Zaman kainatın çox amansız bir ölçü meyarıdır. Özü əbədi olan, sonsuzluqdan gələn, sonsuzluğa gedən bu ölçünün içində bizim ömrümüz zərrədir. Onillikləri yola verə-verə gedirik. Zaman bəzən işıq sürətilə irəliləyir. Dünən dil açıb danışan biz, bu gün artıq yetkin insana çevrilmişik. Vaxt elə uçub gedir ki, dalınca qaçmağa, onu tutub saxlamağa, “bir hovur dayan, qoy bu xoşbəxtliyi, bu anı, bu dəqiqəni, ömrümün bu sevincli gününü bir az da uzun yaşayım, vaxtı uzadım, qoy saçlarım gec ağarsın, qoy üzüm bir az gec qırışsın, qoy sevdiklərimdən, yaxınlarımdan doyunca kam alım, qoy yarımçıq işim qalmasın” deyə haray çəkmək istəyirik.
Böyük əksəriyyətimizin gəncliyi və uşaqlığı bizə dünən kimi görünən 70-80-90-larda qalıb. Budur, indi XXI əsrin birinci rübünün son ilinə qədəm qoyuruq. O vaxt 2025 desəydilər, bu bizə əbədiyyət qədər uzun gələrdi. Qaçan zamanın dalınca biz də yeyin addımlarla gedirik.
Zamanla çox şeylər dəyişib, elə çox insanlar da. Biz insan övladları beləyik: keçmiş üçün qəribsəyir, gözlərimiz arxada qalanları axtarır, ürəyimizi nisgil, həsrətlə yükləyir və sonra da zaman içində ömrümüzün əriyib getdiyinin fərqinə varmırıq.
Zamanı dəyərləndirmək, onun bizə verilən payını xoş yaşamaq üçün insan olaraq ağıl, şüur ilə, həmçinin sevgi, mərhəmət, hörmət hissi ilə mükafatlandırılmış varlıqlarıq. İl sonu xoş arzularımızı bildirmək, bir-birimizə sağlam ömür, gözəl bəxt, xoşbəxt həyat, firavanlıq arzulamaq gələn ilimizin hamımız üçün düşərli keçməsinə vəsilə olsun. İnsan övladının sevgiyə ehtiyacı var. Qəlblər sevgi ilə döyünsə – hər şeyə, hamıya qarşı – təbiətə, cəmiyyətə, vətənə, ətrafına – aləm gül-çiçəyə bürünər, al-əlvan olar.
2025-ci ildə bütün dünyada sülh bərqərar olsun. İnsanların üzü gülsün, bolluq olsun, maddi rifah yüksəlsin, hamının həyatında yeni, gözəl, xoşbəxtliklə dolu səhifələr açılsın. Ürəyinizdən sevgini əskik etməyin. Dünyanı gözəllik yox, sevgi xilas edə bilər…
Yeni iliniz mübarək olsun!