- Ədəbiyyat

Aygün ƏZİZ. “Mark Tven: Allahın dəlisi”

Samuel Lanqhorn kimi doğulsa da, istedadlı təhkiyəçi, iynəli yumorist, çılğın moralist, vasvası jurnalist və nəhayət, ölümündən sonra da haqqında danışılan amerikalı yazıçı Mark Tven…

Zəif, xəstə uşaqlıq, bihudə xəyallar, böyüyən uşaq dünyası

Ailənin altıncı övladı, yeddi aylıq doğulan Samuel Klemens ipə-sapa yatmayan nadinc uşaq olsa da, 10 yaşına qədər zəif və xəstə olduğuna görə anası onu digər bacı-qardaşlarından daha çox əzizləyib, qayğısını çəkib və cürbəcür üsullarla müalicə edib. Bunlar onun uşaqlıq yaddaşının bir hissəsində yığılıb qalıb və sonradan “Tom Soyerin macəraları” və digər əsərlərinə yol tapıb. Ceyn Klemens 80-ni haqlayanda Samuel “mənim üstümdə nə qədər əsirdin, ana, qorxurdun ki, ölərəm?” deyə soruşanda yumor hissini itirməmiş qoca qadın “yox, qorxurdum ki, ölməzsən” deyə cavab verib.

Ailənin başçısı Con Klemens qaradinməz, sevgi etiraflarında xəsis, zarafatla arası olmayan, lakin külfətinin qayğısını çəkmək üçün hər zəhmətə qatlaşan ciddi görkəmli kişi olub. Deməli, Samuel xarakterindəki baməzəliyi anasından əxz edib.

Maddi ehtiyac məngənəsində sıxılan böyük ailənin xəyalpərəst oğlu çox sonralar belə yazırdı: “Həyata kasıb başlamaq yaxşıdır. Həyata varlı başlamaq da yaxşıdır. Ancaq varlanacağını düşünə-düşünə yaşamaq bir həyat deyil… Elə bizim evimizi də bu yıxdı. Bu ümidlər bizi tənbəl xəyalpərəstə çevirdi, bütün daxili gücümüzü yatırtdı. Bunun nə demək olduğunu anlamaq üçün bu məşəqqətin içindən keçmək lazımdır”.

Maddi vəziyyəti düzəltmək üçün Missisipi çayına yaxın olan Hannibal şəhərinə köçməkləri balaca Samuelin uşaq yaddaşına gözəl xatirələrin yazılmasına zəmin olub. Burada gördükləri – qumarbazlar, malyükləyənlər, avarçəkənlər, bərələrlə o tərəf-bu tərəfə səyahət edən adamlar onun uşaq təxəyyülünü genişləndirib, öz yaşıdları ilə gördükləri adamları təqlid edərək cürbəcür oyunlar oynamaqla  günlərini rövnəqləndirib. Dostluq etdiyi uşaqlar qəhrəman və bəzi digər obrazlar şəklində gələcəkdə yazacağı əsərlərində zühur ediblər. C.Kuper, V.Skott və başqalarının əsərlərindəki macəra dünyası ilə tanışlıq bədii dünyagörüşünü formalaşdırıb.

Balaca bacısı və qardaşını müəyyən xəstəlik səbəbilə itirməsi Samuelin uşaq psixologiyasına təsirsiz ötüşməyib. Üstəlik, ailə başçısının da sətəlcəmdən dünyasını dəyişməsi onda qorxu yaradıb. Ailənin pisləşən vəziyyəti, üstəlik də yığılan borclar bütün əldə olan varidatın satılmasına gətirib çıxarıb.

İçində olduğu sosial mühit müxtəlif cinayət və zorakılıq hadisələri ilə dolu olub. Şahidi olduğu bir çox hadisələr sonradan yazacağı əsərlərdə öz əksini tapacaqdı.

13 nəhs rəqəm deyil və ya rəngarəng təxəllüslər sahibinin keşməkeşli gəncliyi

Atasının ölümündən sonra tale Sameuli çox daşlı-kəsəkli yollara salıb. 13 yaşlı oğlan uşaqlığı ilə vidalaşmaq məcburiyyətində qalaraq bir neçə müxtəlif işdə özünü sınayaraq, nəhayət, 1848-ci ildə “Missouri Courier” qəzetində çapçı şagirdi kimi işə götürülüb. İki il sonra o, həftəlik qəzet nəşr etməyə başlayan böyük qardaşının yanında işə düzəlib. Burada təkcə mahir çapçı kimi deyil, eyni zamanda, məqalələr yazmaqla, eskizlər çəkməklə öz gələcək taleyinin xəttini cızıb. Sonralar redaktor kimi də müəyyən işlər görüb. Yazıları Şərq qəzet və jurnallarında da dərc olunmağa başlayan Samuel ilk dəfə “V.Epaminond Adrast Perkins” təxəllüsündən istifadə edib. “Mark Tven”ə qədər “Tomas Cefferson Snodqrass”, “Quintius Curtius Snodqras”, “Coş” da onun çoxsaylı təxəllüslərindən olub.

