- Köşə

Aygün ƏZİZ. Təhsil haqqında (Con Lokka istinadən)

Maarifçilik dövrünün tanınmış simalarından olan Con Lokk (John Locke) haqqında ilk dəfə 1992-ci ildə İnstitutda (o vaxt elə adlanırdı) 1-ci kursda pedaqogikadan mühazirə oxuyan müəllimimizdən eşitdim. Con Lokk iqtisadçı, fizik, alim və filosof olmuşdur. Onun təhsil və təhsilin əhəmiyyəti haqqında dəyərli düşüncələri dostuna yazdığı silsilə məktublar əsasında toplanmışdır.

C.Lokk deyirdi ki, təhsilin ən ali məqsədi cəmiyyət üçün fəzilətli, ləyqətli, savadlı vətəndaş yetişdirməkdir. İnsanlar öz istəklərinə varmaq üçün ağlın, zəkanın gücündən istifadə etməlidirlər. C.Lokka görə uşaqlar bir az xudbin, eqoist olurlar. Öz istəklərinə uyğun davranırlar. Onlar müstəqil olaraq yaxşını pisdən, pisi yaxşıdan seçə bilmirlər. Bütün bunları tərbiyə etmək, düzgün istiqamətə yönləndirmək təhsilin – doğru siyasəti, doğru hədəfləri olan təhsilin savad verməklə yanaşı digər ən ümdə vəzifələrindən biridir. C.Lokkun təhsillə bağlı fikirlərində o da vurğulanır ki, təhsil cəmiyyətdə əxlaqi davranışları aşılamalıdır.

Müəllimimin təqdir edərək vurğuladığı bir məqam da C.Lokkun uşaqların beynini TABULA RASA hesab etməsi, ağ lövhəyə bənzətməsi idi. Yəni uşaq beyni o qədər təmiz bir “xammal”dır ki, onu düzgün olmayan rənglərlə yazmaq, o lövhədə zərərli, xoşagəlməz, insanı geriyə, cahilliyə sürükləyən rəsmlər çəkmək, orada xaos yaratmaq, beyni zərərli mövzularla doldurmaq, ucunda zəhərli neştər olan ideologiyalarla “cızmaq”, “deşmək” olmaz. Təhsil düzgün seçilmiş dərsliklərdən – düzgün, zərərsiz, millətçilik, dövlətçilik prinsiplərini əsas götürən kitablardan – tutmuş, cəmiyyət üçün vətən, millət təəsübü çəkən, savadlı, ləyaqətli, düzgün vətəndaş yetişdirməyə qədər ən ali məqsədlərə xidmət edən bir prosesdir.

C.Lokkun təhsil haqqında olan düşüncələrində başqa bir maraqlı məqama da diqqət çəkmək istərdim. Uşaqlara təhsil verməkdən savayı məktəbdə onların fiziki cəhətdən güclü yetişdirilməsinin də zəruri olduğunu deyirdi. Uşaqlar isti geyindirilməməli, bədənləri sərtləşməli, dözümlü olmalıdır. Onlara üzməyin çox erkən yaşda öyrədilməsini mütləq şəkildə tövsiyə edirdi.

C.Lokk hələ o dövrdə (XVII əsrdə) oğlanlarla birgə qızların da bayırda vaxt keçirmələri, günəşdə olmalarını öz qeydlərində xatırladırdı. Mən 80-ci illərdə məktəbə oxuyanda bizdə idman dəsrləri çox güclü keçirilirdi. Ayrıca olaraq hər səhər də məktəbin həyətində bütün uşaqlar içəri girməzdən qabaq 10 dəqiqəlik idman edirdilər. Fəsilin fərqi yox idi. Qar da yağsa biz səhər idmanı edib içəri girirdik. Bunun necə nizamla, necə ciddi bir şəkildə edildiyini fəxrlə deyirəm.

C.Lokk inanırdı ki, cəmiyyətə, ölkəyə ləyaqətlə xidmət göstərmək üçün təhsilin ümdə məqsədi sağlam bədəndə sağlam düşüncə yaratmaqdır.

Mən şəxsən öz təhsil aldığım dövrdən çox məmnunam. Yuxarıda sadaladıqlarımın demək olar hamısı o dövrün təhsil proqramında vardı.

Bəs bu gün məktəblərdə nələr baş verir? Niyə yaxşı dərsliklər yazılmır? Niyə dərsliklərin yazılmasında, tərtibatında, içində istifadə olunan mətnlərin, şeirlərin seçilməsində tanışlıq, qohumbazlıq kimi iyrənc vərdişlər yaranıb? Niyə məktəblərdə ali peşə sahibi, cəmiyyətin sütunu sayılan müəllim fəxrlə dövlət himni, hərbi marşlar (müharibələr görmüş və bunun ağrı-acılarından hələ də qurtulmamış bir xalq olaraq) öyrətməkdənsə, təbliğ etməkdənsə, bir xalq olaraq, biz müstəqil sekulyar dövlətin vətəndaşı olduğumuz halda, niyə bizə zərərli ideyalar öyrətməli, zəhərli (məhz ZƏHƏRLİ) ideologiyalar yeritməli, “TABULA RASA”nı bataqlıq palçığı ilə çirkləndirməlidir?! Bunun nə kimi fəsadlar verəcəyini hər kəs dərk etsə əla olardı.

Məktəbdə 11 il oxudub sonra cəmiyyətə tarixdəki adımıza layiq İNSAN (oxu: vətəndaş) çıxartmaq bu günkü müəllimlərdən böyük məsuliyyət tələb edir. Müəllim adını uca tutmaq, təhsil proqramına aidiyyatı olmayan nəsnələri öz həqiqəti kimi başqalarına sırımaq olmaz. Bizim özəyimiz başqadır. Biz zərərli heç nəyə alət olmamalıyıq. Bunun üçün insanda əvvəlcə sağlam məntiq, daha sonra milli mənlik olmalıdır.

İndimizi boş buraxıb gələcəyimizi məhv etməyək. Buna yol vermək olmaz. Yolundan sapan hər kəs məsuliyyətə cəlb olunmalıdır. Məktəblərə uşaqlarımızı bilik əxz etməyə və layiqli vətəndaş yetişdirmək üçün göndəririk.

Qeyd: “TABULA RASA” – insanın doğularkən beyninin tərtəmiz olması, bütün sonrakı əxlaq və vərdişlərin təhsil, həyat təcrübəsi və sairədən qaynaqlanıb insan xarakteri yaratması haqqında olan bir nəzəriyyədir.