- Köşə

Aygün ƏZİZ. Mənim 11-lərim birlərimdir…

Gəldiyimiz dünya, içində olduğumuz aləm, yaşadığımız həyat sirlərlə, anlaya bilmədiyimiz sehrlərlə doludur. Məni bəzən heyrətə salan, bəzən saatlarla düşündürən tapmaca kimi məqamlar olur.

Həyatımda sehrli olan mənim on birlərimdir. On bir – 11 mənim üçün əsrarəngiz bir rəqəmdir. Yazılışı da, görünüşü də. Birin qoşası da birdir. Birləri düzüb nə qədər artırsan, yenə də bir alınır. Birlərin ordusu olur. Birlərin nizamlı duruşu görünür. Birlərin, yəni ilklərin sırası yaranır. Bu birlər insanın həyatının müxtəlif dövrlərində müxtəlif hadisələrlə assosiasiya olunanda, fərqli vaxtlarda meydana çıxanda artıq qeyri-adi mənzərə yaranır. Bu mənzərənin fonunda yaranan xoş dəyişikliklər sevinc oyadır.

11-lərin həyatımda qəribə düzülüşü var. Numerologiyada 11 həm 1-in, həm də 2-nin (1+1=2) sirrini özündə birləşdirir. Bu da o deməkdir ki, mənim həyatıma, tutduğum və getdiyim yola, bağlandığım işlərə, insanlara, cəlb olunduğum hadisələrə birbaşa olaraq başqa 1, 11 və 2 rəqəmləri ilə bağlılığı olan insanların və hadisələrin böyük təsiri, sirli bağı var.

Söhbəti uzatmaqdan uzaq olub, mətləbi yaxına çəkərək fikir lövbərini burada salmaq istəyirəm: 11-ci ayın 11-ci günü səhər saat 11-də bu dünyaya göz açan birinin ömür boyu arzusunda olduğu və içinə düşəndən sonra cani-dildən, sevərək, bütün enerjisini, bacarığını təmənnasız bir şəkildə həsr etdiyi ictimai işlə məşğul olan və onun da ad günü 11-i marta düşən bir təşkilatda qərarlaşması 11-in mənə əsrarəngiz lütfü deyilmi?!

11 mart (mənim növbəti 1-im olan 11-im) 4 il bundan əvvəl tanış olduğum və məmnuniyyətlə daxil olduğum FADMM-in ad günüdür. Yubileyini hamı üçün gəlmək rahat olsun deyə 15-inə keçirdik. Gələn dostlarla və onların səmimi çıxışları ilə tədbirimiz daha da rövnəqləndi. Qol qoyduğumuz bu işdə hamımıza uğur daim yar olsun. Gördüyümüz iş çətindir, ağırdır, səbir və dözüm tələb edən məsuliyyətli və şərəfli işdir. Ən yuxarıda Vasif Sadıqlı (yeri gəlmişkən, onun da ad günü 1 rəqəmi ilə bağlıdır) olmaqla bütün üzvlərimizə bu müqəddəs amal uğrunda dözüm, səbir və müvəffəqiyyət arzulayıram, bizə dəstək olan dostlara, bizi diqqətlə oxuyan, gördüyümüz işlərlə maraqlanan, mənəvi dəstəyini əsirgəməyən vəfalı yoldaşlara səmimi təşəkkürümü bildirirəm.

Böyük oğlan ol, FADMM!