17 yaşlı gənc Samuel ailə bağlarından qoparaq bəxtini təkbaşına sınamaq qərarını verdikdən sonra düz iyirmi il bir çox yerlərdə işləyib. 37 yaşına qədər ədəbiyyat adamı olmasını dərk etməyib. Dolanışığını təmin etmək, pul qazanaraq dar dairədən çıxmaq, qıraq yerlərə getmək, səyahət etmək fikrinin verdiyi cəsarət onun yolunu əvvəlcə Nyu-Yorka, daha sonra Filadelfiyaya, oradan da Vaşinqtona salıb. Geniş mütaliəsi və böyük şəhərlərin işıqlı həyatı Samuelin gözlərinin açılmasına səbəb olub. Artıq o, avam, qorxaq kənd uşağı obrazından çıxıb. Ancaq əldə etdiklərinə qane olmayan gəncin iddiaları yüksək, xəyalları tükənməz idi; o, tanış olduğu bir kapitana təlim keçməsi üçün 500 dollar ödəyərək sonradan etiraflarında bunun özünə ən uyğun iş olduğunu deyərək gəmi kapitanlığı peşəsinə yiyələnib.

Bu ərəfələrdə Samuelin ürəyini özündən 8 yaş kiçik Laura Rayt adlı bir qız oğurlasa da, bu münasibət mənasız bir səbəbdən yarımçıq qalıb. Xeyli məktublaşsalar da, bir nəticə hasil olmayıb. Sameul onu ömrünün sonuna qədər unutmayıb. İkinci mənəvi və psixoloji zərbəni də yaxşılıq edərək gəmidə iş tapdığı kiçik qardaşının təsadüf nəticəsində gəminin partlaması səbəbindən həlak olması zamanı alıb. Ölən günə qədər bu məsələdə özünü günahkar hiss edib.

 

Suyun dərinliyi nə qədərdir və ya Samuel Klemens necə Mark Tven oldu

 

Çay gəmisində işləyən zaman Samuel ədəb-ərkanı, nizam-intizamlı olması ilə iş yoldaşlarının rəğbətini qazanıb. Eyni zamanda, qəzetlərə məqalələr də yazıb. Yumor hissi güclü olan gənc ədib bir dəfə arvadına məktubunda iş yoldaşlarını “nişastalı oğlanlar” adlandırıb. İngilis dilindəki bu ibarə yumor hissi olmayan, daim ciddi sifətli adamlar haqqında işlədilir.

Təxəllüsünün yaranması üçün bir neçə versiya olsa da, tədqiqatçlılar əsasən ikisinin üzərində dayanırlar. Birininci budur ku, çay gəmisində işlədiyi zamanlar “mark twain” gəmiçilər arasında suyun dərinliyinin 12 fut mənasında təhlükəli olub-olmamasını göstərmək üçün istifadə edilən termin olub. İkinci versiya isə budur ki, “twain”  qədim ingilis dilində iki deməkdir; bəzi ehtimallara görə, Samuel restoranda içkini həmişə iki-iki sifariş edər və ödənişin borca yazılmasını bildirmək üçün “mark twain” – “məni iki dəfə üçün qeyd et” deyərmiş.

1863-cü ilin fevral ayında müxbir işlədiyi qəzet üçün ilk dəfə “Mark Tven” imzası ilə ardıcıl olaraq 3 məqalə yazıb. Bu təxəllüslə məşhurlamağı üçünsə hələ bir neçə il keçməli olacaqdı.

