- Köşə

Aytən ƏLİYEVA. Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu

Gənclik millətin gələcəyinin, inkişafının təməlinə qoyulan ilk daşlardır. Bir millətin varoluşunu sağlam gənclik əks etdirir. Ulu öndərimiz Heydər Əliyev də Azərbaycan gəncinin qarşısında bu tarixi vəzifəni qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi, gələcəyinin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən qaynaqlanır. Ölkəmizdə 2 Fevral Gənclər Günü olaraq qeyd edilir. Bu gün ölkəmizdə gənclərin iradəsinin, qüvvətinin, qələbələrinin davamçısı olacaq yetişən məktəblilərin baxışının bayraqlaşdırıldığı gündür. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində öz intellekti və fəallığı ilə seçilən gənclikdir. Respublikada bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənc nəslin inkişafı üçün yaradılan geniş imkanlar onları hal-hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevirib. Ötən əsrlə müqayisədə gənclərimizin beynəlxalq aləmə inteqrasiyasında nəzərəçarpan dönüş yaranıb. Bu inkişaf dövlətimizin gəncliyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Təməlində ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Hər bir tarixi gün keçilən yola bir baxış keçirməyi zərurət kimi ortaya qoyur.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə böyük qayıdışı digər istiqamətlər kimi gənclərə diqqət və qayğı sahəsində də yeni
bir mərhələnin əsasını qoydu. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu tərəqqinin əsası “ Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq” deyən Ulu öndərimizin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunda qoyuldu. 1996-cı il fevralın 2-də keçirilən bu forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsidir. 1997-ci ildə Heydər Əliyevin sərəncamı əsasında I Forumun keçirildiyi tarix – yəni 2 Fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Sonrakı illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyət
istiqamətlərinin genişləndirilməsində əhəmiyyətli rol oynadı. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Hazırda gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları, cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan, prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar gəncliyin inkişafına böyük dəstəkdir. İmzalanan Dövlət Proqramlarında məqsəd gənc nəsildə vətənpərvərlik hissinin artırılması, istedadlı gənclərin aşkar edilməsi, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi, sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilməsi, gənclərin sağlamlığının qorunması, gənclərin beynəlxalq
əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsidir.

2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası uğurlu siyasətin göstəricisidir. Azərbaycan gəncliyi azad düşünə bilir, demokratik şəraitdə yaşayır, mədəniyyət, incəsənət, elm və idman sahəsində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.

Azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verilir. Müasir düşüncəli, milli ruhlu gənclik formalaşdırmaq, dövlət idarəçiliyini yüksək ixtisaslı kadrlarla təmin etmək əsas prioritet sayılır. Gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində zəruri tədbirlər həyata keçirilir.