Türk dili ilə Azərbaycan dili arasında nə qədər oxşarlıqlar olsa da, bizim qrammatika, fonetika, lüğət tərkibimiz xeyli dərəcədə fərqlidir. Aşağıda oxuyacağınız kiçik yazıda bunu aydın görəcəksiniz. Həm onlar bizdə, həm də biz onlarda çox gülməli vəziyyətlərə düşürük. Bu dəfə sizə Türkiyədə həm məzəli, həm qorxulu, həm də gülünc vəziyyətə düşən həmyerlimizin əhvalatını onun öz dilindən nəql edəcəm. Türklər demiş, hadi bakalım, sıkı durun.
“Sizə bir neçə olay haqqında danışmaq istəyirəm. Ancaq haradan necə başlayacağımı kəsdirə bilmirəm. Bir az zordur. Nə qədər özümü zorlamağa çalışsam da, ilk öncə sizlərə ərz edim ki, bu yazını yazmaq fikrində deyildim. Amma xoşuma getməyən bir sürü şey var ki, dedim dostlarla bölüşüm. İnsanın qafasını şişirdən məsələləri saysam, deyəcəksiniz ki, ağlımızın ucundan keçməyib dediklərin. Bu yaxınlarda başıma bəzi işlər gəldi ki, şans əsəri sağ qaldım.
Ərz eləyim, agah olun. İşlə əlaqədar qardaş Türkiyədə qalmalı oldum. Bir gün bəzi arkadaşlarla qəssaba getdim. Ət almaq istəyirdim. Növbəm çatanda qəssabdan təvəqqe etdim ki, mənə erkək əti versin, həm də sümüksüz olsun. Bilmirəm nə oldu, qəssab da, məndən arxada dayananlar da şaşdılar. Hər kəs mənə baxırdı. Qəssabın qəzəbli baxışlarını görüb dedim: “Kardeş, noldu? Mən sümüksüz erkək əti istədim. Bir kilo olsun”. Arxamdakı insanlar bağırmağa başladılar: “Nasıl yani? Erkek eti mi? Nerde sümüklü et?”. Bir pəzəvəng adam da yaxamdan yapışıb “yamyam mısın sən?” deyə məni başı üzərinə qaldırmışdı ki, dostum qanımın arasına girib məni onun əlindən aldı. Əlqərəz, uzun illər orada yaşayan dostum qolumdan çəkib qulağıma bir şeylər fısıldadı. Şok oldum.
Bir dəfəsində də yeni qonşularım mənə müsafir oldular. Bakıdan qardaşım da yanımda idi. Meraklı qonşu qadınlar zarafatlaşıb “ne yakışıklı abin var, kalsın burda, belki kısmeti çıktı, evlendi” deyəndə “kardeşim subay deyil ki” dedim. “Ne fark eder canım? İlla da subay olması şart mı?” dedilər. “Nasıl yani, evlenmek için subay olmalı!” söylədim. Qadınlar bir-birlərinə baxıb gülüşdülər.
Yenə bir dəfə 20-30 kişilik ziyafətdə dostum məni öz çevrəsinə “çapqın” deyə təqdim edəndə çox rahatsız oldum. “Abi, çapqın nə ya? Dəlimisin? Polis falan duyar, yanlış anlar” dedim. Dostum “biradər, hiç lafı kıvırma. Sen gördüyüm en çapkın adamsın!” dedi. Sonra da anlatdı mənasını. Ondan sonra rahatladım.