Məhəbbət yenə qapını döyür… uşaqsiz evdən ev olmaz deyən ideal ata

Sonrakı il San Fransiskoya üz tutan Sameul artıq yerli qəzetlər üçün müntəzəm məqalələr yazıb. Ancaq şöhrətin zirvəsinə “Kalaveraslı məşhur sıçrayan qurbağa” hekayəsi ilə qədəm qoyub. Sendviç Adalarına (indiki Havay adaları) qəzet müxbiri sifətilə dəvət olunan Samuel artıq sevilir və öz oxucu kütləsini formalaşdırır. Çoxlu səyahətlər edən yazıçı bir dəfə Çarlz Lanqdon adlı bir gənclə tanış olub söhbətləşir. Oğlan təsadüfən bacısı Oliviyanın şəklini göstərəndə, Sameul, necə deyərlər, bir könüldən min könülə qıza aşiq olub. İki il çəkən pərəstişkarlıq dövrü izdivacla nəticələnib. Bir oğlu və üç qızı doğulub. Uşaqlarına bağlı ata olub. Təəssüf ki, ilk övladı olan oğlunu 2 yaşında difteriyadan itirib. Oliviya ilə bütün ümidlərini böyük qızı Syuziyə bağlayan Samuel onun haqqında “körpə olsa da, böyük düşüncələri var” deyə bəhs edib, qızının maraqlı və yumor dolu sözlərindən ibarət bloknot tutub. Amma sən saydığını say, gör fələk nə sayır. Suzi 24 yaşında meningitdən dünyasını dəyişib. Bu, ailə üçün böyük zərbə olur. Üçüncü övladı Klara Syuzidən 2 yaş kiçik olduğuna görə böyük bacısına çox oxşayırdı. Elə ailənin ürəyinə bir az da sərinlik gətirən və bədbinlikdən xilas edən bu olub. Ancaq təəssüflər olsun ki, fələk bu ailədən əlini “çəkməmişdi”. Ən kiçik qız Ceyn uşaqlıqdan epilepsiyadan əziyyət çəkib. Həyat dolu, totuq, şirin qız olduğuna görə atası məktublarında onun haqqında “qarpız kimi toppuş, şipşirin qızcığaz” deyə bəhs edib. Amma 29 yaşında həyata əlvida deyən Ceyn ailənin ürəyinə dağ çəkib. Bircə Klara qocalana qədər yaşayıb və 88 yaşında dünyasını dəyişib.

Sədaqətli həyat yoldaşı, yaxud cənnətin yeri haradadır…

Oliviya bütün yaradıcılığı boyu ərinin yaxın dostu olub. Onun yazılarını, romanlarını, qeydlərini, məqalələrini redaktə edib. Yeri gələndə ərini tənqid etməkdən də çəkinməyib. “O, vəfalı qadın, ağıllı və əzabkeş redaktordur”, – deyə yazıçı onun haqqında qeyd edib. Ağır xəstəliyinə baxmayaraq, ölümünə bir neçə ay qalmışa qədər – gücünün imkan verdiyi anlara qədər ərindən köməyini əsirgəməyib. İctimai işlərdə də özünü irəli atan Oliviya qadın haqlarının carçısı olub. Sevimli qadını uzun illər ağır xəstəliklə mübarizə aparsa da, xəstəliklə baş edə bilməyib…

… Samuel səyahət etməyi gəncliyindən çox sevib. Bütün ömrü boyu da bu adətinə xilaf çıxmayıb. 1904-cü ilin yay aylarında növbəti səyahəti zamanı Oliviya vəfat edir. Bu xəbər Samueli dərindən sarsıdır. Lakin bədxahları onun haqqında xoşagəlməz sözlər yayırlar. Dövrünün üzdə olan alimlərindən biri “Dediyi kimi arvadını sevsəydi, öləndə yanında olardı” deyə yazıb. Samuelə qarşı bəzi insanların kinli davranışını anlamaq çətin deyil; yaşlı vaxtlarına yaxın ədib daha çox ironiya dolu atmacalardan istifadə edib, haqsızlıqlara, rüşvətə, qanunsuzluqlara qarşı dözümsüzlük nümayiş etdirib, ünvanlı kinayəli sözlər atıb. Əlbəttə ki, belə şeylər onun özünə düşmən qazanmasına səbəb olacaqdı.

“Oliviya olan yer cənnət idi”, – yazıçı qəlb ağrısını belə ifadə edib. Hər bir halda, ömrü boyu dürüst olmağa çalışan, namuslu insan kimi tanınan Samuelin 34 illik ömür-gün yoldaşı haqqında dediyi sözlərin səmimiyyətinə şübhə etmək olmaz.

Depressiya… yaddaş zəifləməsi… küllərin yanında dəfn

 Ədibin həyatını araşdıraraq haqqında bir neçə kitab yazan Hamlin Hill “Mark Tven: Allahın dəlisi” adlı kitabında qeyd edir: “Ömrünün son 10 ilini cəhənnəm həyatı yaşadı. Dayanmadan yazırdı, amma yazdıqlarının çoxu yarımçıq qalırdı. Yaddaşının korlanması onu başladığı işləri bitirməyə qoymurdu”.

Samuel – Mark Tvenin əsəbləri son illər o qədər pozulubmuş ki, adam ancaq qəzəb püskürür, üstəlik də paranoyyanın çılğın mərhələsini keçirirmiş. Özünü sakitləşdirmək üçün siqar çəkir, yataqdan qalxmadan saatlarla kitab oxuyur, bəzən də fasiləsiz bilyard və kart oyunları ilə başını qatırmış.

