- Dil

“Azərbaycan dilində durğu işarələri sistemləri” kitabı haqqında bir neçə söz

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə (12 aprel 2019-cu il tarixli 3№-li protokol) “Azərbaycan dilində durğu işarələri sistemi” kitabı nəşr olundu. Belə bir kitabın nəşri elmi ictimaiyyətimiz üçün çox önəmli hadisədir. Xüsusilə, müəllimlər, jurnalistlər öz bilik və bacarıqlarını mükəmməlləşdirmək, mübahisəli məsələləri dəqiqləşdirmək üçün bir istinad nöqtəsinə möhtac idilər.

T.İsmayılova “Elmi mətnlərdə durğu işarələri” məqaləsində epiqraf olaraq belə yazır: “Eramızdan əvvəl IV əsrdə Aristotel yazırdı: “Heraklitin əsərlərində durğu işarələrinin qoyulması çox böyük xidmət oldu. Çünki oxucu oxuduğunun məna və mahiyyətini başa düşə bilmirdi” (səh.195) .

Bəli, durğu işarələrindən məlumatlı olmaq təkcə müəllim və jurnalistlərə deyil, oxuduğunu başa düşmək istəyən hər kəsə lazımdır.

“Durğu işarələrinin yazıda işlədilməsi məqamları” adlı məqaləsində prof. İsmayıl Məmmədli haqlı olaraq yazır: “Dilin, dilçiliyin elə sahələri var ki, onlar daha çox mütəxəssislərin marağına daxildir, onların araşdırmalarının obyekti, predmeti kimi götürülür. Bunlar sırf elmi-nəzəri problemlərdir: morfologiya, sintaksis, leksikologiya, etimologiya, semantika, habelə qrammatikanın bir sıra başqa məsələləri və s. Alim daha sonra qeyd edir: “Dilin elə məqamları var ki, bütün sahələri təmsil edən şəxslərə lazımdır. Bunların sırasına nitq mədəniyyəti, dilin orfoqrafiya (imla), orfoepiya (ədəbi tələffüz) məsələləri, dildə işlənən durğu işarələri (geniş mənada bu işarələrdən istifadə qaydaları, bu qaydaların məcmusu – başqa cür desək, punktuasiya) daxildir” (səh.84). Müəllif öz məqaləsində mövzuya dair məsələlərə birər-birər aydınlıq gətirir. Durğu işarələri və punktuasiya haqqında əsaslı məlumatlarla oxucunu doydurmağa çalışır.

Nərgiz Hacıyevanın “Durğu işarələrinin üslubi məqamları” adlı məqaləsindən kamil səviyyədə yararlanmaq olur. Amma dörd tirenin bir cümlədə işlənməsi fikri nədənsə uyğunsuz görünür, belə ki, hətta bir cümlədə işləndiyinə baxmayaraq, göstərilən nümunələrdə də hər bir tirenin öz funksiyası göz qabağındadır. Ümumiyyətlə, bir cümlədəki çox tirelərin hər birinin üslubi məqamı ayrıca bir tire məqamıdır. Çünki bir qrammatik mənaya xidmət edir (səh.133-134).

Kitabda prof. Q.Kazımovun “Durğu işarələrinin estetikası”, mərhum prof.Q.Məşədiyevin “Vasitəli və vasitəsiz nitqdə durğu işarələri”, fil.ü.f.d. İmaməddin Zəkiyevin durğu işarələrinin tarixindən bəhs edən yazısı, dos. Təranə Şükürlünün “Durğu işarələrinin tədrisi məsələləri” və s. dəyərli məqalələrin, xüsusilə, müəllimlərimizin marağına səbəb olacağına əminəm. Amma kitabda qarışıq məqamlar da az deyildir.

Prof. İsmayıl Kazımovun “Azərbaycan dilinin durğu işarələri: qayda və prinsipləri” məqaləsi 41 ədəbiyyatdan yararlanıb deməzdim, daha çox 41 kitabın qarışığından olduğuna görə oxucunu çaşdırır demək doğru olar.

