kamilinfo.net-in bugünkü qonağı Türkiyədəki “Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi”nin rəhbəri, yazıçı-dramaturq Aygün HƏSƏNOĞLUdur.
– 1996-2002-ci illərdə Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi-dram hissə müdiri, 2002-2007-ci illərdə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında referent (2004-cü ildən böyük referent) işləmisiniz. 8 pyesiniz Azərbaycanın özəl və dövlət teatrlarında səhnəyə qoyulub. Necə oldu, Türkiyəyə köçməyi qərara aldınız?
– Türkiyəyə köçməyim yeni həyat axtarışı ilə bağlı deyil. Maddi imkansızlıq, evsizlik, Bakıda iş tapa bilməməyim, mənə qarşı haqsızlıqlarla bağlıdır. Bu dövlət üçün bir insanın edə biləcəyindən daha artıq etdim. Təkbaşına bir institut, bir mərkəz kimi çalışdım. Yüzlərlə strateji layihə təqdim etdim. Həyata keçirilən layihələrim də çox oldu. Amma dövlətin məmurları bircə dəfə maraqlanmadılar ki, bu layihəni verən kimdir? Əksinə, həmişə paxıllıq, təzyiq gördüm. 3 dəfə iş dəyişmişəm, hamısından öz ərizəmlə, könüllü çıxmışam. Amma təzyiqlər üzündən. Həm ədəbiyyat, həm teatr, həm ictimai fəaliyyətdə uğurlarım oldu, müdafiə də etdim. Nəşr olunan kitablarım və məqalələrim kifayət qədər ciddi idi. Lakin qrupbazlıq, paxıllıq, gözügötürməmək, daim geri itələnmək məni yordu. Dünya Gənc Türk Yazarlar Birliyindən gənclik yaşım keçdiyinə görə istefa verdim. Yazıcılar Birliyindəki ədalətsizliklərə görə istefa verdim. 2007-ci ildə Dövlət Komissiyasında işdən çıxandan sonra isə iş tapmadım. Mənim layihəmlə qurulmuş Strateji Araşdırmalar Mərkəzində belə, məni işə götürmədilər. Müntəzəm təzyiqlər üzündən vaxtında ailə də qurmamışdım. Qohum evində nə qədər yaşaya bilərdim? Şəxsi evim yox, kirayə haqqını ödəyəcək qədər imkanım yox, dövlətdən dəstək yox. Əsərlərim bir-birinin ardınca yaranır, yazıram, nəşr etdirə bilmirəm və sair. Bir sözlə, önüm kəsilib. Önümdə keçilməyəcək hasarlar, ayaqlarım altında dibigörünməz boşluq. Sadəcə, məcbur oldum. Bakıda qalmağa bir otağım olsaydı, ölkəni tərk etməzdim. Dövlətin qarşısında kifayət qədər xidmətim olmasına baxmayaraq, dövlət məni quyuya atmışdı. Vəzifəm və pulum olmadığına görə rejissorlar ya əsərlərimi hazırlamaq istəmir, ya da komediya istəyirdilər. Maddi vəziyyətimin ağırlığı və ölkədə mənə heç bir dəstəyin olmaması nəticəsində Türkiyəyə gəldim. Əsl səbəb budur.
– Bədii yaradıcılığınızda da Qarabağ müharibəsi və Xocalı soyqırımı ana xətt kimi keçir. Eyni zamanda, on ilə yaxındır, Türkiyənin İstanbul şəhərində universitet, dərnək, vəqf və bələdiyyələrdə Qarabağ müharibəsi, Xocalı soyqırımı, erməni terroru mövzusunda 100-ə qədər məruzə və çıxışlar etmiş, seminarlar keçirmisiniz. Nəyə nail oldunuz?
