- Köşə

Aygün ƏZİZ. Mağaradan çıxaraq ağ ata minib köndələn çapan neandertallara təlimat

Bayırda öz möcüzələri, kəşfləri, yenilikləri, xariqələri ilə XXI əsrdir. Düşüncə, təfəkkür və mədəniyyətdə isə hələ mağarada yaşayan yarımvəhşi neandertalların ətrafımızda cövlan etməsini “Filadelfiya əməliyyatı”ndakı gəmi ilə hansı yollasa bu eraya gəlib düşməklə izah etməkdən başqa çarəm yoxdur.

Bütün dünya üzrə mədəni insani davranışlarının necə olması haqqında mobil telefon və sosial şəbəkə etiketi mövcuddur. Bu dövrdə yaşayırlarsa, bu etiketlərə əməl etmək XXI əsr neandertallarının da boynuna düşən ümdə davranış tərzlərindən biri olmalıdır.

  • Mesajlar qısa və konkret yazılmalıdır. Uzun olan mətnlər yazmaqla siz qarşı tərəfin vaxtını oğurlayır, çürükçülük edir, səbir daşırdır, qan qaraldırsınız.

Ürəyiniz doludursa, “kəsə getmək” mümkün deyilsə, mesajı qısa-qısa hissələrə bölün. Səs mesajları 2 dəqiqədən çox olmamalıdır. Hər halda qarşı tərəfin ürəyinin silikondan olmadığını biləcək yaşda və ağıldasınız. Adamın ürəyini nişan almayın, ağrıdır…

  • Xüsusi tanışlığınız yoxdursa (oxu: “çaşka-lojka” deyilsinizsə), yaxın münasibət statusundan uzaqsınızsa, mesaj yazanda qolunuzdakı, ya da divardakı saata baxın. Ən azından iki əlli yapışdığınız mobil cihazın ekranında da saat var. Ora da baxa bilərsiniz. Amma telefonda saata baxanda qurşaq fərqini nəzərə alın. Nə bilim, siz Bakıda oturub okeanın o tayının saat qurşağını quraşdırmamısınız.

Bakı vaxtı ilə 09:00-19:00 normaldır. Birincidən tez, ikincidən gec artıq başqasının şəxsi həyatına burnu girmədiyi yerdə başını dürtməkdir.

  • Müraciət edəndə “siz” şəxs əvəzliyindən istifadə mütləqdir. Tanımadığınız adama “sən” demək sizi ona yaxınlaşdırmır, əksini edir və özünüzü gözdən salırsınız. “Necəsən?” də yaxşı deyil. Tanımadığım adamı mənim necəliyim maraqlandırmamaldıır.
  • Gül-çiçək buketləri də atmayın. Vallah, o qədər vaza yoxdur evdə, gülləriniz solur, heyifdir.
  • Nəhayət, “sizi onlayn gördüm, ona görə yazdım” deyə özünə bəraət “pul kisəniz stolun üstündə idi, ona görə oğurladım”dan heç də fərqlənmir.
  • Vəəə son şrtix olaraq əlavə etməyə məcburam: sosial şəbəkədə olan hər qadın özünə həmdəm axtarmaq eşqi ilə hesab açıb kandarda oturaraq “ağ atlı” “neandertal”ı gözləmir.

Haşiyə: çox ümid edirəm ki, haqqında yazdığım “etiket”i neandertallar hansısa məhsulun üzərinə yapışdırılan “etiket”lə (digər adı: yarlıq) səhv salmayacaqlar.