VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Azərbaycan və Türkiyə nəşriyyatlarının işbirliyi və cari vəziyyət” mövzusunda iki ölkə naşirlərinin iştirakı ilə seminar keçirilib.
Seminarda Azərbaycan Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və şöbənin əməkdaşı Xəyal Məmmədov, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Yayımlar Baş İdarəsinin müdir müavini Taner Beyoğlu, Türkiyə Naşirlər Birliyinin sədri, Beynəlxalq Nəşriyyatlar Birliyi İdarə Heyətinin üzvü Kənan Kocatürk, İstanbul Ticarət Odası İdarə Heyətinin üzvü Münir Üstün iştirak ediblər.
Ölkəmizdən nəşriyyat rəhbərlərinin də qatıldığı tədbirdə fikir mübadiləsi aparılıb, bu sahədə mövcud vəziyyət təhlil edilib və gələcək perspektivlər müəyyənləşdirilib.
Seminarın məruzəçiləri Azərbaycanda kitab sənayesinin, xüsusən nəşriyyat işinin təşkilində Türkiyə təcrübəsinin tətbiqi məsələlərinə diqqət çəkiblər.
Görüşdə həmçinin müasir kitab sənayesi işində rəqəmsallaşmanın əhəmiyyəti vurğulanıb və bu istiqamətdə təcrübə mübadiləsi barədə ətraflı müzakirələr aparılıb. (azertag)