-Bu gün Türkiyə dövləti və xüsusilə də qeyri-hökumət təşkilatları Azərbaycanı dəstəkləyirsə, hesab edirəm ki, bunda bir qırıq da olsa, rolum var. Elə olub, 30 nəfərlik, elə də olub ki, 500 nəfərlik salonda çıxışlar etmişəm. Bər-bəzəkli, fəlsəfi dildə, ibarəli danışmağı xoşlamıram, insanlara danışdıqlarımı yaşadıram. Ona görə də hər ilin fevralı bitəndə sanki 10 il qocalırdım. Hər dəfə ən ağır mövzuya toxunarkən mən də o ağrıları yaşayırdım. Bu illər ömrümü yedi. Amma xeyli insanı məlumatlandırmağı bacardım. İstər məruzə və çıxışlarımla, istərsə də Kəmalə Nəbibəylinin baş rolü oynadığı “Adsız qadın” tamaşası ilə. Təsəvvür edin, tamaşadan sonra səhnəyə çıxıb deyirəm ki, “Mən – bu əsərin müəllifi Aygün Həsənoğlu, şəhadət verirəm ki, bu hadisələr Xocalıda oldu və Xocalıda bir soyqırım yaşandı. Şəhadət verirəm ki, mənim xalqım haqlıdır və ədalət tələb edir”. Türk xalqı çox həssas xalqdır və bu cür sözlər insanları, həqiqətən, ağladırdı.
– Bildiyimiz kimi, ilk dəfə Sizin səyinizlə Ankaranın bir bələdiyyəsi Xocalı soyqırımını rəsmən tanıdığını elan edib. Buna necə nail oldunuz?
– 2004-cü ilin avqustunda Dünya Gənc Yazarlar Birliyinin Ankara şəhərində Füzuli adına 2-ci şeir müsabiqəsi keçirilirdi. O zaman Dövlət Komissiyasının İşçi qrupunda çalışırdım. Tədbirə 15 gün qalmış Komissiyanın sədri vəzifədən uzaqlaşdırıldı, yeni sədr təyin edildi. Çox çətinliklə icazə aldım, o günün həyəcanını heç unutmaram. Bir də İşçi qrupu rəhbəri Gülşən Əliyevanın “Xocalı” diskini və Qarabağ problemi haqqında Komissiyanın materiallar toplusunu mənə verməməsini unutmaram. Səhərə biletim var. Yalnız axşam 8-də bildim ki, gedə bilərəm. Ankara Keçiörən bələdiyyəsində türk dünyası yazarları ilə görüş keçirildi. Hamı ən gözəl şeirini oxudu. Mən isə Qarabağda girov götürülüb geri veirilməyən uşaqlarımıza mənzur şeir formasında yazdığım məktubu oxudum. Əvvəlcə Qarabağ müharibəsi, işğal olunmuş rayonlarımız haqqında qısa məlumat verdikdən sonra şəhidlərimizin sayını və əsir-girovlar, itkinlər barədə faktları bldirərək o zamankı statistikaya görə 18 uşağın girov götürülərək geri verilmədiyini, bu məktubu da taleyini bilmədiyimiz o uşaqlara yazdığımı söylədim. Mənsur şeiri oxuyub aşağı enəndə insanlar göz yaşları içində məni qucaqladılar. Bələdiyyə Başqanı Turqut Altınokun gözlərindən yaş axdığını gördüm. Əlimi sıxaraq “Qarabağı qurtaracağıq, mütləq qurtaracağıq”, – dedi. Sabahı gün bələdiyyə başqanı bizi qəbul etdi. Orada Dövlət Komissiyasının materiallar toplusunu