Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş keçmiş müasir milli animasiya filmləri birinci Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstəriləcək.
AZƏRTAC xəbər verir ki, forum aprelin 18-dən 22-dək Özbəkistanın paytaxtında keçiriləcək.
Proqramın kuratoru ANİMAFİLM Beynəlxalq Animasiya festivalının direktoru Rəşid Ağamalıyevdir. O, həmçinin foruma beynəlxalq münsiflər heyətinin üzvü kimi dəvət edilib. Bir çox tanınmış Azərbaycan filmlərinin müəllifi Elçin Hami Axundov da Daşkənd forumunun qonağı olacaq.
“Azərbaycan animasiyasının 50 illiyi” proqramı bundan əvvəl Polşada, Yunanıstan və Gürcüstanda keçirilən beynəlxalq animasiya festivallarında təqdim olunub. Proqrama “Cırtdan”, “Tıq-Tıq xanım”, “Cırtdan-pəhləvan”, “Anam ağaca çıxıb”, “İthaf” və digər filmlər daxildir.
Daşkənd Beynəlxalq Animasiya Forumunda Mərkəzi Asiya ölkələrindən olan animatorlar və İsrail, Azərbaycan, Gürcüstan, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri bir araya gələcəklər. Təşkilatçıların sözlərinə görə, Özbəkistanın 30 illik müstəqilliyi ərzində bu, animasiya filmlərinə həsr olunmuş ilk irimiqyaslı tədbirdir.