- Köşə

Aygün ƏZİZ. 2025-in texnoloji sürprizləri

2025 qapını döyür, xəbərlər də ürəkaçan deyil. Texnologiyanın sürətli və fantastik inkişafına sevinənləri qəmləndirməli olacağıq. Artıq nəyin nələrə səbəb olacağı, hansı xoş yeniliyin naxoş fəsadlar gətirəcəyi barədə xarici saytlarda xəbərdarlıqlar edilməyə başlanıb. Belə ki…

Əvvəla, vacib bir qeyd: əşyaların interneti, süni intellekt (Sİ), dipfeyk, köhnə sxemlər üçün yeni dillər, BYOVD hücumları ilk baxışda nə qədər cəlbedici görünsələr də, çox dağıdıcı təsir və gücə malikdirlər və bütün dünya üçün real təhlükə yaratmaq iqtidarındadır. Heç nəyə süni deyib keçməyək, çünki bəşəriyyətin evini elə SÜNİ olan şeylər yıxdı. İnsanlar ŞEYLƏRİN MAHİYYƏTİ məsələsinə müxtəlif prizmalardan yanaşa bilərlər: fəlsəfi, dini, tarixi, psixoloji, elmi-texniki və s. Dünyanın “düz vaxtlarında”, hər şeyin “azacıq aşım, ağrımaz başım” olan vaxtlarında bunlar qorxulu deyildi. İndi isə İNSAN ÖVLADInın hər addımı onu təhlükəyə daha da yaxınlaşdırır. Bugünkü dünyanın texnologiya tərəfdən tərəqqisi artıq Yer planetində QARA DƏLİK kimidir. Və bu dəlik Yer həyatını udmağa qadirdir. Səfər elə orayadır deyəsən. Bədbin düşüncələrdən uzaq olmaq istərdim, amma Yer üçün pis sonluq artıq qaçılmaz nöqtəyə çatmaq üzrədir.

2025-ci ildə dələduzlar və fırıldaqçılar nələrə qadir olacaqlar? Gəlin “Kasper laboratoriyası” mütəxəssislərinin gələn il üçün real proqnazlarına birlikdə baxaq. Onlar deyirlər ki, aşağıda adları çəkilənlər kiberhücum üçün başlıca vasitə olacaqlar:

  1. Əşyaların interneti (IoT – Internet of Things)

“Ağıllı” (SMART) ev cihazları – çaynik, lampa, kondisioner, qapı kilidi, qəhvəbişirən və sairənin idarə edilməsi kiberhücum üçün əlverişli şərait yaradacaq. “Ağıllı ev”in “açılması” artıq fantastik plan tələb etməyəcək.

  1. Süni intellekt (Sİ) – bədxahlar (hakerlər) Sİ-dən kompüter viruslarının hazırlanması və sürətlə yayılması üçün daha fəal və rahat şəkildə istifadə edəcəklər. Dələduzluq və fırıldaqçılıq daha da avtomatlaşdırılacaq. Şifrələr daha rahat “qırıla” biləcək. Əgər 18 işarədən (hərf, rəqəm və digər elementlərdən ibarət qarışıq) ibarət şifrə indiki halda sizə “möhkəm” görünürsə, Sİ-in köməyi ilə ən çətinini belə qırmaq saniyə söhbəti olacaq.
  2. Dipfeyk (süni intellekt neyron şəbəkələrindən istifadə edərək yaradılan foto, audio və video materialların, səsin sintezi üçün texnologiya) – reallıqla təhlükəli oyun başlanıb. Sosial mühəndislikdə üz və səsin dəyişdirilməsindən 1 nömrəli silah kimi istifadə olunacaq. Məsələn, yaxın dostunuz “öz nömrəsi” ilə zəng edib “öz səsi” ilə ağır vəziyyətdə olduğunu bildirir və sizdən təcili filan qədər məbləğdə pul köçürməyiniz üçün yalvarır. Yaxud, uşağınızın üzündən istifadə edərək onun feyk videosunu sizə göndərirlər, “uşağ”ınız da onu qaçırtdıqlarını və pul ödəməyəcəyiniz təqdirdə onu öldürəcəklərini deyir. Bu və oxşar ssenarilər tamamilə reallaşdırıla bilən işlər olacaq.

P.S. Sosial mühəndislik (Social Engineering) kibercinayətkarlar tərəfindən şəxslərin vacib məlumatlarını əldə etmək üçün psixoloji manipulyasiya etmək məqsədi daşıyan zərərli fəaliyyətlər toplusudur.

  1. Köhnə sxemlər üçün yeni dillər – C++ və Go (Golang) kibercinayətkarlıq üçün əla vasitədir. Hakerlər artıq bu proqram dillərindən zərərli proqramlar yazmaq üçün istifadə edirlər, 2025-də isə bunun pik həddə çatması müşayiət olunacaq. Çünki bu dillər aşkar edilməsi daha çətin olan mürəkkəb virusların yazılması üçün əlverişlidir.
  2. BYOVD hücumları (Bring Your Own Vulnerable Driver – öz həssas drayverini gətir) – Hakerlər burada “qəhrəmanlıq” edəcəklər. Drayverlərin güclü olmaması onlara əl-qollarını daha rahat açmağa imkan verəcək, virusların buraxılması və müdafiə sisteminin dağıdılması onlar üçün su içmək qədər asan olacaq.