və Xocalı soyqırımı haqqında hazırladığım 2 səhifəlik məlumatı öz kitabımla birlikdə Turqut Altınoka təqdim etdim və ondan bələdiyyə başqanı olmaq fürsətindən istifadə edərək bələdiyyəsi adından Xocalı soyqırımını rəsmən tanımasını xahiş etdim. Bunun başqa bələdiyyələr üçün və Türkiyə Millət Məclisi üçün örnək ola biləcəyini və məhz Xocalı soyqırımının ermənilərin soyqırım iddiasına qarşı Türkiyənin əlində ciddi silah olduğunu bildirdim. Amma təklifimi qəbul edəcəyinə inanmırdım, sadəcə, Turqut bəyin Azərbaycan haqqında necə sevgi ilə danışmasından kövrəldim. Azərbaycana qayıtdıqdan 2-3 ay sonra Azərbaycan mətbuatından öyrəndim ki, Ankara Keçiörən bələdiyyəsi Xocalı soyqırımını rəsmən tanıyıb. Onda anladım ki, əslində çox şey edə bilərik. 2001-ci ildən dövlət orqanlarına Qarabağ məsələsi ilə əlaqədar yüzlərlə təklif və layihə təqdim etmişəm. Əgər onların 20 faizi həyata keçirilsəydi, biz təbliğatda daha çox irəliləmiş olardıq. O zaman dövlətə inanırdım, elə bilirdim, göndərdiyim layihələr dövlət məmurlarının diqqətindədir. Sonra anladım ki, əslində özümü 5-ci kalonun hədəfinə çevirmişəm.
– Feysbuk statuslarınızdan məlum olur ki, ideyalarınız çoxdur, amma lazımi dəstək görmürsünüz. Kimlərdən gileylisiniz?
– İnsanlarımızın ruhunu işğal etmiş paxıllıqdan, qorxudan, “mənəm-mənəm”likdən. Dövlət və xalq mənafeyini şəxsi mənafeyi üçün tapdayanlardan, vəzifə və şöhrət hərislərindən… Hər yerdə bunlarla qarşılaşdım. Yazıçılar Birliyi İdarə Heyətindən istefa verdim. Bu, necə Yazıçılar Birliyidir ki, dövlətin yazıçılara dəstəyini yazıçının əsərinə, istedadına görə yox, telefon zənglərinə və bu “dayıların” hansının daha sərfəli olmasına görə paylayır. İndi baxın, Yazıçılar Birliyi nə hala düşüb, kimlərin əlinə keçib. Yaxşı ki, tərk etmişəm.
Mədəniyyət Nazirliyi 25 yaşında pyesi dövlət teatrında səhnəyə qoylmuş gənc bir müəllifə heç bir dəstək vermədi. Əksinə, 2001-ci ildə ilk kitabımın təqdimatına dəvət etdiyim Əliqismət Lalayev tədbirdə Aqil Səmədbəyli çıxış etdiyinə görə qəzəblənib mənə hücuma keçdi. 2002-ci ildə teatrların repertuarında milli dramaturqların əsərlərinin azlığından və səhnəyə çıxan əsərlərin zəif olduğundan danışdığım üçün ikinci hücum dalğası başladı və nəticədə teatrdan da ayrıldım. Məni teatrdan uzaqlaşdırmaq üçün hələ səhnə üçün işləmədiyim, yalnız oxu üçün yazdığım rele-pyesimin üzərindən Loğman Kərimovun oynadığı oyun o zaman daxilimdə kinayə hissi oyatmışdı. Amma istədiklərinə nail oldular, daha teatra əsər vermədim.
