- Mədəniyyət

Aygün ƏZİZ. Yapon müdrikliyi

  1. Yük atı sürən də yaxşı paltar geyinsə adama gözəl görünər.

(Əvvəllər, 1940-cı illərə qədər şəhər camaatı at sürənlərə yuxarıdan aşağı baxırdı. Onların geyimləri nimdaş və köhnə olurdu. Bu deyimin mənası “Paltar insanı gözəlləşdirir” deməkdir.

Bizim “Gözəllik ondur, doqquzu dondur” atalar sözünə alternativ kimi qəbul etmək olar.)

  1. Hər kəslə məşvərət elə; hətta dizlərinlə də məsləhətləş.

(Bir az məzəli səslənir, amma yapon cəmiyyətində qrupun fikri fərdinkindən üstün hesab olunduğuna görə onlarda ümumi fikrə dəyər verilir.

Bizdə “Məsləhətli don gen olar” deyirlər.)

  1. Meymunların da ağacdan yıxıldığı vaxt olur.

(Zərif və ehtiyatlı adamın da ayağı sürüşə bilər. Bu atalar sözü ağıllı, istedadlı, mötəbər adamların da səhv edə biləcəyi anlamına gəlir. Qədim Yunan-Roma cəmiyyətində belə bir deyim vardı: “Hətta Homer də mürgüləyir”. Buna uyğun digər deyim belədir: “Hətta Kobo da öz fırçası ilə səhv edə bilər”. Kobo məşhur kalliqraf olub.

Bizdə alternativ olaraq “Səhvsiz insan olmaz” deyimi var.)

  1. Boyaqçı özü boyasız şalvar geyinər.

(İngilislər “Pinəçinin uşaqları ayaqyalın gəzər” deyirlər. Özü dərman qəbul etməkdən imtina edən həkim, yaxud öz evi uçuq-salxaq olan dülgər haqqında hamımız bilirik. Peşəkarlar bəzən elə məşğul olurlar ki, özlərinə vaxt tapa bilmirlər.

Bizdə “Başmaqçının ayağı yalın olar”, türklərdə “Dərzi öz söküyünü tikə bilməz” (“Terzi kendi söküğünü dikemez” kimi alternativlər var.)

  1. Hətta min millik səyahət də ilk addımdan başlayır.

(Hər kəs hardansa başlamalıdır. Bu atalar sözünün kökü Çin filosofu Lao Tsedən götürülüb. O, insanın mənən özünü axtarmasında yavaş, lakin davamlı irəliləməyin əhəmiyyətindən bəhs edirdi. Burada eyni zamanda hərəkətin də vacib olduğu diqqətə çatdırılır. İnsan qorxularını dəf etməyi bacarmalı və ilk addımı atmaqdan çəkinməməlidir. Belə bir deyim də var: “Ən yaxşı vaxt indidir”.

Bizdə “Bu günün işini sabaha qoyma” deyirlər.)

  1. Yengəclər dəliyi öz qabıqlarının ölçüsünə uyğun qazırlar.

(Bizdə bunun “Ayağını yorğanına görə uzat”, ingilislərdə “Parçana görə palto biç” kimi alternativləri var. Heyvanlar instinktlə hərəkət etdiyi kimi, insanlar da vəziyyətə uyğun məntiqlə düşünüb davranmalıdırlar. Hərçənd amerikalılar bir az fərqli olaraq “Əynindəki tumana uyğun yekəl” deyirlər. Yaponlar həmçinin “Külək insanın yaşayış tərzinə müvafiq yöndən əsir” deyirlər.

  1. Həyat küləyin qarşısındakı şam işığıdır.

(Həyat bir zaman kəsiyidir. İnsan ömrünün müvəqqəti olması və vaxtsız ölümlər hamı üçün həyat dərsi olmalıdır. Ömür qısa və asanlıqla sönən ocaq kimidir. Bunun əvvəli və sonu qaranlıqdır, zülmətdir.

Bizdə “Səksən, doxsan, bir gün yoxsan” deyirlər.

  1. İlanlar sürünənlərin yolu ilə gedir.

(“Oğrunu oğru ilə tutarlar” məsəli də var. Bu deyimdəki bənzətmə ilan deyəndə ağla şər, xəbis, yaxud hiyləgər bir insanın gəlməsinə görədir. Bir sözlə, bu deyim ləyaqətsizlik, şərəfsizlik və bunlara rəvac verənlər haqqındadır. Yəni “Meymun görür, meymun edir” misalında olduğu kimi)

  1. İsti gödəkcə yayda belə verilsə, yenə də məqbul hədiyyədir.

(Yəni əldə edə biləcəyin heç bir şeydən imtina etmə. Fəsli və ya vaxtı olmasa da, zamanı gələndə ehtiyacı ödəyəcək. İngilislər də cüzi fərqlə “Hədiyyəlik atın ağzının içinə baxma” deyirlər.

Bizdə buna yaxın məna verən “Bəy verən atın dişinə baxmazlar” atalar sözü var.)

  1. Eyni mərəzi olan adamların bir-birinə canı yanar.

(Yəni miskin vəziyyətə düşənlər yoldaşlıq etməyi sevər. Eyni dərddə olan digərinin ağrı-acısını bölüşmək asandır. İngiliscə olan versiyada isə “Eyni lələkli quşlar bir yerə toplaşar” deyilir.

Bizdə nisbətən “Taylı tayını tapar” uyğundur.)

İngilis dilində “Yapon atalar sözləri: hazırcavablıq və müdriklik (izahlarla)” kitabından tərcümə