Hə, az qala yadımdan çıxmışdı. Dostum bir gün işdən sonra qolumdan dartıb apardı məni bir yeməkxanaya. Dedi sən menyuya baxsan, bir saat vaxt keçəcək, ona görə özüm sifariş edəcəm. Nəsə, süfrəyə toyuqlu sous gəldi, adamın üstündə Allah var, ləzzətli idi. Yeməyin adını soruşanda dostum dedi ki, bu tərbiyəli toyuqdur. Dedim ay kişi, səndə ki bu sifət var, adama tərbiyəsiz toyuq da yedirdərsən. İzahdan sonra qanmışam ki, bu marinad edilmiş toyuq imiş. Nə yazıq ki, dostum bununla yetinməyib mənə “söyüş yemək istərmisin?” deyə sual sordu. “Qardaş, nə fəna iş tutdum ki, söyüş də yeyim?” dedim. Güldü, dedi sən bəklə. İçimdəki həyəcan qarson masaya qoyduğu yeməyin söyüş olduğunu deyəndə keçdi.
Bir dəfə də bir partidə Bakıda iş adamı olan bir dostum haqqında ev tikdirmək istəyən türk arkadaşıma söhbət açdım. Dedim ki, karxana işlədən dostumla səni tanış edəcəm, məmnun qalacaqsan. Arkadaş şaşdı. “Yengəm də çox sevəcək” deyəndə türk qonaq az qala bayılacaqdı. Qanlı-qanlı mənə baxıb aralandı. Bir daha üz-üzə gəlmədik. Hələ də anlamış deyiləm nədən belə etdi.
İllər öncə bir firma açmışdım. Bəzi dostlarımı onda itirdim. Anlarsınız ya, iş həyatında hər şey olur. Ən yaxın dostumla bir dəfə söhbətləşəndə dedim ki, əlimizə yaxşı para keçsin, tanıdığımız adamları dolandıraq. Nə olduğunu anlamadan türk ortağım bağırdı: “Sen ne zübük adamsın ya! Kıl oluyorum sana” dedi. Allah məni qəhr etsin əgər bir şey anladımsa. Dedim, kardeş, qıl nədir, zad nədir, sən nələr konuşuyorsun belə. Neyse, davamız bitmeyecekdi eger sözlüyü alıb baxmasam. Aramızda anlaşılmazlıq olduğunu kəlmələrin mənasını biləndən sonra dərk etdim. Arkadışım da məni dinləyib sakitləşdi, bizim dildə ona “dolandırmaq” sözünü izah etdim. Estafurullah, bunu eşitcək Mehmet abi mənə nə desə yaxşıdır: “Ha yaşa, şimdi anladım seni. Şöyle desene!
Hələ bunlar bir yana. Keçənlərdə dolmuşda şoförə “karşıda sakla, düşəcəm” desəm də saxlamadı. Bir də təkrar etdim. Yanımdakı ərkək “efendim, nasıl düşeceksin ki, kapılar kapalı?” söyləyəndə “düşmək istiyorum” dedim. Qarşıdan bir xanım dönüb “kızmayın, ama neden ısrar ediyorsunuz?” sordu. “Nasıl yani, efendim, düşeceyim ben burada”. Deyəsən, mənə ağlını oynatmış kimi baxırdı hamı. Dolmuşdan məni itələyib yerə saldılar. Çox sonralar anlamışdım niyə belə etdiklərini.
Odur-budur, doğru-dürüst danışmağa özən göstərirəm. Əcəba, alınırmı?”
Lüğət:
zorlamak – məcbur etmək
şans eseri – təsadüfən
sümük – burun seliyi
yamyam – adamyeyən
flsıldamak – pıçıldayan
subay – zabit
lafı kıvırmak – boyun qaçırtmaq, boynuna almamaq
çapkın – soyğunçu (bizdə) – şorgöz (türkcə)
terbiyeli- marinad edilmiş
söğüş – pörtləmə ət
kerhane – pozğunxana
zübük – öz mənfəətini güdən, eqoist, fırıldaqçı, namussuz
kıl olmak – qıcıqlanmaq, xoşu gəlməmək
dolandırmak – dələduzluq etmək
düşmek – yıxılmaq
P.S. İndi özünüz deyin: lüğətə ehtiyac var, yoxsa yoxdur? Eynidirmi? Hamı hər şeyi dərhal başa düşürmü?