“Erməni vandalizmi” layihəm Əbülfəz Qarayevin dövründə mənimsənildi, adı və bir az da forması dəyişilib əvəzində 2 albom nəşr edildi. Nəhayət, Əbülfəz Qarayev nazir ikən layihə rəhbəri olduğu “Azərbaycan ədəbiyyatının virtual kitabxanası –Azlibnet” saytına məndən icazəsiz kitabım qoyulur və 18900 dəfə oxunur, mənə isə heç bir müəllif haqqı ödənmir. Bu saytdan kitabımı endirmiş daha 7 saytın birində 1500-dən artıq oxunub. Digərləri oxunma sayını göstərməsə də, ən az 500 dəfə oxunduğunu hesablasaq, ümumilikdə kitabım 23.000-dən artıq oxunub. Bu, bir təbliğatçı ordusunu istiqamətləndirmək deməkdir. Dövlətim isə qarşılığında mənə müəllif haqqımı da verməkdən imtina edir. Mədəniyyət Nazirliyi özünü cavabdeh saymır, çünki Milli Kitabxana onun strukturunda deyilmiş. Bəs layihə rəhbəri mədəniyyət naziri olmayıbmı? Layihə iştirakçıları Mədəniyyət Nazirliyi tabeliyindəki qurumlar deyillərmi? Hüquqi cəhətdən deyillərmiş. Bilirsinizmi, bir dövlət qurumunun öz tabeliyindəki quruma cavabdehlik daşımaması ölkədə dövlətçilik hüququnun yetərincə işləmədiyini göstərir. Hələ görün nə cavab verirlər: “Mədəniyyət Nazirliyi Mədəniyyət və Turizm Nazirlliyinin fəaliyyətinə cavabdeh deyil”. Bu, nə bəsitlikdir, bu nə düşüncə tərzidir? Mən haqqımı nazirlikdən istəyirdim, ayrı-ayrı şəxslərdən yox. Dövlətdə hüquqi davamlılıq şərtdir. Bunu nazirlik hüquqşünaslarına başa salan lazımdır. Azərbaycanda ən çox haqları tapdanmış yazıçıyam. Yəqin, məni “dissident” kimi görürlər.
Mən dövlətdən ev, mükafat, medal istəmirəm. Halbuki, bu dövlətdən iki dəfə ev alan, 5 otaqlı mənzil alan, yaxud dövlətin bütün dəstəklərini alan yazıcılar var. Kitablarımı nəşr etməsini istəmirəm. Məni müalicəyə göndərməsini istəmirəm. Müəllif haqqımı ödəsin, mən öz problemlərimi həll edərəm. Bu, bir yazıcıya qarşı haqsızılıqdır. Tamaşalarımı dayandır, mükafat vermə, kitablarımı nəşr etmə, heç bir şərait yaratma, amma kitabımdan istifadə et. Azərbaycan dövləti 10 ildə bir əsər yazana dəstək verdi, 10 ildə ən az 10 pyes, 10 kitab, yüz hekayə yazan mənə heç bir dəstək vermədi. O qədər qorxunc adamam? Bəlkə, müxalifət partiyasının sədriyəm, xəbərim yoxdur? Bəlkə, kiminsə vəzifəsinə göz dikmişəm? Bəlkə, əsərlərim zəifdir, yararsızdır? Elə isə biri qalxıb bunları mənə desin, mən də bilim. Yoxsa hər kəsin “Sənə niyə qiymət vermirlər?” sualına cavab verməkdən yorulmuşam. Gileyli və qəzəbli olduğum məqamlar çoxdur. Hamısına vaxt çatmaz. Fikir verin, müasir seriallara, filmlərə, ədəbi mühitə. Millətə ancaq oğru, quldur, fahişə obrazlar təqdim edirlər. Bizim seriallar xalqa hansı müsbət mesajı verir? Yaxud teatrlarımlzın repertuarlarındakı əsərlərə baxın. Bütün bu illər ərzində neçə müasir Azərbaycan dramaturqunun əsəri teatrların repertuarında yer alıb? Milli Məclisə baxın. Efirlərə baxın. Bəli, mən bu mühitə lazım deyiləm. Nə bu hakimiyyətə, nə bu Milli Məclisə, nə efirlərə… 2008-ci ildə ingiliscə nəşr etdirdiyim kitabı işdən çıxandan sonra Dövlət Komissiyasının İşçi qrupunda müavin işləyən Eldar Səmədova 10 ildə dəfələrlə xatırladıram ki, rəhbərliyə məlumat versin: belə bir kitab var, nəşrinə kömək etsinlər. 2017-ci ildə nəşr də etdirib verirəm. Çünki birlikdə işləmişik və bu adama dəstəyim çox dəyib deyə ona inanıram. Az keçmir ki, komissiya mənim layihəmi 3 nəfərin adı ilə nəşr edir, həmin Eldar Səmədovun adı birinci yazılır. Bir komissiya təkcə mənim gördüyüm işi təzədən 3 nəfərə gördürür, həm də çox bəsit şəkildə.
