- Mədəniyyət

Azərbaycan Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunacaq

Azərbaycan dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunacaq.

“Report” xəbər evrir ki, festival 13-18 iyun tarixlərində keçiriləcək.

Annecy festivalında Azərbaycanı Animafilmin təşkilatçıları Rəşid Ağamalıyev və Nəzrin Ağamalıyeva və rejissor Cavid Əhədov təmsil edəcəklər. Cavid Əhədov 4-cü Animafilm festivalının qalibi Firəngiz Qurbanovanın “Birlik” animasiya studiyasının animatorudur. Onun Annecy-də iştirakı “Birlik” studiyasının 4-cü Animafilm festivalının “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün olub. Qeyd edək ki, həmin mükafatın sponsorları Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və Annecy festivalının özü olmuşdur.

Xatırladırıq ki, 5-ci Animafilm festivalının müsabiqə proqramına filmlərin qəbulu davam edir. Bu il də Animafilm festivalı Fransanın Azərbaycandakı səfirliyi və IFA-nın tərəfdaşlığı və Annecy festivalının dəstəyi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə ənənəvi mükafat təqdim edəcək. Həmin kateqoriya üzrə qalib 2023-ci ildə MIFA adlı peşəkar akkreditasiya əldə edərək Fransada keçiriləcək Annecy festivalına qatılacaq. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək. Yerli müəlliflər öz filmləri ilə iyulun 15-nə qədər müraciət edə bilər.

Ondan əlavə, 5-ci Animafilm festivalının uşaq münsiflər heyətinə də qəbul davam edir. Məhz uşaqların səsverməsi ilə „Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi” müsabiqəsinin qalibləri müəyyən olunacaq. Uşaq münsiflər heyətinə seçilmək üçün müraciət iyulun 15-nə qədər davam edəcək.

5-ci Animafilm Beynəlxalq Animasiya Festivalı 7-11 sentyabr 2022-ci il tarixlərində keçiriləcək. Builki festivalın mövzusu iqlim dəyişikliyidir.

Təşkilatçıların qərarına əsasən, bilet satışından əldə olunan bütün gəlir ağac əkilməsinə xərclənəcək.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova