- Köşə

Aygün ƏZİZ. Udo Ulfkotte

4-cü sırada dayansa da, 1-ci sırada dayanandan daha güclü olan haqqında

Bu ad kimə nə deyir? Əvvəlcə qısa bir xülasə ilə təqdim edim: bu şəxs alman əsilli jurnalist olub, Almaniyada gündəlik nəşr olunan “Frankfurter Allgemeine Zeitung” qəzetində 2003-cü ilə qədər redaktor köməkçisi kimi fəaliyyət göstərib. 1997-ci ildən öldüyü vaxta qədər isə fəaliyyətini müəllif kitabları nəşr etdirmək və populist mövzularda məqalələr yazmaqla davam etdirib.

Udo 1986-1998-cil illər ərzində İraq, İran, Əfqanıstan, BƏƏ, Misir, Səudiyyə Ərəbistanı, Oman və İordaniyada yaşamışdır. Konspirologiya nəzəriyyələri ilə bərabər İslam dinini sərt tənqid etməsi və ona qarşı sərt mövqedə olması ilə də məşhurdur. Hətta yutubda “Müsəlmanlar heç vaxt Qərbə qalib gələ bilməyəcəklər” (“Muslims won’t win against West”) başlığı ilə müsahibəsi də var, amma videonun bizim ölkədə yayımına qadağa qoyulub. Adam ümumiyyətlə cəncəlli açıqlamaları ilə gündəmi hər zaman zəbt etməyi bacarıb. Vaxtilə konspiroloji fikirləri ilə insanları yerindən oynatmaq ona asanlıqla müyəssər olub. Məsələn, bloqunda Barak Obamanın Bibliya kitablarını yandırtmağından tutmuş müsəlmanların Avropada kütləvi şəkildə cihada başlayacaqlarına qədər cürbəcür əsası olmayan, ağlasığmaz fikirlər səsləndirib.

2014-cü ildə yazımızın qəhrəmanı “Almaniya jurnalistləri satın aldı: Almaniya KİV-ni siyasətçilər, kəşfiyyat orqanları necə maddi nəzarətdə saxlayır” adlı öz kitabını nəşr etdirdi və orada CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) və digər gizli agentliklərin hadisələri öz istədikləri kimi mətbuatda işıqlandırmaları üçün jurnalistlərə pul ödəməsindən, daha doğrusu KİV-in tam satın alınmasından və istənilən istiqamətə yönləndirilməsindən bəhs edirdi. Ulfkotteyə görə adları çəkilən təşkilatlar Almaniyada jurnalistləri satın almışdılar və onların diktəsi ilə NATO tərəfkeşliyində təbliğat tərkibli məqalələr yazdırırdı və bunların əleyhinə çıxan hər hansı bir media işçisi öz işini itirməyi gözə almalı idi. Bu, onun kitabında bəhs etdiyi media korrupsiyasına aid ən gözəçarpan hissə idi. Kitab ilkin olaraq “Muzdlu jurnalistlər” adı ilə çap olunmalı idi, amma alınmadı. Sızan məlumata görə buna əngəl oldular. Və nəhayət kitabın yeni tərcüməsi “Presstitutes” (bu da qondarma bir söz olub pula satılan media nümayəndəsi, daha dəqiq desək “media fahişəsi” deməkdir) adı ilə nəşr olunub.

Udo Ulfkotte 13 yanvar 2017-ci ildə 56 yaşında ürək tutmasından vəfat edib. Amma bu adam ölümündən sonra da mediada və ictimaiyyətdə müəyyən şübhələrin əmələ gəlməsinə səbəb olub. Belə ki, onun ölüm səbəbinin özünün də elə böyük bir yalan olduğu, bu “ürək tutmasında” qətl motivlərinin olduğunu istisna etməyən çoxlu sayda ehtimallar irəli sürülüb. Qətl versiyası çox ağlabatandır. Çünki adam o boyda təşkilatların “paxır”ını açıb, jurnalistikanın bir oyun vəziyyətinə salındığını heç çəkinmədən ictimaiyyət qarşısında etiraf edib. Yəni mən şəxsən bu halda onun ölümə susadığını düşündüm. Belə “sirr”lərin açılmasının çox insanların həyatı bahasına başa gəlməsini tarix boyu müşahidə etmişik. Udo da onu “rahat buraxmayacaqları” versiyasını gözdən qaçırmış ola bilməzdi. Dilini dinc saxlasaydı hələ də yaşayardı və adını çəkdiyi təşkilatların diktəsi ilə dünyanı barmağına dolamağa davam edərdi.

Onun ölümünə sevinmirəm və öldürülməsini qətiyyətlə pisləyirəm. Çünki ən azından bir humanist insan olaraq əcəlin bu cür gəlməsini ağır qarşılayıram. Açığı onun sensayiya yaratmaq üçün bu etirafı etdiyinə inanmıram. Böyük ehtimalla o, artıq sirrlərin açılmasını və bununla da vicdanını ağrıdan haldan qurtulmaq istəyib Ataların “Susmaq qızıldır” prinsipi burada da keçərlidirmi görəsən?! Bəs onda “Düzlük ən böyük siyasətdir” deyən avropalılar niyə pərdə arxası ictimaiyyəti aldatmağı ən böyük siyasət aləti ediblər?! Təəssüf ki, onun bu etirafının ümumi məsələyə bir xeyri olmadı və gələcəkdə də olmayacaq. Adam boş-boşuna bada getdi desək daha doğru fikir yürütmüş olarıq. Çünki onun adını çəkdiyi təşkilatlar bütün bu qalmaqalların, varsa digər udo ulfkottelərin fövqündə durur. Onsuz da əsl ziyalı, intellektual səviyyəsi yüksək olan insanlar medianın kütləni əlində oyuncaq etdiyini Udo Ulfkottesiz də bilirdi, indi də bilənlər var.

Boş yerə medianı dördüncü hakimiyyət adlandırmırlar. Ona dördüncü sıra verilsə də medianın gücü prezidentlərin iqtidarından da artıqdır. İnsanlar xəbər oxuyanda və ya televiziyaya baxanda onların əksəiyyətinin zehni qapanır və birbaşa üzərlərinə “tökülən” xəbərləri acgözlüklə qəbul edirlər və kütlə dediyimiz belə idarə olunur. Prezidentlər danışanda isə siyasi meyillərindən asılı olaraq onlara qulaq asanlar da var, müxalif yöndə olub inanmayanlar da, töhmətləyənlər də, tənqid edənlər də, söyənlər də. Bu nöqteyi-nəzərdən baxsaq medianın səlahiyyəyləri daha çoxdur və əli “hər yerə çatır.” Birbaşa olaraq insanların təhtəlşüuruna təsir edir.

Cəmiyyət deqradasiya edir. Ona görə hər gördüyümüzə, hər eşitdiyimizə inanmayaq. Təhlil edək, araşdıraq, şübhə edək, amma əsla və əsla inanmayaq. Çünki heç kim bizə həqiqətləri olduğu kimi deməyəcək. Xüsusilə indiki texnologiyanın KİV sahəsində bəxş etdiyi yeniliklər beyinlərin yuyulmasına hesablanıb. İstədikləri kimi beynimizi format edib əl meymununa çevirməkdir məqsəd. Zatən məqsədlərinə çatıblar onsuz da. Biz bunları son dörd-beş ildə lap çox hiss etdik. Pandemiya (“pLandemiya”), vaksinasiya (“Faksinasiya”), koronavirus (“Baranavirus”) ilə bütün dünyanı silkələdilər. Dünya onsuz da əzəldən fırlanır, amma müasir məkrli KİV dünyanı normal təbiətin qanunları ilə fırlanmağa qoymur, dünya yırğalanır onların sayəsində, ləngər vurur. Gələcəyə ümidsiz şəkildə “Daha harada qırılacaq, qırılacaq da” deyib mövcud olmağa davam edirik. Yaşamağa yox, mövcud olmağa. Yaşayanlar həmin o Udonun adlarını çəkdiyi təşkilatların idarəediciləridir. Kütlə isə laboratoriya siçanı kimi öz ampluasında davam edir… İnsanlar “kütlə” olmaqdan “əl çəksəydilər” ideal cəmiyyət, ideal dövlətlər qura bilərdilər. Utopiya olsa da…