Təsəvvür edin ki, kitab tez çıxsın deyə İşçi qrupunun dərkənarı olan izahatı kitabda nəşr edirlər. Tarixdə bu qədər səviyyəsiz iş görülməyib. Haqqımı halal etmirəm. Bu komissiya “Erməni terroru” layihəmə neçə nəfərin adını yazdı. Hətta mənim adımı tərtibçilər siyahısında axıra atdılar. Halbuki, məhz bu layihəyə görə mənim maaşım kəsilmişdi. Layihəni mən hazırlamışam, nə işlər görülməli olduğunu mən müəyyənləşdirmişəm, əsas tərtibini mən etmişəm, kitabda neçə adamın adı var. Eldar Səmədov öz adını onda da birinci yazdırmışdı. Sonra da “Erməni əsirliyində” layihəm mənsiz nəşr etdirilərkən yenə öz adını birinci yazıb. Komissiyanın sədri DTK-nın sədridir. Əgər bu materialı Komissiya materialı kimi nəşr edilirdisə, niyə müəllif adları yazılır? Yaxud niyə mənim kitabım kənara atılır? 300-dən artıq əsir-girovun xatirələrinin yazılıb hazırlandığını Komissiya sədri bilmirdimi? Bilirdisə, mən hansı dövləti cinayət etmişəm ki, mənim layihəmi geri itələyirdilər? Axı 2003-dən başlayaraq Dövlət Komissiyasında görülmüş bütün təbliğat işinin arxasında duran əsas təşkilatçı mən idim. Bunu orada çox yaxşı bilirlər. Azərbaycanda dövlət qurumlarının Qarabağ təbliğatı sahəsində ciddi addımları “Erməni terroru” fotoalbomundan başladı. O isə mənin layihəmin, sadəcə, bir parçası idi. Lakin 2003-cü ildə dövlət qarşısında daha böyük xidmətim olmuşdu, bunu sonrakı nazir də bilirdi. Bəzən düşünürəm ki, məhz o xidmətimə görə mənə qarşı təzyiqlər oldu. Görünür, kimlərinsə planlarını pozmuşdum. Nəticəsi də o oldu ki, məni bezdirib işdən uzaqlaşmağıma səbəb oldular. Təsəvvür edin, İşçi qrupunun rəhbəri Firudin Sadıqov “Erməni vandalizmi” fotoalbomu layihəmi rədd edir, mənə “Çox ambisiyalısan” deyir. Mən də göndərirəm Prezident Aparatına. Layihə Mədəniyyət Nazirliyinə göndərilir. Oradan zəng edirlər ki, layihə qəbul olunub. Aygün xanım gəlsin, işi başlasın. Firudin Sadıqov mənə deyir ki, “Sən get işinlə məşğul ol, bu layihəni Eldar işləyəcək”. Eldar da gəlib məndən materialları istəyir. Çünki komissiyada bu faktları mən işləmişəm, mən toplamışam, bu mövzuda arayışı, məqalələri mən yazmışam. Ondan sonra İşçi qrupunda qalmaq istəmədim.
