- Mədəniyyət

Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində

Azərbaycanın “Hədis” animasiya filmi Annecy Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqəsinə daxil edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru Rəşid Ağamalıyev məlumat verib.

Onun sözlərinə görə, bu festival bütün dünya ölkələrində istehsal olunmuş animasiya filmlərindən ən yaxşılarını nümayiş etdirən aparıcı animasiya festivalı kimi tanınır: “Annecy müsabiqəsinə daxil edilmək Azərbaycan kino sənayesi üçün mühüm nailiyyətdir. Rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev olan “Hədis” simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır. “Hədis” qısametrajlı animasiya filmi 2022-ci il sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib və bu ölkədə gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub”.