- Köşə

Aygün ƏZİZ. Öz dilimizə özgə sərvəti kimi baxıb məhv etməyək!

Biz niyə yarışMAlara QATILMAlıyıq?

Salat üçün kök, kartof və yumurta niyə RƏNDƏdən keçirilməlidir?

Biz sualı niyə SORMAlıyıq? Yaxud hesab SORMAQ doğrudurmu?

Özümüzdə sözlər mövcud ikən niyə seriallardan təsirlənib oradakı sözləri öz danışığımızda ARDARDA düzməliyik?

Tarakana niyə HAMAM BÖCƏYİ/MƏTBƏX BÖCƏYİ deməliyik?

Musiqi/mahnı yerinə PARÇAnı dinləməliyik?

Çəkmə varkən niyə ÇİZMƏ deməyə başlamışıq?

Özümüzü təbrik edəndə “İYİ Kİ DOĞDUN” demək hansı dil qaydalarımıza sığır?

Bizdə qəza baş verəndə sağ qalan adama ŞANS ƏSƏRİ sağ qaldı demirik.

Təəccüblü bir şeyi təsəvvür edərkən ona DODAQUÇURDAN deyək?

Bunları niyə kimlərsə ŞİDDƏTLƏ tövsiyə edir?

FALAN filandan daha xoşdur yəni?

Televizoru İZLƏYƏK, yoxsa televizora baxaq?

NəDənKimDƏN NİFRƏT ETMİRİK, nəyə, yaxud kiməsə nifrət edirik.

İÇ GEYİMLƏRİ iç dünyamızı gözəl göstərmək üçündür bəlkə?

Zəng etmək varsa, niyə TELEFON EDƏK?

AŞIRI deyəndə elə bir az çox aşırtmış oluruq…

O gün biri qarşı cinsdən xoşu gəldiyini izhar edəndə “ondan ELEKTRİK ALDIM” dedi. Görəsən neçə volt idi?

Qarınlı adamlar niyəsə GÖBƏKLİ olublar.

Emosional insanlar da DUYĞU SÖMÜRÜSÜ edirlər.

SONUNDA, bütün bunları niyə QƏBULLANIRIQ?

HAŞİYƏ: Müasir Türkiyə türkcəsini mükəmməl hesab edənlər üçün viktorina:
1.”Qız qardaş” varsa “oğlan qardaş” niyə yoxdur?
2.”Ana anne” və “baba anne” bizim “nənə” və “baba”mızdan neçə faiz üstündür?
3.”Kravat” eşidəndə bu sözü üstündə yatmaq üçün nəzərdə tutulmuş və “ruskoyazıçnıy çuşkalar”ın istifadə etdiyi yataq mebel hissəsi kimi başa düşürlər, yoxsa kişilərin boynuna bağladıqları aksesuar kimi?
4.”Sümüklü ət” alsalar qəssabla dava etməzlər ki?
5.”Karxana“da kişilərimiz əzab-əziyyətlə pul qazanır” cümləsini türk “arkadaşlar”ına desələr, reaksiya, oy “pardon”, “təpki” necə olar?

Abartdım ya“! Çox yazardım, amma zəhlənizi tökmək, “pardon”, “bıktırmaq” istəmədim.

Amma “dartışmaq” istəyən varsa, uzaqda deyilik, uzandıqca “dartaq”. Hələlik bu qədər 😀

DİLİMƏ ÇİBAN ÇIXMASIN, DİLİM DİNC DURMUR…

Deməsəm olmur… Deməsək olmur… Deməsəniz olmayacaq! Dilimizi qoruyaq!

Davamı olacaq…