21 mart bütün dünyada müxtəlif maraqlı bayramların qeyd edildiyi bir tarixdir. Bizim atalarımız deyəsən çox sevinməyi qəbahət bilib “dəliyə hər gün bayramdır” desələr də, bayramların olmağı çox gözəldir. Əgər biz insanlar seviniriksə, əylənməyə səbəblər tapırıqsa, gözümüz-könlümüz açılırsa, ətrafa müsbət enerji yayırıqsa, üzümüz gülürsə, bir-birimizi hədiyyəli və ya hədiyyəsiz sevindiririksə, burada pis heç nə yoxdur. Ona görə belə mənfi yüklü fikirləri özümüzdən uzaq tutaq. Gəlin baxaq bu gün dünyada hansı maraqlı bayramlar təqvimlərdən bizə “məni qeyd elə” deyir.
☆ BEYNƏLXALQ MEŞƏLƏR GÜNÜ
(T.Ruzvelt onları “Yerin ağ ciyərləri” adlandırmışdı. Robert Frost və dünya üzrə bir çox digər ədəbiyyat adamları bundan ilhamlanıb əsərlər, şeirlər yazıb. Məşhur müğənni Stinq meşələrin qorunması ilə bağlı mübarizə aparır.)
☆ MİLLİ ÜMUMİ MEHRİBANLIQ GÜNÜ
(Müasir dünyamızın informasiya bolluğu və qarmaqarışıqlığı içində insanlar bəzən hövsələlərini itirir, spontan davranır, istəyərək və ya istəməyərək kobudluq edir, könül sındırır, qəlb yaralayır, köntöy cavab verir. Bunları aradan qaldırmaq, öz üzərində işləmək, hər zaman gülümsəməyə başlamaq üçün əla bir fürsətdir.
Gülümsəyin xanımlar və cənablar! Bəşərin simasına gülüş, dodağına təbəssüm yaraşır. Gülən gözlər xoşbəxtlik saçır. Gülümsəyin ki, ətrafınız da gülsün. Ətrafımız gülsə, bəşəriyyət də güləcək. Axı gülüş sirayətedicidir. “Təşəkkür edirəm”, “buyurun”, “xahiş edirəm” kimi sözləri dilinizdən əskik, ətrafınızdakıların qulaqlarından məhrum etməyin.
“Həmin o Münhauzen” filmindəki otuz saniyəlik video ən sadə həqiqəti açır:
“Mən bəlamızın nədə olduğunu anladım. Siz hamınız həddən artıq ciddisiniz. Ağıllı üz ifadəsi hələ heç də ağıllı olmaq demək deyil, cənablar. Dünyadakı bütün səfeh hərəkətlər məhz bu cür üz ifadəsi ilə edilir. Gülümsəyin, cənablar, gülümsəyin…”
☆ DÜNYA POEZİYA GÜNÜ
(UNESCO bu günü 1999-cu ildə təsis etdi.
İlk şeirin 4000 il əvvəl Babildə yarandığı deyilir. Müasir poeziyada şeirin müxtəlif janrları var. Həmişə mənə elə gəlib ki, sözlə yaradıcılıq sözün qədrini bilən adamlara xas məziyyətdir. Amma sözü nəzmə çəkmək üçün ilahi qabiliyyət lazımdır.
Bualo “Poeziya sənəti” kitabında qeyd edir: “Şeir ki, saysız-hesabsız səhvlə dolu oldu, onda ağıl və zəka nişanəsini axtarmağa kimin həvəsi gələr? Şair gərək hər şeyi ağılla yerli-yerində işlətsin, sözləri öz iradəsinə tabe edərək şeirin ayrı-ayrı hissələrini ustalıqla bir-birinə bağlasın, əvvəllə axırı vahid bir axında birləşdirsin.”
Poeziya söz sənətinin ali formasıdır. Əsl şair sözün zərgəridir. Sözü sözə calayaraq ecazkar ifadə formasını əmələ gətirmək də hər özünü şair adlandıran bəndəyə müyəssər olan qabiliyyət deyil. Bu, ilahi bir ətadır ki, qismətinə düşən xoşbəxtdir. Əsl poeziya nümunəsi öz oxucusuna rast gələndə bu dünya bir idilliyaya çevrilir gözündə.)
☆ BÖYÜK PARTLAYIŞ, YAXUD BİQ BƏNQ GÜNÜ
(Bu, kainatın böyük partlayış nəticəsində yaranmasını iddia edən nəzəriyyə ilə əlaqədar təyin edilmiş bir gündür. Nəzəriyyəyə əsasən kainat davamlı olaraq genişlənməyə davam edir. Nəzəriyyənin banisi Jorj Lemetr adlı belçikalı kosmoloq və katolik keşişi olub. 1931-ci ildə o, ilk dəfə bu barədə mətbuatda yazı ilə çıxış edib. İngilis fiziki Stiven Hokinq bu ideyanı davam etdirdi.)