Mən oraya Namiq Abbasovun təklifi ilə işə girmişdim və onun simasında həqiqi dövləti görmüşdüm. İşçi qrupunda Gülşən Əliyevanın bütün təzyiqlərini və “mənəm-mənəm”liyinə də məhz Namiq Abbasovun qarşımda qoyduğu vəzifəni yerinə yetirməli olduğum üçün dözmüşdüm. Yeri gəlmişkən, o Gülşən Əliyeva yenə vəzifədədir. Hansı məziyyətinə görə? Şəxsən mən onda bir məziyyət görmədim. Gülşən çıxarıldı, yerinə Firudin Sadıqov gətirildi. O ki təcrübəli bir kəşfiyyatçı, uzun illər təhlükəsizlik sistemində işləmiş biri idi. Amma vəzifə bu adamların gözünü elə tutdu ki, özlərini Allah sanmağa başladılar. Vəzifə də bir vəzifə olsa… Düzdür, Eldar Mahmudov yeni gələndə mənim fəaliyyətimi qiymətləndirdi. Haqqımda gələn məktuba mükafatlandırılmağım barədə dərkənar qoydu. Həm 200 manat məbləğində pul mükafatı aldım, həm də böyük referent keçirildim. “Erməni terroru” albomum nəşr olundu. Lakin Firudin Sadıqovun gəlişindən sonra Esmira Orucovanın iftira və dedi-qoduları nəticəsində İşçi qrupunda vəziyyət dəyişdi. Firudin Sadıqovun üzü döndü, kobud, daim bağıran, hər kəsi vəzifəsinə təhlükə kimi görən birinə çevrildi. Başa düşdüm ki, artıq burada heç nə edə bilməyəcəyəm, işdən ayrıldım.
Dərnəyin layihə pulunu alıb qaçdığı üçün dərnəkdən uzaqlaşdırdığım bir sənədi belə özü müstəqil hazırlaya bilməyən birisi indi nazirliklərdən birində İctimai Şurada təmsil olunur. Belə getsə, gələn seçkidə deputat da olacaq. Ölkədə vəzifəyə qoymağa kadr tapmırlar. Bir siyahıları var, hər yerə eyni adlar verilir. Layihəsi prezidentə Qəbələdə təqdim olunmuş Strateji Araşdırmalar Mərkəzi əslində bu strateji dövlət proqramını hazırlamalıydı, prezidentə bu mövzularda strateji layhələr təqdim etməliydi. Amma orada işləyənlər mərkəzin mahiyyətini başa düşmədilər, elə ancaq məqalə yaz, kitab nəşr et, tədbir keçir… Nəhayət, ləğv olundu. Vətəndaş Təşəbbüsləri Mərkəzi nə iş görür? Ölkədə vətənsevər, milli ruhlu, müstəqil dövlətçilik ruhlu gənclərin hamısının qol-qanadlarını qırdılar, ölkənin quruluşundan uzaqda tutdular. Nəticə də budur, gördüyünüz kimi.
– Türkiyədə yüzlərlə azərbaycanlı iş adamı uğurlu biznes qurub. Qardaş ölkədə mədəniyyətimizin təbliği işində onlardan səsinizə səs verənlər varmı?
-İndiyə qədər olmayıb. Azərbaycandan təlimat gözləyirlər.
– Türkiyədə yaşayan azərbaycanlı uşaqların təhsil, o cümlədən ana dilində problemləri barədə çox yazırsınız. Vəziyyət nə yerdədir?
