- Mədəniyyət

Azərbaycan və Qətər milli kitabxanaları arasında əməkdaşlıq genişlənir

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Qətər Beynəlxalq Kitab sərgisində Qətər Milli Kitabxanasının icraçı direktoru xanım Tan Huism ilə görüşüb.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə Kərim Tahirov hər iki dost ölkə arasında mövcud olan sıx əlaqələrə rəğmən 4 il öncə Qətər və Azərbaycan milli kitabxanaları arasında bağlanmış qarşılıqlı əməkdaşlığa dair memoranduma müvafiq olaraq informasiya, kitab və təcrübə mübadiləsinin həyata keçirildiyini söyləyib. Qətər Milli Kitabxanasında Azərbaycana dair qədim kitabların və əlyazmaların öyrənilməsində guşənin rolunu vurğulayan direktor belə bir imkanın yaradılması üçün hər iki kitabxanada Azərbaycan və Qətərə dair guşənin yaradılmasını təklif edib.

Qətər Milli Kitabxanasının direktoru xanım Tan Huism həmkarının irəli sürdüyü təklifə məmnuniyyətlə razı olduğunu bildirib və bu işi təşkil etmək üçün tədbirlər görəcəyinə söz verib.

Tarix üzrə fəlsəfə doktoru Akif Marifli Qətər kitab sərgisinin və Milli Kitabxananın ekspozisiyasının möhtəşəmliyindən və iştirakçıların çoxluğundan söz açıb və Qətər Milli Kitabxanasını gələn il Bakıda keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisinə dəvət edib.

Görüşün sonunda K.Tahirov xanım Tan Huismə Azərbaycan Milli Kitabxanası adından, “Nizami yurdu Gəncə”, “Salam Azərbaycan”, “Qarabağın qara kitabı”nı, habelə ərəb dilində nəşr olunmuş Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami”, “Dəmir yumruq. 44 günlük müharibə qəhrəmanları”, “Azərbaycanın qadın ziyalıları” və digər kitabları hədiyyə edib.

Görüşdən sonra xanım Tan Huism qonaqları Qətər Milli Kitabxanasının ekspozisiyası ilə tanış edib.