə tuturam, mənim ATAM kimi – belə atadan yetim qalmaq çox ağırdır. Bu ağrı heç zaman getməyəcək. Bu ağrının təsvirinə sözlər yetmir. Bəlkə, mənim söz ehtiyatım imkan vermir. Bəlkə, yazıçı deyiləm, publisist deyiləm deyə yetmir. Bəlkə də, başqa şeydir səbəb! Hər hissi, hər yaşanılan sevgini, hər çəkilən iztirabı qəlb bilir, qələm bilmir. Qəlb isə qələmə lazımınca izhar edə bilmir. Etsə də, qələm kağıza tökə bilmir. Çünki sözlər yetmir. Sözlər hisslərə uduzur. Hisslər sinəni yandırır-yaxır. Boğaza yığılan qəhər sinəyə düşüb hönkürtü ilə çıxır. Sinəndə ürək parçalanır sanki.
Balaca olanda tez böyüməyi istəyir hamı. Amma böyüdükcə insan sevdiklərini, əzizlərini itirməyə başlayır. Bu itki səni böyüdür, yekəldir, qocaldır. Zahirən duruşunu saxlaya bilərsən, amma daxildən ixtiyarlamış olursan.
İndi isə uşaq olmaq istəyirəm. İstəyirəm ki, yenə atam mənim əlimdən tutub məktəbə aparsın. Əlifba bayramı ərəfəsində mənə verilən şeiri elə yoldaca özü təkrar edə-edə mənə əzbərlətsin. İstəyirəm yenə məni boynuna qaldırıb oturtsun. Mənə danışan, ağlayan, gülən gəlinciklər alsın. İstəyirəm yenə “qızım, kitab mağazasına gedirəm, gəl bir yerdə gedək” desin. İstəyirəm qapıdan keçərkən hər məni görəndə “Aygünüşüm” deyə çağırsın. Mən onun üçün şahzadə idim. Bütün ümidləri mənə bağlıydı, arzularında yalnız mən vardım və xəyallarının yeganə qəhrəmanı mən idim.
Hər iki valideynim liberal dünyagörüşünə malik idilər. Heç bir arzumun qarşısında sədd çəkmədilər. Heç bir həyati qərarlarımın əleyhinə getmədilər. Bəlkə, bunun üçün mənim həyata baxışım, hadisələrə münasibətim başqa cürdür.
Bu yazı sırf real olanlara əsaslanıb yazılıb. Heç bir mübaliğədən, bədii təxəyyüldən istifadə etməmişəm. Nəyi necə bacarmışamsa, necə hiss etmişəmsə, o cür də bu səhifəyə sığışdırmağa cəhd etmişəm. Hələ deyə bilmədyim o qədər şeylər var. Sadəcə, bu qədərini qələm daşıdı, kağız qəbul etdi.
Ata yoxdursa (yaş neçə olursa olsun), deməli, çox adam yoxdur, boşluq böyükdür. Ata varsa, demək, arxanda söykənəcəyin dağ var. Ata yoxdursa, sinəndə çəkəcəyin dağ var. Atalar öləndə nəinki ümidlər ölür, insanın içindəki xəyallar da ölür. Analardan həmişə yazıblar. Atalar bu barədə bir az haqsızlıq görənlərdir. Atanın varlığı sevinc mənbəyi, yoxluğu kədər yüküdür. Ağır yükdür. Hər şeyə rəğmən möhkəm olub xoşbəxt olmağı bacardım. Həyatda öz ayaqlarım üstündə durmağı bacardım. Həyatın kələ-kötür pillələrində yıxılmadan yuxarı qalxmağı bacardım. Yıxıla bilməzdim. Və mən xoşbəxt olmağı bacardım. Atamın ruhunu incidə bilməzdim. Axı onda onun ruhu əzab çəkərdi.
Haşiyə: səni aparan qışı, xüsusilə də fevralı heç sevmədim…
1997-dən bu yana üsyanım da buna görədir.