-Vəziyyət belədir: 3 dərnək üç müxtəlif yerlərdə məktəb açıb öz bildiyi kimi dərs keçir. Diaspor Komitəsi Mübariz İbrahimov adına məktəbimizin kirayə haqqını ödəyib. Üst-üstə bir il müddətinə. Bu günlərdə gələn kirə dəstəyi lap yerinə düşdü. Lakin problemlər çoxdur, vəziyyət ürəkaçan deyil. Bu problemdən şəxsi biznesi üçün istifadə edənlər var. Azərbaycan Təhsil Mədəniyyət Dərnəyi kimi əlimizdən gələni edirik, lakin bizim də gücümüz bir yerə qədərdir. Dövlət vətəndaşına sahib çıxmalıdır. Fuad Muradov gələndən sonra Diaspor Komitəsi xeyli fəallaşıb. Nə vaxt müraciət ediriksə, bizə dəstək verirlər. Lakin Komitənin də büdcəsi bütün layihələrə çatmır. Fuad Muradov şəxsən mənə deyib ki, layihələrinizi təqdim edin, dəstək verək. Hələ şəxsi layihələrimi təqdim etməmişəm. Əsas balalarımızın təhsilidir. Bu uşaqlar azərbaycanca uşaq kitablarından da məhrumdurlar. Xeylu uşaq nağıl və hekayələrim, 4 uşaq romanım var, lakin nəşr etdirməyə imkanım yoxdur.
– Gələk bizim üçün çox vacib olan bir məsələyə. Bu ilin yazında Türkiyə Dil Qurumu ölkədə reklam lövhələrindən şirkət adlarına qədər hər sahədə xarici sözlərə geniş meydan verilməsi, dövlət dilinin sıxışdırılması haqqında geniş hesabat hazırlamışdı. Sonra bu məsələ Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Yüksək Məşvərət Məclisində müzakirəyə çıxarıldı. Hesabatda hotellər, istirahət mərkəzləri, ayrı-ayrı sahibkarlıq subyektlərinin lövhələrində ingilis dilindən həddən artıq çox istifadə edildiyi vurğulanıb. Məşvərət Məclisində qeyd edilib ki, qardaş ölkədə türk dilinin qorunması üçün yeni qanun layihəsi hazırlanacaq. Ötən müddət ərzində nə dəyişib?
-Təəssüf ki, hələ bir dəyişiklik yoxdur. Əksinə, vəziyyət Azərbaycandakı vəziyyətə dönür. İngiliscə, rusca, ərəbcə lövhələrin, yazıların sayı artır.
– Yeri gəlmişkən, reklam və lövhələrdə dövlət dilinin sıxışdırılması barədə ilk dəfə Azərbaycanda həyəcan təbili çalındı, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” 2020-ci ildə Azərbaycan ziyalılarını ətrafına toplayaraq bu problemi ictimailəşdirdi, müvafiq dövlət qurumlarına müraciətlər göndərdi. O müraciəti imzalayanlar arasında Siz də varsınız. Yerli qanunvericiliyə dövlət dili haqqında qanunu pozmağa görə cəza nəzərdə tutan dəyişikliklər edildi. Amma istənilən nəticə hələlik əldə edilməyib. Bakının bəzi küçələrinin əcnəbi dillər tərəfindən “işğal” səviyyəsi 70-95 faiz təşkil edir. Bir neçə ay əvvəl Batumidəki reklam lövhələri barədə yazı vermişdik. Qonşu Gürcüstanda ana dilindən istifadə edilməyən lövhə yox dərəcəsindədir. Sizcə, səbəb nədir? Xalq olaraq dəyərlərimizə biganəliyimiz, yoxsa məmurların məsuliyyətsizliyi və etinasızlığı?
– Azərbaycanda reklam və lövhələrdə, şirkət, şadlıq sarayları, mağaza adlarında dilimizin təhrif olunması və xarici dillərə üstünlük verilməsi barədə narahatlıq bu gün başlamayıb. Hələ 1998-ci ildə Bakıda mən Yeni Yazarlar və Sənətçilər Qurumunda olarkən o zaman üçün kifayət qədər ciddi tədbir keçirmişdik. Dəqiq tarixi yadımda deyil, 2009-cu ildə olmalıdır, Ədliyyə Nazirliyinə bu barədə məktub yazmış, əlavə olaraq, İçərişəhərdə dükan və şirkətlərinin adlarının yazılışı ilə, burada xarici səfirlik və şirkətlərin çoxalması ilə bağlı narahatılğımı ifadə edərək dükan, şirkət, şadlıq sarayı, restoranların xarici dildə adlarının qadağan edilməsi barədə təkliflər vermişdim. O zaman Ədliyyə Nazirliyindən mənə rəsmi şəkildə gələn cavab məktubunda bildirilirdi ki, o, bu məsələləri heç birinə nəzarət edə bilməz… Mahiyyət bu idi. Ciddi qadağa və cəzalar qoyulmasa, xarici adlara heyranlığı olan insanlarımız xarici adları bir üstünlük kimi görməkdə davam edəcəklər. Bu məsələdə həm dəyərlərə yuxarıdan aşağı baxmaq var, həm də dövlət qurumlarımızda öz dilimizə qarşı etinasızlıq.
