- Köşə

Aygün ƏZİZ. Övladlıq və vətəndaşlıq məsuliyyəti…

Son vaxtlar gündəm mövzusuna çevrilmiş ana dilini bilmək barədə məsələyə qısasa olaraq fikir bildirmək istərdim.

Müasir dünyada insan nə qədər çox bilirsə, bir o qədər özünə və ətrafına – həm şəxsiyyət, həm də vətəndaş olaraq xeyirdir. Ancaq başqa dilləri mükəmməl bilib, öz dilinin qol-qanadını sındıra-sındıra danışmaq, yazmaq, razılaşın ki, bağışlanası və ya müdafiə ediləsi hal deyil, ola da bilməz. Bu, ta keçmişdən – Mirzə Cəlil, Ə.Haqverdiyev, Ö.F.Nemanzadə, Ü. Hacıbəyli kimi klassiklərimizin bizə tövsiyəsidir.

Ana dilinə hörmət etmək hər bir insanın mənəvi borcudur. Heş düşünmüsünüzmü niyə bu dil “Ana dili” adlanır? Anamıza hörmət etdiyimiz, onu müqəddəs varlıq hesab etdiyimiz kimi onun dilinə də eyni sayaq yanaşmaq bizim birinci övladlıq, ikinci də vətəndaşlıq borcumuzdur. Bu bizim qarşımıza ikiqat məsuliyyət qoyur: anamıza ehtiram və rəsmi dil olan dövlətimizin qarşısında vətəndaşlıq borcu.

Elə isə niyə ətrafımızda ananın dilinə xor baxan, onu başqa dillərin sözləri ilə “kirlədən”, onu xor görən bu qədər insan – övlad və vətəndaş var?! Əcəba hüquqla tənzimlənmədiyi üçünmü bu qədər arxayınçılıq yaranıb? Axı niyə öz dilində danışmağı qanun səndən tələb etməlidir? Təəssüf ediləsi haldır.

Öz iş təcrübəmdən bir neçə məqamı müxtəsər olaraq bölüşmək istərdim. Mən 2003-2006-cı illər ərzində həm səfirlikdə, həm də evlərinə getməklə ABŞ səfirliyinin diplomatlarına Azərbaycan dilini öyrədirdim. Məlumat üçün deyim ki, bu barədə ABŞ dövləti digərlərindən daha fəaldır. ABŞ səfirliyinin əksər diplomatları dilimizi hələ bura gəlməzdən əvvəl orta danışıq, bəzən də yüksək səviyyədə öyrənmiş olaraq gəlirlər.

Biznes etikasına görə adları çəkməyəcəm. Deməli, tələbələrimdən biri o vaxtkı səfirin müavini idi. Məndən ilk gündən onunla yalnız azərbaycanca danışmağı xahiş etdi. Hətta sözü bilməyəndə də, onun tərcüməsini deməyimi istəmirdi. Hər dərs biz onunla müxtəlif mövzularda Azərbaycan dilində söhbətlər edirdik. Çox cüzi ləhcə ilə o qədər gözəl danışırdı ki, heyrət etməmək mümkün deyildi.

Digər tələbəm İctimai əlaqələr şöbəsinin müdiri idi. Bura gəlməzdən əvvəl iki il Türkiyədə diplomat kimi xidmət etmişdi. Amma adam o qədər cəhd edirdi ki, danışanda türk sözlərini qarışdırmasın! Diqqət edin, bu, olduqca vacib məqamdır. Əcnəbi mənim dilimdə danışır və cidd-cəhdlə dilimə yad sözlər pərçimləməməyə çalışırdı. Neçə dəfə mənə “filan sözü türklər belə deyirlər, sizdə necədir, mənə onu deyin, sizin dilə hörmətsizlik etməyim” deyirdi! Bu, hər halda sizə çox şeyi izah edir… Mənə deyirdi ki, “başa düşsəniz də, mənə təsadüfən türk sözü işlətsəm, səhv tutun, azərbaycanca olan qarşılığını öyrədin”.

Bir ayrı tələbəm də hansısa şöbə müdiri idi. O da xahiş etmişdi ki, hər dərsdə Azərbaycana aid bir mövzunu heç bir ingilis sözü işlətmədən müzakirə edək. Özü də müzakirə mövzularımız da sırf Azərbaycana aid mövzular idi: mətbəximiz, tarixi abidələrimiz, bölgələrimiz, mətbuatımız, ədəbiyyatımız və s.

Yəni mənə elə gəlir ki, burada daha artıq nəsə deməyə hacət yoxdur… Amma bizə yekə bir dəsmal lazımdır ki, götürüb ağlayaq, ya da bu biabırçılığı görməmək üçün üzümüzü örtək…