- Köşə

Aygün ƏZİZ. Çin müdrikləri əxlaq haqqında

BAŞQALARINA ZƏRƏR VERMƏ

  • Yaxşılıq etmək su kimi bir şeydir: suyun hər şeyə faydası var, amma özü heç bir təmənna güdmür.
  • Ali insan əxlaqın nə olduğunu bilir. Cılız olan isə hər şeydə öz xeyrini güdür.
  • Kiminsə həyatını xilas etmək yeddimərtəbəli paqoda (Çin məbədi) inşa etməkdən əfzəldir.
  • Yemiş əkən yemiş, lobya əkən lobya biçər.
  • Bütöv gil lövhə olmaqdansa, qırılmış nefrit parçası olmaq daha yaxşıdır (Şərəfsiz ömürdənsə, şərəfli ölüm əfzəldir)
  • Əsl qızıl sobadan qorxmaz (İnsanın iç üzü (əsl xarakteri) çətinliyə düşəndə bilinir)

SƏHV ADDIMIN FƏSADLARI

  • Bir yanlış hərəkət bir ömür boyu peşmançılıq gətirə bilər.
  • Kimisə vursan, üç gün narahatlıq keçirəcəksən, kiməsə qarğış eləsən üç gün xəcalət çəkəcəksən (Namünasib davranış peşmançılıq və narahatlığa səbəb olar)
  • Gün ərzində ayıb sayılan hərəkət etməmisənsə, gecə qapını kabus döyəcəyindən qorxma (Əxlaq və vicdanla hərəkət etmisənsə, təmiz vicdanla yatacaqsan)
  • Yaxşılıq yaxşılıqla, pislik də pisliklə mükafatlandırılacaq. Əgər hələ elə, ya da belə mükafatını almamısansa, deməli, hələ vədəsi yetişməyib)

YANLIŞ DAVRANIŞ GİZLİ QALMIR VƏ BİR GÜN CƏZALANDIRILIR

  • Tanrının ədaləti tükənməzdir. Hamıya və hər yerə çatır. Onun gözündən heç nə yayınmır (Heç kəs ilahi ədalətdən kənar qalmır)
  • Alovu kağıza sara bilməzsən (Həqiqət aşkar olar, pis hərəkət gizli qalmaz)
  • Əllərin nə qədər iri olsa da, bütün səmanı qapaya bilməzsən (Yanlış davranışını bir müddət gizlədə bilərsən, amma həqiqət gec-tez üzə çıxacaq)
  • Rahib aradan çıxar, amma məbədi yerində qalacaq (Pis hərəkətin cəzasız qala bilər, amma bu çox çəkməz, çünki hakim dairələr ailənin, evini-eşiyinin yerini bildiyinə görə tezliklə səni ələ keçirməyə müvəffəq olacaqlar)
  • Yaxşı əməllər nadir hallarda gözə görünür, pis əməllərsə düz-dünyaya yayılır (İnsanlar yaxşı xəbər carçısı olmaqdansa, qeybət və şayiələri yaymaqda yarışa girirlər)
  • Pis əməl etdiyini gizli saxlamaq istəyirsənsə, yaxşı olar ki, heç onu etməyəsən.

NƏFSİNƏ QUL OLMA

  • Çayın qırağı ilə yeri, görəcəksən ki, ayaqqabıların islanır (Başqalarına imtiyaz verə bilən adamlar rüşvətə meylli olar)
  • Şərabdan sonra (çox içilən şərabdan sonra) ləyaqət qalmaz (Spirtli içki əxlaqsızlığa sürükləyir)
  • Balıq yeməsən, ağzından balıq iyi gəlməz (Naqis hərəkət etməmisənsə, problemlərdən uzaq olacaqsan)

PEŞMANÇILIQ VƏ GÜNAHLARDAN ARINMA

  • İztirab ümmanının dibi yoxdur, amma ərtafına baxsan, sahil gözünə dəyəcək (Peşman olmaq heç vaxt gec deyil; səhv yolda olan adam əməllərini düzəltsə, qurtuluş yolunu tapacaq)
  • Qəssab bıçağını yerə qoysa, elə ayaqüstə Budda (yəni: müqəddəs) ola bilər (Yanlış əməl sahibi şər iş görməkdən imtina edən kimi qurtuluş tapa bilər)

“Çin atalar sözü və məsəlləri” kitabından tərcümə (ingiliscə versiya)