Təsəvvür edin ki, 2002-2007-ci illərdə Dövlət Komissiyasında işləyəndə idarəyə lazım olan ləvazimatların adlarını yazarkən texnik sahəyə baxan iş yoldaşım bu ləvazimatların adlarını Azərbaycan türkcəsində necə yazılmalı olduğunu məndən soruşurdu. Məsələn, “nəfəslik”, “siyirməli dolab” kimi sözləri sonra şöbədən zəng edib soruşurdular ki, bu nədir? Biz izah edirdik. Sonra nazirliyin də sənədlərində bu sözləri dəyişirdilər. Yəni bu işi başlamaq lazımdır. Bir çox ofis ləvazimatlarının dilimizdə artıq yerini almış adları varsa, niyə rus və ingilis dillərindən yeni sözlər gətirək? Dövlət qurumlarının əməkdaşları da dilimizi təhrif edirlər. Çünki çoxu Azərbaycan dilini bilmir, yaxud savadsızdır. Azərbaycan toponimlərinin xarici dillərə tərcüməsi də bərbaddır. İngiliscə tərcümələrdə yer adlarını hərəsi bir cür yazır. Azərbaycanda Tərcümə Mərkəzi adların tərcüməsini hazırlayıb ortaya qoymaqdansa, orfoqrafiya lüğəti hazırlayır. Orfoqrafiya lüğətini Dilçilik İnstitutu hazırlamalıdır. Hələ yeni tərcümələrə baxın. “Balaca şahzadə”ni götürüb “Kiçik prins” adı ilə tərcümə edirlər. Niyəsini başa düşmək də olmur. Ümumiyyətlə, dilimizlə bağlı bütün sahələrdə vəziyyət bərbaddır. Dilimizin bütün qaydaları pozulur. Bakıda restoranın adı niyə ingiliscə yazılmalıdır? Bakıda neçə faiz ingilis var? Bu adamlara başa salmaq lazımdır. Ədliyyə Nazirliyi bunları qeydiyyata alarkən adların milliləşdirilməsi tələbini qoymalıdır.
— Sizcə, şirkətlərin, ticarət və ictimai iaşə obyektlərinin adlarının və əmtəə nişanlarının əcnəbicə tərtib edilməsinin səbəbi nədir? Biznes marağı, yoxsa milli natamamlıq kompleksi?
– Milli natamamlıq kompleksi. Özgüvən hissinin olmaması. Marka adları çıxmaq şərtilə, ingiliscə ad hansı biznes marağını təmin edir ki? Siz bir mağazaya fransızca ad verin, bu mağazaya neçə fransız girəcək? Sizin alıcınız Azərbaycan vətəndaşıdırsa, onun ruhuna toxunan adlar seçəcəksiniz. Məsələn, mən məhz adına görə “Bravo”dan deyil, “Araz” marketdən alış-veriş etməyi daha çox seçirəm. Çünki “Araz” adı mənim üçün o taylı-bu taylı Vətəni ifadə edir. Heç vaxt xarici adı olan obyekti seçmirəm. Çünki millətimin tarixini bilirəm, buna görə də millətimlə, dilimlə fəxr edirəm.
Pərvanə O-nurlu