- Mədəniyyət

Azərbaycan və Gürcüstan teatrları arasında memorandum imzalanıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Gürcüstanın Giorgi Eristavi adına Dövlət Peşəkar Dram Teatrı arasında yaradıcılıq memorandumu imzalanıb.

Bu barədə “Report”a Dövlət Akademik Musiqili Teatrdan məlumat verilib.

Qeyd edilib ki, memorandumu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və Giorgi Eristavi adına Gürcüstan Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri David Çxartişvili imzalayıb.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Ə.Lalayev memorandumun qarşılıqlı əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığını, son iki ildə hökm sürən mövcud pandemiya şəraitinə və onun gətirdiyi problemlərə baxmayaraq, Akademik Musiqili Teatrın kollektivinin gələcək planlar üzərində düşündüyünü, yeni yaradıcılıq formalarının tətbiqi üçün çalışdığını diqqətə çatdırıb.

“Azərbaycan və Gürcüstan teatrları arasında memorandumun imzalanması ölkələrimiz arasında mədəni əlaqələrin ildən-ilə möhkəmlənməsinə sübutdur. Əminəm ki, bu sənəd yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yaradıcılıq əlaqələrinin daha da genişlənməsini, qarşılıqlı qastrol səfərlərinin təşkilini, rejissor, rəssam mübadiləsini və s. nəzərdə tutan sənəd iki dost ölkənin teatr sənətçilərini bir-birinə və beynəlxalq teatr aləminə daha da yaxınlaşdıracaq”, – Ə.Lalayev bildirib.