-Dilimiz niyə düzəlmir?
Sual.
İlk ani cavab:
-Dilimiz əyridir ki?
Səsszilik.
Bir an hər iki həmsöhbət fikrə gedir. Dilimizə nə olub axı? Gül kimi dilimiz var.
Burda üçüncü beyin dövrəyə girir: əhsən, düz deyirsiniz, dilimiz gözəldir, düzdür, əyri deyil.
Bəs elə isə “nədir bu gövtü guulər, qılmaq sənə tənə eybculər?”
Xalası, balası, bu axırıncı cümləmi anladın? “Yox” anlamında üzümə baxır. “Anlamaq dərdi yamandır”, sən var da anlama.
Sonra şəhəri dolanıb həsri basmadan gəlirəm mətləb üstə. Gözümü dörd açıb hər yazıya, hər vitrinə, hər reklama, hər mağaza, dükan, yer adlarına baxıram, anlamıram. Vaxt vardı Quran bəhanəsi ilə ərəbin qıvrımlı hərfləri bəzəyərmiş bu lövhələri, sonra kirilin sərt dönüşlü, iti bucaqlı hərfləri hökm elədi, indi də latının inciləri ipə düzülür dilimizdə. Burda içimdən bir Mən baş qaldırır, səsini çıxarıb “mən də varam” demək istəyir, həmən də qapazı salıb başına səsini kəsirəm. “Sən sus, sən nəkarəsən, dünyanın başbilənləri latınla işləyir, sən indi durub “mən, mən” deyib hara gedəcəksən, ilk addımda ayaq altında qalarsan”. ”Mən” bir az qınına çəkilir, sonra bir azdan yenə baş qaldırır ki, axı susa bilmirəm. Sus deyirəm, sussan ölməzsən, qorxma, susanlar yaşayır. Ağlın latına getməsin, sən elə bilirsən ölsən dilin qalacaq? Dilin səndən qabaq gedəcək gedər-gəlməzə.
Dilimizin vitrin yazılarında istila olunmasına ürəyimiz ağrıyır. Şəhəri gəzəndə dükan bazar, yox, çaşdım, market, store, mall-larda (!) yazıları anlamırıq. Əcnəbi dildə yazılır. Düz edirlər, birdən şəhərə qonaq gələr, öz dilimizdə yazılsa anlamazlar, ayıb olar. Bizim özümüzünkülər başa düşür, incimirlər ki, belə olmalıdır, orda nə yazıldığını bilməsələr də olar, əsas odur qonağın yanında biabır olmayaq. Elə bu məqamda özümün şokaladın bahalısını dolabın dibinə, ətin premiumunu buzluğun ən ucqar küncünə atdığım yadıma düşür. Axı qonağın qabağına ən yaxşısını çıxarmalıyam, ayıb olar. Nənəm demişkən, yemiş yeyilmiş, nə olacaq. Təki qonaq məmnun qalsın, mən də qürrələnim ki, biz elə həmişə bunları yeyirik.
Bir də o yad sözlər var ha, ağzımıza yaraşmayan, deyəndə dilimizi əzib büzür, boğazımızı sıxırıq, onlar da lap zəhmət verir bizə. Amma neynəyək, həm diliimiz köhnəlib, həm də biz müasirləşməliyik. Dilimizə yad sözləri yamaq etmədən necə müasirləşərik? Biz durub marketdə paketə torba desək çox ayıb olar. Məktub qabına (uşaqların dili ilə) zərf demə, konvert de, qoy görsünlər ki, sən zamanla ayaqlaşırsan.
Bu verana (nənəcədə “viranə” “verana”dır) dünyada, bu bəd zəmanədə palaza bürünməsən el ilə sürünəmmirsən, qalırsan axsaq at kimi arxada, qabaqda gedən də baxıb gülür. O, gülməyində olsun…
Mən sizə deyim, dil məsələsi qəliz mələsədir, dili səlisləşdirmək, təmizləmək, həm də inkişaf etdirmək üçün dilə münasibəti dəyişmək lazımdır. Bunun üçün də insanın özü dəyişməli, beyinlər dəyişməlidir. Allahın bu kompüterində proqramlar yenilənir, işi daha da yaxşılaşır, sonra bir “c klineer” edirsən, təmizlənir. Bu yazıq beynimizə elə nə gəldi yüklənir, dolub daşmır. Tibb işçiləri deyəcək beyin özünə lazım olanı saxlayır, qalanlarını silir. Bilirəm, amma bunu daha şüurlu şəkildə etsək, nəticə də ürəkaçan olar.
Bəli, bütün zamanların ən aktual məsələsi olub bu, insan dəyişməlidir, yeni insan yaranmalıdır. Burda beyindən söhbət gedir, Yenilik insanı özündən qoparmamalıdır; əksinə, püxtələşdirməlidir. Razıyam, bu gün həyatımız texniki baxımdan asanlaşıb, amma mənəvi durum çalxantıdadır.
Düşünürəm ki, dildəki problemlər də elə bu mənəvi çalxantının nəticələrindən biridir. Özgə dilə meyl etmək, onu özününkündən şüuraltı üstün bilmək özünün özünə yetərsizliyinin göstəricisidir. Özündən əmin, özünə inamlı, beyni və könlü tox insan bu durumda öz gerçək Məni ilə möhkəm durur. Əyilmir. Özü əyilmədikcə, dili də büdrəmir, əksinə, yeni sözləri özününküləşdirib dilini zənginləşdirir. Və bu onun qüruruna toxunmur. Yoxsa içimdəki susdurduğum MƏN heç cür qane olmur.
İstənilən halda dilimizi qoruyaq ki, varlığımız itməsin.
FADMM və FADMM-çilər! Ömrünüz uzun, yolunuz aydınlıq olsun.