- Köşə

Aygün ƏZİZ. Bu gün dünya təqvimində “12-lər Günü” (On İkilər Günü) qeyd olunur

Bu bayramın yaranması 12 rəqəminin mahiyyəti, sehri ilə yanaşı özündə, tarixində, izahında gizlətdiyi məna ilə bağlıdır. Say sistemindəki bəzi rəqəmlərə ta qədim zamanlardan bəri xüsusi diqqət ayrılıb, onun nəinki insanlara, hətta hadisələrə, ümumi kainata təsirindən danışılıb, yazılıb. Müdrik insanlar, filosoflar, alimlər, münəccimlər rəqəmlərin altındakı sirləri çözməyə cəhd ediblər.

Müxtəlif xalqlarda və mifologiyalarda fərqli rəqəmlər müqəddəs sayılıb. Dünya nə qədər sivilləşsə də, inkişaf etsə də, elm mifləri dağıtsa da bəşəriyyətin fikir tarixindən heç nəyi silə bilməyib. Müasir insan əcdadının inandığına yenə də inanmaqda davam edir. Əlbəttə, hamı yox. Amma əsas odur ki, bağlar qırılmayıb. Bizi keçmişimizə əlaqələndirən bağları deyirəm. Bu bağ ana bətnində dölün ciftlə anaya bağlanması kimidir; qidasını oradan – uzaqdan, keçmişindən alır. İnsan özü sirli varlıqdır, amma öz sirrini çözə bilməyən insan əhatəsində olan, varlığını çulğayan nəsnələrə məna yükləmək həvəsinə tarixin heç bir dövründə müqavimət göstərə bilməyib.

12 (on iki) rəqəminin xüsiyyətlərini araşdıraq.

Rəqəmlər meydana çıxmazdan əvvəl dünya saymaq üçün xətlərdən istifadə edib: Misir və Yunanıstan |, ||, ||| kimi vertical, Asiya isə ―, =, ≡ kimi şaquli xətlərdən. Zaman keçdikcə saylar çoxalmağa, başqa şəkil almağa başlayıb. Axı çox sayda olan nəsnələri yazıda göstərmək üçün nə qədər uzunluqda xətlər qoyulmalı imiş. Bu isə praktiki deyildi. VII əsrdə Hindistan riyaziyyatçıları 0-dan 9-a qədər onluq system yaratdılar. Lakin bir müddət sonra daha böyük ədədlərə ehtiyac labüd hala gəldi. 10 rəqəminin özü onluq sistemdə əhəmiyyətli işarəyə çevrildi və daha yüksək olanlar məhz bu 10-dan törədi. Məsələn, günümüzün mövzusu 12 rəqəminə baxaq.

 

12-yə müasir ingilis dilində “twelve” deyilir, bu da qədim ingilis dilindəki “twelf”“tuelf” sözlərindən düzəlib. Yəni hərfi tərcümə etsək, bu “10-dan sonra 2 qoymaq” deməkdir.

Zaman keçdikcə 12 rəqəmi riyaziyyat, astronomiya, din və mifologiya kimi sahələrdə əhəmiyyət kəsb etməyə başladı. Məsələn:

  • Qərb və Çin zodiaklarında 12 bürc var.
  • Yupiterin Günəş ətrafında tam dövrü 12 ildir.
  • Yunan əfsanəsinin qəhrəmanı Herakl 12 qoçaqlıq nümayiş etdirməli idi.
  • 12 Titan və 12 Olimpiya tanrısı olub.
  • İl 12 aydan ibarətdir.
  • Qədim insanlar 12 şimal, 12 cənub ulduzunu tanıyırdılar.
  • 24 saatlıq sutkanı əmələ gətirən 12 saat gündüz və 12 saat gecə vaxtıdır.
  • 12 həyat (5) və xoşbəxtlik (7) rəqəmlərinin cəmidir.

Dinlərdə də 12 rəqəminə xüsusi diqqət yetirilib. Məsələn:

  • xristianlıqda İsa Məsihin 12 həvarisi var;
  • hinduizmdə Günəş tanrısı Suryanın 12 adının olduğu məlumdur;
  • islamda isə Məhəmməd peyğəmbərin 12 qanuni varisinin olduğu deyilir.
  • Skandinaviya mifologiyasında 12 Tanrı – As var.

12 rəqəminə hüquqda, ədəbiyyatda, musiqidə, idmanda, hətta kinoda da rast gəlirik. Məsələn:

  • İngiltərə kralı II Etelred yerli istintaq orqanı kimi 12 nəfərdən ibarət jüri təşkil etmişdi ki, bu da müasir dünya məhkəmələrində olan 12 nümayəndədən ibarət analoji “andlı iclasçılar” qrupudur.
  • Aqata Kristinin “Şərq ekspresində qətl” detektiv povestində hadisələr 12 sərnişinlik qatarda vaqe olur. Məşhur xəfiyyə Erkül Puaro qurbanın 12 bıçaq zərbəsi ilə öldürüldüyünü aşkar edir.
  • Pifaqorun nəzəriyyəsinə əsasən, bir oktavada 12 not var.
  • “Texas A&M” futbol komandası ehtiyat oyunçuların sayının az olduğu bir oyunda ikinci kurs tələbəsi E. Kinq Qilli meydançaya çağırır. O, bütün oyun boyu hazır vəziyyətdə gözləyir. Bununla “Texas A&M”-də “12-ci Adam” ənənəsinin əsası qoyulur. Bu nəcib ənənə əlavə oyunçuların və azarkeşlərin bir-birinə mənəvi dəstəyə hazır olmalarını bildirir.

Bu gün həm də kosmosa ilk dəfə insanın çıxdığı gün, başqa cür desək, Yuri Qaqarin Günü qeyd olunur. Bu ayrı söhbətin mövzusu olsa da, məhz bu tarixdə – ayın 12-də bu tarixi hadisənin baş verməsi təsadüfdürmü, yoxsa Allahın, göylərin, tanrıların mistik planıdırmı?