- Mədəniyyət

Azərbaycan Tehran Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Mayın 11-də İran İslam Respublikasının Tehran şəhərində 33-cü Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi olub.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildiirlib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İrandakı Səfirliyimizin dəstəyilə Azərbaycan da Tehran Beynəlxalq Kitab Sərgisində iştirak edir.

Nəşriyyat-poliqrafiya müəssisələri, kitab mağazaları, dövlət qurumları və səfirliklər də daxil olmaqla sərgidə 13 ölkədən 1700 iştirakçı təmsil olunur.

Stenddə Azərbaycanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına, incəsənətinə, coğrafiyasına dair 250-dən çox kitab sərgilənir, eyni zamanda Qarabağ, Vətən müharibəsi və böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında yeni çap olunmuş nəşrlər nümayiş etdirilir. Xüsusi tərtibatı olan “Şuşa” kitabı və “Nizami Gəncəvi. Xəmsə” nəşri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Nazirliyin Kitab sənayesi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli və əməkdaşı İslam Hüseynov tərəfindən gün ərzində Azərbaycan stendinə yaxınlaşan ziyarətçilərə ölkəmizin mədəniyyəti və ədəbiyyatı haqqında, Qarabağ həqiqətləri barədə, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhəri ilə bağlı geniş məlumat verilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Akif Marifli sərgi zamanı İranın müxtəlif televiziya kanallarına və kütləvi informasiya vasitələrinə milli stendimiz və iki ölkə arasındakı mədəni əlaqələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə müsahibə verib.

Sərginin ilk günü Azərbaycan stendinə yüzdən çox ziyarətçi təşrif buyurub.

Sərgi mayın 21-dək davam edəcək.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova