“Bu yazıq hərflər kimə neyləyib” silsiləsindən…
İngilis dilinin əlifbası sonuncusu “z” hərfi olmaqla 26 hərfdən ibarətdir. Bu binəva “z”nin sırada ən sona qoyulması onun başına gələn hələ ən yüngül bəladır. “Həyatı boyu” onun sözlərdə istifadəsi o qədər nadir rast gəlinən hal olub ki, bəzən yazığı yerli-dibli olaraq əlifbadan “qovublar”.
Bəs bu “z”nin “əsli-kökü” haradan gəlir? Bu sadəlövh hərfin kökü yunan dilindəki “zeta” hərfinə bağlıdır. Lakin əslində “zeta”nın əcdadı finikiya əlifbasındakı “zayin” adlanan və mənası da “silah” olan işarə idi. Yazılışı uzun şaquli xətt kimi idi. Xəttin hər iki ucunda qısa üfüqi xətt vardı və görünüşünə görə indiki ingilis “I”, yaxud da bizim başı nöqtəsiz böyük “i” hərfinə bənzəyirdi.
Sonradan məlum işarə yunan əlifbasına keçərək “zeta” adlandırılmağa başladı. Lakin onun zahiri görünüşünə yunanlar bir balaca əl gəzdirdilər; yuxarı hissədəki üfüqi xətt sola doğru, aşağıdakı üfüqi xətt isə sağa doğru çəkildi, şaquli olan xətti isə maili etdilər. Və indiki bildiyimiz “Z” hərfi formasını aldı.
Yaxşı, bəs onun əlifbadan “qovulmasına” nə səbəb oldu?
E.ə. təxminən 300-cü ildə romalı senzor (mətbuat və ya səhnə əsərləri üzərində senzura (nəzarət) həyata keçirən şəxs) Appiy Klavdi Sikas (Sikas onun ləqəbi idi, mənası “kor” deməkdir, ahıl vaxtlarında görmə qabiliyyətini itirdirdiyinə görə belə deyirdilər) “z”ni əlifbadan çıxartdı. Əsas gətirdi ki, bu hərf artıq “köhnəlib”, işə yaramır. Buna səbəb “z”nin artıq “z” kimi yox, “r” kimi tələffüz olunması idi. Dildə bu hadisəyə rotasizm deyilir.
Həmin ərəfələrdə əlifbadan daha bir hərf də – “s” hərfi də “qapı arxasında qoyuldu”, əvəzinə “g” hərfi gətirildi, amma bu, növbəti yazıya qalsın.
Şoğərib Kor Klavdinin üzünə pis baxdığı “z” hərfinin bəxti 200 il sonra yenidən üzünə güldü. O, “xoşgəldin”lə latın əlifbasına qaytarıldı. Həmin vaxt bu başıbəlalı “z” yalnız yunan dilindən alınan sözlərdə istifadə olunurdu. Ümumiyyətlə latın əlifbasına yunan dilindən iki hərf – “z” və “y” daxil olub.
27-ci hərf? Yəni?
“Z” ingilis əlifbasında həmişə sonuncu yerdə qərar tutmayıb. 26-cı olmağına olub, amma axı orada əvvəllər 27-ci də nəsə varmış. Uzun illər “z”dən sonra ampersand adlanan və “və” mənası verən simvol (&) olub. Sonuncu hərflərin düzülüşü belə olub: “X, Y, Z, ampersand”. Sonradan o ampersandı bizim apostrof kimi əlifbadan çıxdaş ediblər. Amma ampersandın bəxti yenə də gətirib; əlifbada “oturmasa” da, çox işlənən simvoldur. Bizim apostrofun isə başına elə daş salmayıblar ki, bir də qayıda. Hərçənd onun yolunu səbirsizliklə gösləyirik. Qoy bu da bir ayrı yazının mövzusu olsun.
Hazırda “z” ingilis dilində ən az işlənən hərflərdən olsa da, heç kim onu isti yerindən edəcək qədər Kor Klavdi kimi axmaq deyil. Amma bu ingilis dilinin Britaniya variantında az işlənir. Amerika ingiliscəsində onun üzünə daha “xoş baxırlar”. Məsələn, Britaniya ingiliscəsində “-ise” və “-isation” suffiksləri Amerika ingiliscəsində “-ize” və “-ization” formasına düşüb.