Aşağıdakı fikirlərin tam olaraq ədibə aidiyyəti olmasa da, diqqət çəkmək istədiyim məqam onun məşhur “Gənc Verterin iztirabları” əsərinin qəhrəmanının adından istifadə olunaraq yaranan bir terminlə əlaqədardır: VERTER EFFEKTİ.
Verter effekti – kütləvi özünəqəsd hallarını ifadə etmək üçün işlədilir. Götenin əsərinin qəhrəmanı intihar edir. Bu əsər Avropada böyük əks-səda yaradır. Nəticə qorxunc idi. Əsərin təsiri altında Avropada kütləvi suisid halları artmağa başlayır. Bu hal bütün cəmiyyətdə, hətta yuxarı dairələrdə təşvişə səbəb olur. Vəziyyət “Gənc Verterin iztirabları” kitabının qadağan olunması ilə nəticələnir. Məsələnin qorxunc tərəfini bir qırağa qoysaq, bu, Götenin dahiliyinin sübutu idi. Əlbəttə, doğurduğu nəticə pis olsa da, dahi adam qəlblərə nüfuz etməyi bacarmışdı.
Bu barədə xatırlatmaqda məqsədim müəyyən bir fikri diqqətinizə çatdırmaqdır. Gəlin baxaq: Avropada əsərin təsir gücünün yaratdığı hal psixologiya elminə “Verter effekti” adı daxil edildi. Bunu ABŞ universitetlərindən birində sosioloq işləyən Devid Filips düzgün təhlil edərək bu qənaətə gəlib ki, əhali arasında suisid hallarına səbəb olan başlıca amillərdən biri həmin yerlərin KİV-ində bu səpkidə məlumatların mütəmadi olaraq yayılmasıdır. Elə bura qədəri bizə bəsdir ki, öz ölkəmizdə baş verən xoşagəlməz, neqativ halların “vüsət” alması barədə mülahizələrimizi sosioloqun fikriləri ilə əlaqələndirərək təhlil edək.
Dönüb bizim mətbuata baxaq: xəbər adına hər gün nə qədər neqativ yüklü, ələm dolu xəbərlər, hətta əksər hallarda iyrənc, qorxunc, tükürpədici, pozğunluğu təbliğ edən məlumatlar paylaşılır! Azərbaycan kimi maddi rifahın elə də yüksək olmadığı, ömür həddinin pis həyat, yoxsulluq və digər sosial səbəblər ucbatından getdikcə aşağı düşdüyü bir ölkədə bir tərəfdən də media niyə fəsadlara yol açmalıdır? Heç bunu düşünənlər varmı? Axı KİV güzgü kimi bir şeydir. Sən ona baxanda orada gördüklərin bir azdan öz simana çökəcək. Mənim cəmiyyətin heç bir fərdinə qatı nifrətim və qəzəbim olmasa da, standartlardan qırağa çıxanların təbliğ olunmasının doğru olmadığı qənaətindəyəm.
Gəlin KİV-in bizə təqdim etdiyi “menyu”ya baxaq, görək bizim süfrəmizə nə qoyurlar:
- İntiharlar
- Zorlamalar, təcavüzlər
- Cinayətlər (özü də təfsilatı ilə, kim kimi harada, necə, nə formada, niyə o dünyaya göndərdi)
- Cinsi azlıqlar
- Azyaşlıların erkən ərə verilməsi (son hadisə lap gülünü vurdu: 13 yaşlı qızın uşağı oldu, ailə 23 yaşlı kişidən şikayət etmədi və onların evlənmələrinə böyük əksəriyyət əl çalır. Adamın matı-qutu quruyur. Kim zəmanət verir ki, daha belə hallar bu ölkədə olmayacaq?)
- Qeyri-etik qeyimli və qeyri-etik leksikonlu Xalq artistləri
Siyahını uzatmaq olar, amma bu qədəri kifayətdir.
Bütün bunlar bütün vaxtı sosial şəbəkələrdə dolaşan bütün insanların təhtəlşüurunda dərin izlər buraxır. Nəyə çox baxarsansa, nəyi çox görərsənsə, ona oxşamağa başlayarsan. Bizi bu vəziyyətdən ancaq xüsusi hazırlıqlı sosioloqlar çıxarda bilər. Artıq cəmiyyətdə sürətlə deqradasiya gedir. Bunun qarşısı gec də olsa alınmasa, biz çox dəyərlərimizdən məhrum olacağıq.