- Köşə

Aytən ƏLİYEVA. Erməni vandalizmi

Talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələrimiz təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələridir. Ermənistan tərəfindən işğal altında qalmış Azərbaycan ərazilərində 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olub. Erməni vandallığı nəticəsində bütün bu abidələrimiz məhv edilib.

Ermənistanın işğalı altında dədə-baba torpaqlarımızda 403 tarixi-dini abidələr aşkar edilmişdir. Bunlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş, Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8 olmaqla 67 məscidin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq tam yararsız hala düşüb. Bunlardan yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər isə öz barbarlıqlarını yenidən nümayiş etdirərək hətta məscidlərimizin içərisində ev heyvanları, xüsusən də donuz saxlamışlar.

Məhv edilmiş abidələrimizin içində yalnız dini abidələr deyil, digər mədəni abidələr də var. Hətta ilk insan məskənlərindən olan Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılmışdır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz də məhv edilib.5000-ə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılmış və talan olunmuş, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmişdir. Belə ki, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion erməni işğalçıları tərəfindən talan olunubdur.

Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınmışdır. Eyni zamanda, ermənilər qədim alban kilsələrimizi saxtakarlıqla erməniləşdirib, buraya öz yazılarını əlavə edib və sanki özününküləşdiriblər. Ermənilər Yerevandakı Dəmirbulaq məscidini yer üzündən sildiyi kimi, Göy məscidi də orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “yenidən təmir edib” erməniləşdiriblər.

İşğala məruz qalmış memarlıq abidələrimizdən 1314-cü ilə aid olan Ağdamın Xaçındərbətli kəndindəki Qutlu Musa oğlu türbəsi, 1216-1238-ci ilə aid Kəlbəcərin Vəngli kəndindəki Gəncəsər monastrı, 13-cü əsrə aid Xudavəng monastrı, Cəbrayılın Qumlaq kəndindəki Xudafərin körpüsü, 18-19-cu əsrlərə aid Şuşadakı Tarix-Memarlıq Qoruğu da eyni aqibəti yaşayıb.

İşğaldan əvvəl Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə mövcud olub. 2020-ci ildə bu torpaqlarımız rəşadətli Ordumuzun gücü və müzəffər sərkərdəmiz Ilham Əliyevin uğurlu siyasəti nəticəsində azad edildi, tarixi dədə-baba yurdumuza qovuşduq. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi və şəhərin bərpası üçün dövlət xüsusi proqram həyata keçirir. Qarabağın mədəniyyət beşiyi hesab edilən Şuşada qısa bir müddət ərzində Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı, Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalı da bərpa olundu. Qısa bir müddət ərzində Şuşada “Qarabağ” və “Xarıbülbül” otelləri istifadəyə verildi.

Hazırda Şuşadan başlayan mədəni quruculuq işləri Qarabağımızın digər bölgələrində də davam etdirilir. Düşmənin bir dənə də olsun, salamat bina qoymadığı ərazilərin böyük baş planı hazırlanır və həyata keçirilir. Bu gün həyata keçirilən sürətli və çoxşaxəli fəaliyyət deməyə əsas verir ki, tezliklə Qarabağımız əvvəlki şöhrətinə, mədəni-mənəvi zənginliyinə qovuşacaq.