☆ QAYĞIKEŞ ŞİRKƏTLƏR GÜNÜ
(Martın 3-cü cümə axşamı gününə düşən bu bayram işəgötürənlərin öz işçilərinə qayğı göstərməsini təşviq edir. Yəni, işçini istismar etmək, vaxtından artıq işlətmək, ona qarşı kobudluq etmək, maaşını kəsmək olmaz. Ağıllı işəgötürən bilir ki, işin keyfiyyəti birbaşa olaraq işçinin məmnunluğundan asılıdır. Müdirlər tabeliyində olanların həm fiziki, həm də ruhi sağlamlığını düşünməlidir. Maaş artımı, bonuslar, mükafatlar, tərifnamələr, tibbi sığorta paketləri, bayramqabağı ödəmələr kimi əlavələr ümumi rifahın xeyrinədir.)
☆ TƏHSİL AZADLIĞI GÜNÜ
(Təhsil hamı üçün icbari olsa da dünyada coğrafi, dini, maddi və s kimi bir çox səbəblərdən təhsil ala bilməyən milyonlarla insan var. Bu gün belə insanları xatırlamaq və onlara yardım etmək məqsədilə nəzərdə tutulub. Varlı ölkələrdə davamlı olaraq hər il nəhəng göydələnlər, əzəmətli plazalar, azman hotellər tikirlər. Onların sayını azaldıb həmin vəsaitlə kasıb dünya ölkələrindəki insanların təhsil problemlərini həll etmək olardı. Amma təəssüf ki, pul kisəsi qalın olanların mərhəməti və sevgisi tükdən nazik olur. Əngin səma kimi ürəyi olanların isə cibləri boş olur. Bu dünyanın tarazlığı əvvəldən düzdün tənzimlənməyib.)
☆ HARMONİYA GÜNÜ
(İlk dəfə 1999-cu ildə Avstraliyada qeyd olunsa da bu günün tarixi bir neçə əsr əvvələ gedib çıxır. 1788-ci ildə Britaniya İmperiyası cəza koloniyası yaratmaq məqsədilə Avstraliyaya gəldi. Onlar bu torpaqlarda öz mədəniyyətlərini yaymaq, qərb sivilizasiyanı təkrarlamaq məqsədi güdürdülər. Lakin bütün bunlar yerli xalqların mədəniyyəti, adətləri ilə uyğun gəlmirdi. Bu cür qəddar “islahat”lar kütləvi insan qırğınlarına səbəb oldu. Keçən əsrin sonlarında bərabər hüquqlar barədə qanun təsis edilməsinə rəğmən insanlar hələ də irqçi hücumlardan əziyyət çəkirdi. 1998-ci ildə aktivistlər hökuməti bütün bu irqi ayrı-seçkiliyə göz yumduğuna görə töhmətlədilər. Nəhayət, onların haqq səsi eşidildi və tədqiqatlar başladı. Görülən işlər və çəkilən zəhmət sayəsində insanları bir-birinə hörmət etməyə səsləmək və harmoniya içində yaşamağın vacibliyini bəyan etmək üçün Harmoniya Günü yaradıldı.)
☆ BEYNƏLXALQ RƏNG GÜNÜ
(Bu günün yaradılmasının 21 marta – gecə-gündüz bərabərliyinə düşməsi təsadüfi deyil. Təqvimin məhz bu günü rəsm sərgiləri, uşaqlar üçün interaktiv proqramlar, elmi-kütləvi şoular təşkil olunur.
Aristotel rənglərin göylərdən gəldiyinə inanırdı. İşıq olmasa, rənglər də mövcud olmaz deyirdi.)
☆ BEYNƏLXALQ İRQİ AYRI-SEÇKİLİK GÜNÜ
(İrqi ayrı-seçkilik uzun əsrlər boyu müxtəlif ölkələrdə problemə, ədalətsizliyə, hüquq bərabərsizliyinə səbəb olaraq insanlar arasına nifrət toxumu səpmişdir. Xeyli dərəcədə aradan qaldırılsa da, yenə də qismən bəzi yerlərdə bu qalmaqda davam edir. İnsanlar anlamaq istəmirlər ki, bu dünya bizim hamımızındır və burada hamıya yer var. Ümumiyyətlə, rənginə, dilinə, dininə, irqinə görə heç kəs heç kəsə xor baxmamalı, eyni səma altında şüurlu insan olaraq yaşamağı öyrənməlidir.)
☆ YADDAŞ GÜNÜ
(Müasir dünyanın bizi ağzına alan texnoloji girdabında hamımız yaddaşsızlıqdan əziyyət çəkirik. İnformasiya axınına beyin tab gətirmək iqtidarını itirir. Əksər insanlar telefonlarında olan “rimaynder” – xatırladıcı tətbiq, yaxud masaüstü bloknot və ya qeyd kağızlarından istifadə edir.
