- Cəmiyyət

Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Azərbaycan şahmatçıları Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə dünya çempionatında növbəti oyunlarını keçirəcəklər.

“Report”un məlumatına görə, kişilərin yarışında rapid növündə VI, VII, VIII və IX turun görüşləri, qadınların mübarizəsində V, VI, VII və VIII turun qarşılaşmaları oynanılacaq.

Turnirdə Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlardan isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva çıxış edir.

Məmmədyarov hazırda 4 xalla 14-cü pillədə qərarlaşıb. Məmmədov 3,5 xalla 34-cü, Süleymanlı 3 xalla 46-cı, Durarbəyli 2,5 xalla 98-ci, eyni xala malik Qədimbəyli 110-cu yerdədir. 2 xalı olan Muradlı və Əsədli müqaviq olaraq 114 və 116-cı sıradadırlar.

Qadınlardan Məmmədzadə dörd turdan sonra 3,5 xalla 6-cı, Balacayevə 3 xalla 12-ci, Məmmədova 2,5 xalla 22-ci, eyni xala malik Hacıyeva 24-cü, Fətəliyeva 27-ci pillədə qərarlaşıb. 1,5 xal toplayan Beydullayeva 65-cidir.

Qeyd edək ki, dünya çempionatı dekabrın 30-da başa çatacaq. Mükafat fondu 1 milyon ABŞ dolları olan mundialda 258 qrossmeyster (155 kişi, 103 qadın) mübarizə aparır.