9 sentyabr 1828-ci ildə dünya ədəbiyyatının nəhənglərindən biri – rus yazıçı Lev Tolstoy anadan olub. Aşağıda yazılanlar onun həyatı haqqında müxtəlif rus mənbələrindən toplanıb tərcümə edilmiş faktlardır.
- İki il Kazan İmperator Universitetində təhsil alıb. Tatar, ərəb dillərini bilirdi, Bibliyanı orijinalda oxumaq üçün qədim yəhudi və qədim yunan dillərini də öyrənmişdi. Poliqlot idi. 60 yaşında olanda 13 xarici dil bilirdi.
- 28 sevimli rəqəmi idi.
- Musiqi ilə ciddi maraqlanırdı. Şopen, Şuman, Mendelson və Motsartın əsərlərini saatlarla pianinoda çalırdı. Hətta özünün bəstələdiyi vals da olub. “Sergi Ata” filmində bu vals səslənir.
- Nekrasov onun haqqında Turgenevə “Bu adam başdan-ayağa istedaddır və gələcəyi parlaqdır, ümidverici təsir bağışlayır” deyə yazmışdı.
- Çox ziddiyyətli şəxsiyyət idi.
- Uzaqdan Puşkinə qohumluğu çatır. Puşkinin nənəsinin anası ilə Tolstoyun anasının ulu nənəsi doğma bacı olublar.
- 13 uşağı olub, 5-i müxtəlif səbəblərdən kiçik ikən tələf olublar.
- Şəxsi kitabxanasında 39 dildə 23 mindən çox kitab varmış.
- Şekspirə tənqidi yanaşır, onu ümumiyyətlə qəbul etmirdi.
- 16 dəfə ədəbiyyat üzrə, 4 dəfə də sülh üzrə Nobel mükafatı üçün namizədliyi irəli sürülmüşdü, müəyyən səbəblərdən alınmadı.
- Çexovu dərindən qiymətləndirir, onu dahi yazıçı hesab edirdi.
- Dünyanın müxtəlif ölkələrindən olan oxucuları ilə mütəmadi olaraq məktublaşırdı.
- Təxminən 50 yaşında vegetarian oldu. Qəti olaraq ət yeməkdən imtina etdi.
- Xətti o qədər pis idi ki, nəşriyyata verməzdən əvvəl arvadı və qızı əlyazmalarının üzünü köçürürdülər. Başqa heç kəs onun xəttini oxuya bilmirdi.
- Bir dəfə az qala Turgenevlə duelə çıxacaqdı, lakin xoşbəxtlikdən xəta sovuşdu.
- Öləndə ondan 165 min vərəq əlyazma və 10 mindən çox məktub qalmışdı.
- İt hürməsinə dözümsüz idi və özündən çıxırdı.
- Meyvələrdən albalını görən gözü yox idi.
- Ən sanballı əsərlərini evlənəndən sonra yazıb.
- Bütün əsərlərinin külliyyatı 90 cild kitabdan ibarətdir.
- Fiziki işdən heç vaxt qorxmayıb. Hətta tarlasında özü işləyirdi.
- “Hərb və sülh” əsərini tartan-partan (cəfəngiyyat) adlandırırdı.
- 67 yaşında velosiped sürməyi öyrəndi.
- Sevimli işlərindən biri çəkmə tikmək idi. Nəinki özünə, yaxın qohum-əqrəbasına da tikirdi.
- 3 dəfə piyada (200 km) Moskvadan Yasnaya Polyanaya gedib.
- Yasnaya Polyanada kənd uşaqları üçün məktəb açmışdı.
- Arvadı ilə münasibətlərində də xarakteri dözülməz idi. Gah ona nəvaziş göstərir, sevgisini əsirgəmir, qısqanır, gah da tamamilə laqeyd olurdu. Eyni zamanda arvadına qarşı hədsiz dərəcədə tələbkar idi. Qadın ərinin kaprizlərindən dəli olmaq dərəcəsinə çatmışdı.
- Feminizmin qatı əleyhdarı idi. Elə hesab edirdi ki, qadın nə işlə məşğul olursa olsun (istər müəllimlik etsin, istər həkimlik, ya lap incəsənətlə məşğul olsun), onun bircə məqsədi var: cinsi istək. Ümumiyyətlə, “oxumuş qadınlar”ın azad olmaq istəklərinin əleyhinə idi. Bir sözlə, qadın azadlığını cəfəng şey hesab edirdi. Kübar və oxumuş qadın olan arvadı Sofya ərinin bu düşüncələrindən əzab çəkir və dəhşətə gəlirdi.
- Əsərləri Mahatma Qandiyə böyük təsir etmişdi. Onlar məktublaşırdılar.
- Ruh düşkünlüyünə görə həkimlər ona kumıs (at südü) içməklə müalicə olunmağı tövsiyə etmişdilər.