“Scientific American” jurnalında dərc olunan məqalədə insan beyninin orta yaddaş həcminin 2.5 petabayt olduğu deyilir. “Petabayt” 1024 terabayt, yaxud başqa sözlə desək 1 milyon qiqabayta bərabərdir. Deməli orta yetkin insan beyni 2.5 milyon qiqabayt yaddaş həcminə malikdir.
Bu günün təsis edilməsində digər bir məqsəd də demensiya və ya Alzhaymer xəstələrinə diqqət çəkməkdir.)
☆ MİLLİ KALİFORNİYA ÇİYƏLƏKLƏRİ GÜNÜ
(Sual yarana bilər: niyə məhz çiyələk? Bunun nə qeyri-adi xüsusiyyəti var? Çiyələk kollarının kökü e.ə.234-cü il Romasına gedib çıxır. O vaxtların inancına görə bu şirin, ecazkar rayihəli, ürəyə bənzər, üstü xallı gözəl meyvə bir çox mərəzlərin müalicəsində faydalı idi. Onu yeməklə depressiya, böyrək daşı, boğaz ağrısı, qızdırma kimi naxoşluqları olanların şəfa tapacaqlarını düşünürdülər.)
☆ MİLLİ GÜL-ÇİÇƏK GÜNÜ
(Baharın gəlişi isə ağaclar tumurcuqlayır, yerdən, kollardan, cürbəcür gül-çiçəklər baş qaldırır. Yazda bağçaların yanından bihuş olmadan keçmək olmur. Güllər sevginin, sevincin və xoş əhvalın zəmanətidir. Güllər təbiətin incəsənət əsəridir. Məsələn, Yaponiyada yazda çiçək açan sakura ağaclarına baxsaq, görərik ki, həm görünüş, həm də rayihəsi ilə cənnət bağını xatırladır.)
☆ MİLLİ ƏTİR GÜNÜ
(Tarix boyu ətir insanların həyatında vacib rol oynayıb. Əlbəttə, tər, kir qoxusundansa, gözəl bir ətirlə ətrafa xoş qoxu ötürmək daha gözəldir. Ətirin bir xüsusiyyəti də odur ki, o, insanı keçmiş günlərini, sevdiyi adamı, həyatında iz qoymuş hadisəni xatırlada bilər.
Feromon deyilən hormonal bir maddə var ki, təcrübəli və məşhur ətriyyatçıların dediyinə görə hər kəsin öz feromonundan (bu da tər vəzilərindən alınır) hər hansı bir ətrə qatmaqla həmin insanı başqaları üçün cəlbedici (şəhvani olaraq cəlbedici) etmək mümkündür. Bunları da bir qırağa qoysaq, ümumiyyətlə ətir çox diqqətlə seçilməli, insanın daxili aləmi, xarakteri ilə həmahənglik təşkil etməlidir. Hər kəsin öz ətri olmalıdır fikrini tam olaraq dəstəkləyirəm. Hər ətir hər adamda eyni qalmır, ətrafa fərqli qoxular saça bilir. Elə ətirlər var ki, onlar hər insanda ətriyyatçılar demiş fərqli “açılır”. Ətir haqqında danışanda yadıma ilk olaraq “Ətriyyatçı” əsəri düşür, gözəl də ekranlaşdırıblar.)
☆ MİLLİ FRANSIZ BAGETİ GÜNÜ
(Bu çörək növünün yaranması 1920-ci ilə təsadüf edir. O vaxt çörəkbişirənlərin səhər saat 4-dən əvvəl işləməsini qadağan edən qanun qəbul edildikdən sonra səhər tezdən işə gedən müştəriləri narazı salmamaq, eyni zamanda onlara cəlbedici formada dadlı çörək hazırlamaq lazım gəldi. Və beləliklə uzunsov, üstü xırt-xırtlı, içi yumşaq baget “dünyaya gəldi”. Fransızlar bunu təzə-təzə isti qəhvəyə, ya da çaya batırıb yeməyi sevirlər.)
☆ MİLLİ SAĞLAM YAĞ GÜNÜ
(Müasir insanlar yağ sözündən qorxur və onu qeyri-sağlam hesab edərək rasionlarından çıxarırlar. Amma insanlar yağdan uzaqlasa da şəkər və karbohidratlara meyl edir və bunlar daha təhlükəlidir. İnsan orqanizminin gündəlik yağ tələbatına da ehtiyacı var və onu bundan məhrum etmək olmaz.)
