5 may PORTUQAL DİLİ GÜNÜ qeyd olunur…
Bu, zəngin tarixi olan və dünyanın 4 qitəsində 260 milyondan çox insanın danışdığı dildir. Braziliya, Mozambik, Anqola, Kabo-Verde və Qvineya-Bisaunun rəsmi dövlət dilidir. Şərqi Timor, Ekvatorial Qvineya və Makaonun rəsmi dillərindən biridir. İspan, italyan, fransız və rumın dilləri kimi eyni kökdəndir. Kökü latın dilinə əsaslanır.
Əvvəllər bu dildə 23 hərf vardı, 2009-cu ildə əlifba islahatı zamanı K, W və Y hərfləri də əlavə edildi. Zərurət bu hərflərin istifadə olunduğu xarici sözlərin portuqal dilinə gətirilməsi ilə yarandı. Hazırda 26 hərfli əlifbası var. Ancaq burada bəzi hərflərin tələffüzünü dəyişən vurğu işarələri, sedil (hərfin fərqli tələffüz edildiyini göstərən quyruq işarəsi; məsələn: ç kimi) və diakritik (sedil kimi, lakin hərfin üstündə və ya altında qoyulan işarə; məsələn: ö kimi) işarələr də var. Məsələn, tilda burun samitlərini göstərən işarədir və yalnız “a” və “o” hərflərində istifadə olunur.
İlk dəfə IX əsrdə rəsmi sənədlərdə istifadə olunmağa başlayıb.
Portuqaliya 1139-cu ildə müstəqil ölkə oldu və 1209-cu ildə portuqal dili rəsmi dil statusu aldı. Bundan sonra Portuqaliya mədəniyyəti də çiçəklənməyə başladı.
Bu dildə ilk kitab Fransisko da Kruzun yazdığı “İşlər kitabı” 1482-ci ildə nəşr olunub. Məhz bu kitab dilin sonrakı inkişafı və yayılmasına böyük töhfə verib.
Bu dildə danışan Afrika ölkələrinin artan iqtisadi gücü ilə ingilis dilindən sonra sürətlə yayılan ikinci dildir.
Bir-birindən fərqli dialektləri var. Təkcə Braziliya və Portuqaliya portuqalcasında deyil, həmçinin bu ölkələrdəki müxtəlif region və bölgələrdə də bir-birindən fərqli dialektlərdə danışılır. Dialekt fərqi təkcə tələffüzdə deyil, lüğətində, qrammatikasında da özünü büruzə verir.
Bu dilin lüğət tərkibinin zənginləşməsində ərəb sözlərinin böyük təsiri olub. Müasir portuqal dilində təxminən 3 minə qədər ərəb dilindən keçə söz var.
“SAUDADE” deyə birbaşa olaraq digər dillərə tərcümə olunmayan söz var. Bu, insan hissi ilə bağlıdır. İzahı belədir: olmayan nəsnə, yaxud kimsə üçün ürəyini sıxacaq dərəcədə darıxmaq, qəribsəmək, həsrətini çəkmək. Lakin bir nüans var: insan, adətən, keçmişdə olmuş hadisənin, yaxud ayrıldığı, itirdiyi adamın həsrətini çəkir. “Saudade”də isə hətta keçmişdə olmamış, yaşanılmamış mübhəm bir hadisə və ya insan üçün darıxırsan.
Sonda bir neçə maraqlı idiomlarla da tanış olaq:
- yaxşı və fransız üsulu ilə yaşamaq – yəni: padşah kimi yaşamaq
- ağ buğda kimi – yəni: heç bir problemsiz, yağ kimi
- həddən çox üzüm tənəyi, lap azca üzüm – yəni: söz çox, əməl az
- illərdir ki, toyuq fırladır – yəni: öz işinin ustasıdır
- başında meymunlarla gəzir – yəni: başında axmaq fikirlər var, boş şeylər düşünür
- dilini dişlərə vurmaq – yəni: sirri ağzından qaçırtmaq
- qurbağa udmaq – yəni: içində saxlayıb, narazılığını bildirməmək
- başını Ayda gəzdirmək – yəni: diqqətsiz olmaq, xəyala dalmaq
- iti yoxdur, pişiklə oynayır – yəni: alternativ yol tapıb
- ağzı olan Romaya gedər – yəni: məqsədinə çatmaq, öyrənmək üçün düzgün suallar verən adam haqqında