“Punktuasiya məsələləri orfoqrafiya ilə də yaxından əlaqədardır. Əgər orfoqrafiya sözlərin yazılışı ilə (bu mənada leksika və morfologiya ilə) bağlıdırsa, punktuasiya cümlələrin, onların hissələrinin ayrılması və fərqləndirilməsi ilə (bu mənada sintaksislə) əlaqədardır. Əvvəlkinə dar mənada orfoqrafiya, sonrakına (punktuasiyaya) əvvəlki ilə birlikdə geniş anlamda orfoqrafiya deyilir.” (səh.5) – anla, görüm, nə anlayacaqsan!

“Durğu işarələrindən düzgün istifadə etməmək, yəni, müəllifin məqsədinə uyğun yerlərdə işlədilməsi (?) yazılı nitqin inkişafına mane olmaqla yanaşı, oxucuda da çaşqınlıq yaradır. Eyni zamanda yazılı ədəbi dilin normaları da bu və ya digər dərəcədə pozulur.” (səh.6) – düşünürəm ki, durğu işarələri müəllifin məqsədinə yox, qrammatik vahidlərə xidmət edir.

Müəllif intonasiya haqqında danışanda da elə qarışıq məqam yaradır ki, oxuyan intonasiya ilə durğu işarələrinin qarşılıqlı münasibətini aydınlaşdıra bilmir (səh.9, abz. 1, 2).

“Müasir Azərbaycan dilində durğu işarələri bu və ya başqa prinsip əsasında qoyulmur; o, bir sıra prinsiplərin  — qrammatik və məna, həmçinin də intonasiya əlaqələrinin vəhdəti əsasında qoyulur.” Yenə dolaşıqlıq, anlamaq olmur ki, bu və ya başqa prinsip nədir, intonasiyanın durğu işarələri sistemində rolu var, ya yox. Ümumiyyətlə, abzasdan abzasa keçdikcə fikir qaranlığına düçar olursan. Gah yazır: “durğu işarələrini diktə edilən mətnin tələffüz əlamətinə görə işlətmək də yolverilməzdir” (səh 10, abz 2), gah da “intonasiya cümlənin ifadə etdiyi məna ilə sıx bağlıdır.”, “Durğu işarələrinin əsasında, təbii olaraq, intonasiya durur; onu (intonasiyanı) sintaksisdən, nitqin mənasından ayırmaq olmaz.” -deyir. (Yenə orada) Bu fikir ziddiyyəti məqalə boyunca davam edir.

Sonrakı abzaslarda, ümumiyyətlə, məqalə boyunca bir neçə yerdə durğu işarələrinin səhv işlədilməsindən söhbət açılır, bu elmi məqalədirsə, savadsız adamların analiz edilməsi orada niyə yer almalıdır? Elm adamı elə qayda ortaya qoymalıdır ki, ondan hər kəs istifadə etsin və qaydalardan kənara çıxılmazlığı dərk etsin. Dilimizin təhrif olunmasına, yersiz ifadələrin işlədilməsinə, varvarizmlərin efirlərdən yayılmasına da belə hərcmərcliklər səbəb olur.

Müəllif durğu işarələrindən bəhs edərkən, yersiz olaraq, cumlələri sintaktik təhlil etməyi də unutmur (konkret olaraq səh. 16, 17).

Məqalədə müəllif “…Azərbaycan punktasiyasının nəzəri aspektləri (məntiqi, psixoloji, sintaktik və intonasiya aspektləri) daha dərindən öyrənilməli, praktikada sınaqdan çıxarılmalıdır,” (səh18.) deyərkən nəyi nəzərdə tutur, biz dilimizə punktuasiyanı yenimi daxil edirik ki, “praktikada” onu yoxlayaq?!