☆ MİLLİ TƏKBAŞINA UŞAQ BÖYÜDƏN VALİDEYN GÜNÜ
(Təkbaşına uşaq böyüdən (kişi və ya qadın) valideynlərin sayı son yarım əsrdə daha da artıb. Səbəblər müxtəlifdir. Lakin qədim zamanlarla müqayisədə görünən mənzərə tamam fərqlidir. Keçmişdə əsas səbəb ölüm idi. Tibb inkişaf etməmişdi, peyvəndlər hələ icad olunmamışdı, həyat şəraiti ağır idi, xəstəliklərlə mübarizə aparmaq mümkün deyildi. Hətta doğulan uşaqların belə sağ qalma ehtimalları aşağı olurdu. Üstəlik müharibələr də uşaqların bir valideyndən – əsasən atadan məhrum qoyurdu. Ancaq müasir dünyanın səbəbi boşanmalardır. Boşanmış ailələrdə uşaqlar bölünmüş sevgiyə möhtac qalırlar. Hətta keçmiş ər-arvad (ata-ana) dost münasibəti saxlamağa müvəffəq olsalar belə, bu ayrılıq uşaqların tərbiyəsində, dünyagörüşündə, gələcək həyatlarının formalaşmasında öz xoşagəlməz izini qoyur.)
☆ MİLLİ YENİYETMƏ GÜNÜ
(Bu gün yenitetmələrə (13-19 yaş) özlərini tanımaq, öz kimliklərini dərk etmək, özlərini ətrafa necə təqdim etmək üçün fürsətlərin verilməsinin qeyd edildiyi gündür. Yeniyetməlik dövrünün hər bir ailə üçün neçə çətin bir təcrübə olduğunu deməyə ehtiyac yoxdur. Psixologiyada keçid dövrü adlandırılan bu yaş mərhələsində yeniyetmələrlə münasibətdə valideynlərin səbirli, qayğıkeş və ehtiyatlı olmaları vacib şərtdir. Çünki uşaqlıqla gənclik arasında yaşanan bu dövr təhlükəlidir. Onlar kobud, hövsələsiz, sözəbaxmaz, emosional olur, cavab qaytarır, problemlər yaradırlar. Yəqin ki, hormonların bu cür tüğyan etməsi onları bir növ gələcək həyata hazırlayır, xarakter formalaşdırır.)
☆ DAUN SİNDROMU GÜNÜ
(Hər il 5000-ə qədər daun sindromlu körpə dünyaya gəlir. Ölkəmizdə bu say 700-ə yaxındır. Zehni cəhətdən inkişafın ləngiməsinə səbəb olan bu hal ilk dəfə 1866-cı ildə ingilis həkimi Con Lenqton Daun aşkar edib. İlk olaraq xəstəliyə “monqolizm” adı verilsə də, sonradan asiyalı alimlərin buna etirazları nəticəsində həkimin şərəfinə “Daun sindormu” adı ilə əvəz ediblər. Normal olaraq insanda 23-ü atadan, 23-ü anadan keçməklə 46 xromosom olur, lakin bu xəstəliklə doğulan körpələrdə 47 xromosom var. Geç hamiləlik və 40 yaşdan sonrakı doğuşlarda belə uşaqların dünyaya gəlmə riski artır. İrsi xəstəlikdir və genetik olaraq anadan keçir. Belə uşaqların üsü yastı, göz yarığı çəp, ağız yarıaçıq, dil böyük, qarın köpmüş, dişləri seyrək, əzələ və oynaqları inkişafdan qalmıış olur. Piylənməyə meyllidirlər.)
☆ DÜNYA KUKLAÇILIQ GÜNÜ
(Kuklaçiliğin qlobal incəsənət növü kimi tanınmasının qeyd edildiyi gündür. Eyni zamanda dünya kuklaçılarına hörmət və onların zəhmətinəm dəyər verilməsi günüdür. Bu sənətin qorunması, ənənənin davam etdirilməsi məqsədilə 2003-cü ildə UNESCO-ya bağlı olan UNİMA (Beynəlxalq Kukla Teatrı Assosiasiyası) tərəfindən təsis edildi.
Mənbələrin yazdığına inansaq, kukla teartı insan teatrlarından əvvəl yaranıb. Həqiqi insan səhnəyə çıxmazdan əvvəl bu işləri kuklaların köməyi ilə görürmüşlər.
İlk kukla teatrı e.ə. 2500-cü ildə Hind Vadsi sivilizasiyasında yaranıb. Arxeoloqlar qazıntılar zamanı ərazidən iplə idarə olunan kuklalar da tapıblar. “Ramayana” və “Mahabharata” kimi klassik hind mətnlərində belə kuklalardan bəhs olunur. Digər Asiya ölkələrində – Çin, Yaponiya və Tayvanda da belə oxşar teatrlar mövcud olub.
Qədim Yunanıstanda tarixçi Herodotun əsərlərində kuklaçılıq sənətinin e.ə. V əsrdən etibarən başlandığı barədə xatırlanır.)