Bu cür çox davam edə bilməzdi. 21 aprel 1910-cu il bütün əzablarına son qoyuldu; 74 yaşında həyatla vidalaşan Mark Tven Nyu-York ştatının Elmira şəhərində vaxtsız bu dünyadan köçən övladlarının da dəfn edildiyi ailə qəbiristanlığında sevimli Oliviyasının küllərinin yanında torpağa tapşırıldı.

Epiloq əvəzi:

Hələ sağlığında öləndən sonra haqqında danışılmasını arzulayan yazıçının arzusu həyata keçib. XXI əsrdə də populyarlığını qoruyub saxlayan ədib yalnız ölümünün 100-cü ildönümündə ictimaiyyətə təqdim olunması üçün öz əli ilə özünün avtobioqrafiyasını yazıb. Həmin kitab yazıçının vəsiyyətinə uyğun olaraq arxivdə məxfi olaraq saxlanılıb və 2010-cu ildə nəşr olunub.

Mark Tvendən aforizmlər:

  1. Siyasətçilər və bezlər tez-tez dəyişdirilməlidir; eyni səbəbə görə.
  2. Həyat qısadır. Qaydaları pozun. Tez bağışlayın. Öpüşəndə tələsməyin. Ürəkdən sevin. Qəhqəhə ilə gülün. Və üzünüzdə təbəssüm yaradan HEÇ NƏ üçün təəssüf etməyin.
  3. Mərhəmət – karın eşidə biləcəyi, korun da görə biləcəyi bir dildir.
  4. Heç vaxt axmaq adamlarla mübahisə etməyin. Onlar sizi dartıb öz səviyyələrinə salacaq və təcrübələri ilə sizi məğlub edəcəklər.
  5. Yaxşı qərarlar təcrübədən qaynaqlanır. Təcrübə isə pis qərarlardan yaranır.
  6. Qəzet oxumursansa, məlumatsızsan. Oxuyursansa, yanlış məlumat alırsan.
  7. İnsanları aldatmaq onları aldanmış olduqlarına inandırmaqdan daha asandır.
  8. Biz özümüzdə heyran olmalı bir şey görmürük, həmişə gizlicə kiməsə oxşamaq istəyirik. Əgər hər kəs özündən məmnun qalsaydı, onda qəhrəmanlar olmazdı.
  9. Əgər səsvermə nəyisə dəyişsəydi, bizə bunu etməyə heç icazə verməzdilər.
  10. İnsanları daha yaxşı tanıdıqca, itimi daha çox sevməyə başlayıram.
  11. Bu dünyanın problemi o deyil ki, insanlar çox az şey bilirlər. Bu dünyanın problemi insanların bildikləri çox şeylərin əslində heç də elə olmamasıdır.
  12. Qadınsız kişi necə ola bilərdi? Natamam, cənablar, natamam.
  13. Dürüst siyasətçi oksimorondur.
  14. Klassika insanların təriflədiyi, amma oxumadığı kitablardır.
  15. Sevgi axtarışında ağlının deyil, ürəyinin səsinə qulaq as.
  16. Yaxşı dostlar, yaxşı kitablar və sakit vicdan – ideal həyat bunlardadır.
  17. Məsələ dost yolunda ölmək deyil ki. Məsələ uğrunda ölməyə layiq dost tapmaqdır.
  18. Xəyallarınızdan əl çəkməyin. Xəyalsız insan, sadəcə, mövcud olur, amma yaşamır.
  19. Düzünü deyən adamın yaxşı yaddaşa ehtiyacı yoxdur.
  20. Hamımız Ay kimiyik. Heç kimə göstərmədiyimiz qaranlıq tərəfimiz var.
  21. Acından ölən iti doyuzdursan, o, heç vaxt dönüb səni dişləməz. İtlə insan arasındakı əsas fərq də budur.
  22. Hər zaman millətinə sədaqətli ol, hökumətə isə layiq olarsa.
  23. Birisigün də görə biləcəyin işi heç sabaha qoyma.
  24. Həyatda iki mühüm gün var: biri doğulduğun, digəri də niyə doğulduğunu anladığın gündür.
  25. Ürəyinlə məntiqin dili ilə danışa bilməzsən. Onun öz qanunları var və ağlın rişxənd elədiyi şeylərlə döyünür.
  26. Canlılar arasında ən qəddarı insandır. Həzz almaq xatirinə əzab verən yeganə canlıdır.
  27. Oxumayan adam oxuya bilməyəndən üstün deyil.
  28. Əsəbi olanda dördə qədər say. Lap əsəbisənsə, söy.
  29. Başqasının yerişini yeriməklə ahıl yaşa çata bilmərik
  30. Mənim qaydalarım məni qoruyur, amma səni məhv edər.