Müəllif “Eyni vaxtda durğu işarələrindən istifadə” yarımbaşlığı altında verilmiş “Vergül və çox nöqtə təkrarlanan vahidlər arasında”, “vergül və sual” və s. bölümlər yersiz olaraq kitaba daxil edilmişdir. Bu, durğu işarələrinin ümumi məqamlarıdır. Ona yeni anlam gətirməyə, xüsusilə eyni vaxtda işlənməsini iddia etməyə əsas yoxdur. Vergül öz yerində işlənir, sual öz yerində, dırnaq öz yerində və. s.

Əsasən, durğu işarələrinin işlənmə yerindən danışmaq əvəzinə, orfoqrafik, morfoloji, sintaktik vahidlərin məqamlarından bəhs edilir (səh. 19-21; 35). “Ki” bağlayıcısından sonra qoşa nöqtə, dırnaq isə tam olaraq səhv fikirdir, çünki “ki” bağlayıcısı işlənərkən vasitəsiz nitq vasitəli nitqə çevrilir (!). Digər variantlar səhvdir. Həmin səhv anlayış olduğu kimi 37-ci səhifədə də işlədilir.

Durğu işarələrinin işlənmə qaydası barədə verilən geniş izahlar da qarışıqlıqlardan ibarətdir. Məs.: “Sıra ilə gələn cümlələrin hər ikisində sual mənası varsa, sual işarəsi ikinci cümlənin sonunda qoyulur: Mənimlə qalacaqsan, ya onunla qalacaqsan?” (səh.27). Əvvəla müəllif bilməlidir ki, burada həmcins xəbərli bir cümlə var, ikincisi əgər bir mürəkkəb cümlədən söhbət gedirsə, onun komponentlərini “Sıra ilə gələn“ deyə “birinci cümlədən sonra, ikinci cümlədən sonra” bölmək, məncə, düzgün deyil. O, mürəkkəb cümlənin tərəfləridir.

Müəllif vergülün işlənməsi qaydalarından danışarkən 32-ci səhifədə belə bir uyğunsuzluğa yol verir: “Ara sözlərin bir çoxu cümlədə feili xəbər kimi də işlənir: Görünür, bu il bol məhsul olacaq; Gözüm gözünüzdən uzaq olsa da, Könüldən-könülə yollar görünür (S.Vurğun); Doğrudur, mən də bu saat onu düşünürdüm (C.Cabbarlı); Onun dediklərinin hamısı doğrudur; Lap deyəsən cin kimi bir zatdılar (M.Ə.Sabir); Məsləhət oldu ki, bu sözü sən deyəsən.” – bəyəm bizim dilimizdə “Görmək, demək, doğru” müstəqil sözləri yoxdurmu ki, onlar ara söz kimi qed edilir. Axı, bu sözlər müxtəlif qrammatik qaydalara uya bilir!

Elə həmin kitabda prof. Q.Kazımovun məqaləsində dəqiq olaraq feili bağlama tərkiblərindən sonra vergülün qoyulmasında qaydaların hələ dəqiqləşmədiyi (səh.69) vurğulansa da, müəllif bu məsələ barədə fikir yürüdür və yanlış nəticəyə gəlir.

Feili tərkiblərdə vergülün işlənməsi qaydalarından bəhs edərkən “-ıb” şəkilçili feili bağlama və feili bağlama tərkiblərindən sonra vergülün qoyulması isə onun zərfliyin hansı növü vəzifəsində çıxış etməsindən asılıdır. Bu tip tərkiblər ancaq zaman zərfliyi funksiyasında işlənərkən ondan sonra vergül qoyulur (səh.32). Nümunə göstərilən beş cümlənin isə üçündə həmin şəkilçi ilə işlənən feillər nəqli keçmiş zamandadır və “-ıb” şəkilçisi nəqli keçmiş zamanın morfoloji göstəricisidir.

Qeyd: Ümumiyyətlə, bu məsələyə dilçilərimizin yenidən baxıb təkvariantlı qayda hazırlamasının vaxtı çoxdan çatmışdır.

