Bu yaxınlarda atamın əlyazmaları, yığdığı köhnə qəzet-jurnalları saf-çürük edəndə əlimə mənim haqda yazılmış və 15 yaşımda tərcümə etdiyim ilk hekayənin dərc olunduğu 19 avqust 1991-ci ilin saralmış qəzeti keçdi. Nostalji hisslər keçirdim, 34 il əvvələ xəyali səyahət etdim. Orada yazılanları olduğu kimi köçürüb, xatirəni yeniləmək istəyimə güc gələ bilmədim…
TƏRCÜMƏ GUŞƏSİ
Aygün Əzizova Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Atası Rüstəm jurnalistdir. Bütün ömrünü respublika televiziyasına həsr edib. Filologiya elmləri namizəidir. Anası Xədicə xanım həkimdir. İnsanların sağlamlığı keşiyində dayanır. Aygün bu il orta məktəbi medalla bitirmiş və SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olmuşdur. Uğur olsun!
Aygün hələ orta məktəbdə oxuyarkən bədii yaradıcılıqla məşğul olmuşdur. Respublika mətbuatında bir sıra yazıları dərc edilmişdir. Aygün ingilis dilindən bədii tərcümələrə daha çox fikir verir. Özü də həm ingilis dilinin, həm də Azərbaycan dilinin potensial imkanlarından bacarıqla istifadə etməyə çalışır. Bu, hər şeydən əvvəl, bəzi isimlərin və sözlərin yazılmasında özünü göstərir. Məsələn, ingilis xalq qəhrəmanı Robin Hud indiyə kimi çox yerdə Robin Qud kimi yazılır. Aygün deyir ki, həm ingilis dilində, həm də Azərbaycan dilində “h” səsi var. Buna görə həmin ad ingilis dilində necə səslənirsə, onu Azərbaycan dilində də elə vermək lazımdır. O, indiyədək davam edən yanlış ənənəni qıraraq öz fikrinə sadiq qalmışdır.
Aşağıda onun ingilis dilindən etdiyi bir tərcüməni dərc edirik.
ROBİN HUD
Robin Hud və onun sevimli adamları Nottinqam şəhərinin yaxınlığındakı Şervud meşəsində yaşayırdılar. Onlar bütün kasıb adamlarla dost idilər. Robin Hud və onun adamları Şervud meşəsindən keçən bütün varlıları dayandırır və pullarını alırdılar. Sonra bu pulları kasıblara verirdilər. İngiltərənin bütün yoxsulları Robin Hudu və onun adamlarını sevirdi.
Nottinqamın şerifi Robin Hudu ya öldürmək, ya da həbs etmək istəyirdi. O, tez-tez öz əsgərlərini Şervud meşəsinə göndərirdi, lakin onlar Robin Hudu tuta bilmirdilər.
Bir gün Robin Hud Şervud meşəsində gəzərkən bir nəfər atlı adam gördü. Atın üstündə bir neçə böyük ət torbası var idi.
-Hara gedirsən, dost? – Robin Hud soruşdu.
Atlı cavab verdi:
-Nottinqama gedirəm. Mən qəssabam, bu əti də bazara satmağa aparıram.
Robin Hud dedi:
-Ətini mənə sat.
Qəssab razılaşdı. Robin Hud bütün əti qəssabdan pulla aldı. O, həmçinin, qəssabın atını, döşlüyünü və papağını da satın aldı. Qəssab evinə getdi və Robin Hud qəssabın döşlüyünü və papağını geyinib Nottinqama əti satmağa yola düşdü. Bazarda çoxlu adam var idi. Robin Hud dayanmağa yaxşı bir yer tapdı və ucadan qışqırmağa başladı:
-Ən yaxşı ət! Gəlin, alın! Ən ucuz ət!
Adamlar əti ucuz qiymətə alacaqlarına sevindilər. Tezliklə hamı Robindən ət almağa gəldi. Heç kəs o biri qəssablardan ət almaq istəmədi. Başqa qəssablar bərk acıqlandılar. Onlar bir-birlərindən soruşdular:
-Bu adam kimdir? Nə üçün o, ətini belə ucuz qiymətə satır?
Qoca bir qəssab dedi:
-Biz nə isə etməliyik. Əgər o, bir də bazara gəlsə, heç kəs bizim ətimizi almayacaq. Gəlin onu bizimlə şerifin evinə getməyə və orada nahar etməyə dəvət edək. Nahar zamanı biz onun kim olduğunu soruşarıq.
Beləliklə, bütün qəssablar Robin Hudun yanına getdilər.
-Siz bizimlə şerifin evinə getməyə və orada nahar etməyə razı olarsınızmı? – deyə qoca qəssab soruşdu.
Robin razılaşdı və dedi:
-Təşəkükr edirəm. Mən yaman acmışam və sizinlə nahar etməyə şad olaram.
Nahardan əvvəl qəssablar şerifə ətini çox ucuz qiymətə satan yeni bir qəssab haqqında danışdılar. Sonra qalan bütün vaxtı yeməklə məşğul oldular. Şerif isə bu yeni qəssaba baxır və öz-özlüyündə bir plan düşünürdü. “Bu cavan adam, deyəsən, axmaqdır. Əgər o, ətini belə ucuz qiymətə satırsa, deməli, o bütün heyvanlarını da ucuz qiymətə satar. Mən onun bütün heyvanlarını almalıyam. O zaman mən heyvanları başqa qəssablara satacağam və çoxlu pul qazanacağam” deyə acgöz şerif öz-özünə fikirləşirdi.
Nahardan sonra şerif Robin Huda dedi:
-Cavan oğlan, sənin satlıq heyvanların varmı?
-Bəli, lap çoxdur, − Robin Hud dedi.
Şerif:
-Mən sənin bütün heyvanlarını alacağam. Sən onları mənə nə vaxt göstərə bilərsən?
Robin Hud:
-Mən sabah səhər evə gedəcəyəm.
-Çox yaxşı. Mən də səninlə gedəcəyəm və sənin heyvanlarını alacağam. Lakin o biri qəssablara heç bir şey demə.
-Yaxşı, − deyə Robin Hud cavab verdi və özlüyündə güldü.
Səhərisi gün şerif pullarını üç ədəd böyük çantaya yığdı və Robin Hudla heyvanlara baxmağa getdi.
Hava gözəl, səma da mavi idi. Günəş parlaq işıq saçırdı. Quşlar ağaclarda oxuyurdu. Tezliklə Robin Hud və şerif meşəyə çatdılar.
Şerif Robin Huda dedi:
-Bu meşədə qanuna zidd gedən və oğru, quldur olan çox pis bir adam yaşayır. Səncə, biz onu görəcəyikmi? Onun adı Robin Huddur.
-Narahat olmayın, − deyə Robin Hud cavab verdi və güldü. – Mən fikirləşmirəm ki, biz onu görə biləcəyik.
-Bu çox yaxşıdır, − şerif dilləndi. – Çünki mən ondan çox qorxuram. O, pis və qorxulu adamdır.
Robin yalnız gülümsədi. Tezliklə Robin və şerif ağacların arasında çoxlu maral gördülər. Robin qışqırdı:
-Bax! Bax! Onlar buradadırlar, heyvanlarım xoşuna gəldimi?
Şerif yalnız indi anladı ki, bu qəssab elə Robin Hudun özüdür. O, çox qorxdu və dedi:
-Cavan oğlan, səncə, mən Nottinqama qayıdan biləcəyəm?!
Robin Hud şerifin qorxudan rəngi qaçmış üzünə baxdı və güldü:
-Necə? Siz mənim heyvanlarımı almaq istəmirsiniz? Niyə? Məgər onlar yaxşı deyil? Sizin axı onları almaq üçün kifayət qədər pulunuz var!
-Mən sənə dedim ki, Nottinqama qayıtmaq istəyirəm. Pulum da yoxdur.
Robin Hud şeypurunu çaldı. Balaca Con və Robin Hudun o biri adamları gəldilər:
-Sabahın xeyir, Con, − Robin Hud dedi, − nahar hazırdırmı? Yaxşı şərab və pivə hazırlamısanmı? Bu gün Nottinqamın şerifi bizimlə nahar edəcək.
Nahar çox yaxşı keçdi. Nahardan sonra Robin Hud dedi:
-İndi isə, şerif, yediyin naharın haqqını ödəməlisən.
Şerif cavab verdi:
-Mən ki, kasıb bir adamam. Pulum yoxdur.
-Pulun yoxdur? Bəs o çantalardakı nədir?
-Oh, orada yalnız xırda daşlardır, − şerif dedi.
Robin Hud dedi:
-Con, şerifin çantalarını gətir.
Balaca Con şerifin çantalarını gətirdi və onların yanında yerə qoydu. Robin dedi:
-Şerif! Sən çox zalım adamsan. Mən bu pulları götürəcəyəm və onları kasıb adamlara verəcəyəm. İndi isə sən Nottinqama qayıda bilərsən. Con, şerifin atını özünə ver.
Robin Hudun adamları şerifin atını verdilər və o, şerifə Şervud meşəsindən çıxış yolunu göstərdi. Onlar meşənin qurtaracağına çatanda Robin Hud dedi:
-Qəssablara məndən salam de!
Robin güldü və yenidən atla meşəyə qayıtdı.
İngilis dilindən tərcümə edəni
Aygün ƏZİZOVA