Məqalədə çoxlu təkrar fikirlər həm qarışıqlığa, həm də söz çoxluğuna səbəb olmuşdur. Bir məqamda deyilir ki, həmcins üzvlər arasında vergül qoyulur, digər səhifədə feili tərkiblər həmcins üzvlər kimi işləndikdə vergüllə ayrılır və ya təkrar olunan predikativlər arasında vergül yazılır. Eyni məqama “Qoşa nöqtə” haqqında verilən qaydalarda da rast gəlirik. Belə ki, “ümumiləşdirici sözdən sonra gələn həmcins üzvlərdən əvvəl” və “həmcins üzvlərdən əvvəl gələn ümumiləşdirici sözdən sonra”; “vasitəsiz nitqdə müəllif sözündən sonra” və “vasitəsiz nitqdə müəllif nitqində işlədilən nitq feillərindən sonra” (bir cümlədə üç dəfə “nitq” sözü (!) (səh. 36, 37) ifadələri, məncə, eynilik təşkil edir.

Nöqtəli vergül bölməsində müəllif belə bir nümunə verir: “Həmcins üzvləri ifadə edən sözləri mənalarına əsasən qruplaşdıraraq, bu qrupları bir-birindən fərqləndirmək üçün: Uşağa dəftər, kitab, köynək və corab aldıq.” (səh. 38) – buradakı sözlərdə hansı məna qrupları var?

Dilimizdə “gizli”, “sətiraltı” sözləri olduğu halda “impilisit” sözünü işlədib yanında tərcüməsini verməyin mahiyyəti nədən ibarətdir? Dilə yeni söz pərçim edirik?

Çox nöqtə, yəni sıralanmış üç nöqtə barədə 40-cı səhifədəki fikirlər 43, 45- ci səhifələrdə təkrarlanır, hətta Q.Kazımovdan gətirilmiş nümunə də hər iki səhifədə olduğu kimi verilir.

Belə bir qayda verilir: “Cümlə eyni zamanda çox nöqtə ilə başlayıb, çox nöqtə ilə bitə də bilər.” – nümunədə isə cümlə çox nöqtə ilə bitir, başlamır (səh.42).

43-cü səhifədə bir-birinin ardınca iki maddə verilir: “Dialoqda danışanın sözü müsahib tərəfindən kəsiləndə” və “Müsahibin sözü kəsildikdə” – burada hansı elmi fərq var?

Müəllif əvvəl çox nöqtənin bədii əsərdə istifadə olunduğunu qeyd edir (səh 43), sonra (səh 45) şeirdə də istifadə olunduğunu yazır. Şeir də bədii ədəbiyyat deyilmi?

Bilirik ki, dilimizdə “mötərizə” və “yarımmötərizə” ifadələri var. Nədənsə müəllif hər ikisini mötərizə adlandırır. Dırnaq işarəsindən danışarkən “başqasının fikri dırnaq arasında yazılır”, eyni zamanda “başqasına məxsus düşünülən, yada düşən fikirlər dırnaq içərisində yazılır” – hərəsi bir maddə kimi vurğulanır. Tirelərin işlənmə məqamından danışarkən təqdim etdiyi nümunələrdə şeirdə yerdəyişmə ilə cümlədə əlavəni fərqləndirmir (səh.51, 52). Bu da bir qədər anlaşılmazlıq yaradır. 53-cü səhifədə əlavələrdə tiredən danışıldığı halda yenidən vergülün işlənməsinə qayıdırıq.

Baxmayaraq ki, defis durğu deyil, orfoqrafik işarədir, amma onun haqqında məqalədə aydın və dəqiq məlumatlarla tanış oluruq.

Müəllimlərə və digər istifadəçilərə tövsiyə edərdim ki, kitabdan istifadə zamanı diqqətli və yaradıcı olmağa, hər bir məqaləyə fərdi yanaşmağa çalışsınlar.

Sima Cəfərova